Bank Of Baku

Azərbaycanla Qazaxıstan arasında sənədlərin imzalanması mərasimi keçirilib

Azərbaycanla Qazaxıstan arasında sənədlərin imzalanması mərasimi keçirilib
# 03 oktyabr 2009 07:20 (UTC +04:00)
Naxçıvan-APA. Dünən Naxçıvanda Azərbaycan və Qazaxıstan prezidentləri arasında təkbətək görüş keçirilib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Tərəflər yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulayıb və bu səfərin də əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi bildiriblər. Təkbətək görüş başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Nursultan Nazarbayevin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib. Görüşdə çıxış edən prezident İlham Əliyev Qazaxıstan dövlət başçısının səfərinin iki ölkə arasında münasibətlərin gələcək inkişafına çox müsbət təsir göstərəcəyinə ümidvar olduğunu deyib: “Ölkələrimiz beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyət göstərir. İkitərəfli münasibətlər çox uğurla inkişaf edir. Həyata keçirdiyimiz konkret layihələr, həmçinin gələcəyə yaxşı perspektivlər vardır. Əminəm ki, ölkəmizə səfəriniz, qəbul edəcəyimiz qərarlar və imzalayacağımız sənədlər münasibətlərimizin inkişafı, regional əməkdaşlığın möhkəmlənməsi, nəzərdə tutduqlarımızın hamısının uğurla həyata keçirilməsi üçün çox böyük praktiki əhəmiyyət kəsb edəcəkdir”.

Azərbaycan dövlət başçısına təşəkkür edən Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev qonaqpərvərlik üçün minnətdarlığını bildirib: “Həqiqətən biz buraya nazirliklərin və idarələrin rəhbərlərindən ibarət böyük nümayəndə heyəti ilə gəlmişik ki, ilk növbədə ölkələrimizin böhrana qarşı iş sahəsində təcrübə mübadiləsi aparaq, hələ həll edilməmiş məsələləri həll edək. Biz bütün zəruri əməkdaşlıq sahələrini Sizinlə ətraflı müzakirə etdik, hökumətlərarası komissiya da işlədi. İndicə mənə məruzə etdilər ki, artıq həll edilməmiş, razılaşdırılmamış heç bir məsələ qalmayıb. Qazaxıstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Sizinlə görüşlərimizin dinamikası buna dəlalət edir. Bu ənənənin əsası hələ Sizin atanız, mənim dostum və böyük qardaşım Heydər Əliyev tərəfindən qoyulub. Bizim aramızda heç bir anlaşılmazlıq, həll edilməmiş məsələ, siyasi problem olmayıb. Dörd il Bakıda olmamışam, bu gün Bakı, əlbəttə, tamamilə başqa, müasir və gözəl şəhərdir. Mən təzə paytaxt tikmiş bir adam kimi, bunun nə demək olduğunu bilirəm. Möhtəşəm iş görülüb, hətta təyyarədən baxanda Bakının sənaye görkəmi tamam başqadır”.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdən sonra prezidentlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə “Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə”, “Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum”, “Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə”ni, “Kazmunayqaz” Milli Şirkəti Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı-Qara dəniz neft kəməri üzrə əməkdaşlığa dair Niyyət Memorandumu”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 1992-1993-cü illər ərzində müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş” imzalanıb.

İmzalanma mərasimindən sonra prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev mətbuat üçün bəyanatlarla çıxış ediblər. Qazaxıstan dövlət başçısını Azərbaycan dilində salamlayan prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin əhatə dairəsinin çox geniş olduğunu bildirib: “Münasibətlərimiz inkişaf edir, çox sahələri əhatə edir və bizim bütün istiqamətlər üzrə fəxr etməyə haqqımız vardır. Siyasi münasibətlər çox yüksək səviyyədədir. İqtisadi böhrana və əmtəə dövriyyəsinin səviyyəsinin müəyyən qədər azalmasına baxmayaraq, əvvəlki illərin təcrübəsi göstərir ki, iqtisadi əlaqələr dinamik inkişaf edib və mən əminəm ki, bu müvəqqəti azalma yaxın vaxtlarda aradan qaldırılacaqdır. Xüsusən ona görə ki, bizim nəzərdə tutduğumuz və bu gün imzalanmış sənədlərdə öz əksini tapmış layihələr, ilk növbədə energetika sahəsində layihələr nəzərə alınmaqla əminəm ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin səviyyəsi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artacaqdır”.
Dövlət başçısı hər iki ölkənin energetika sahəsində müttəfiq dövlətlər olduğunu söyləyib: “Bu sahədə münasibətlərin inkişaf etdirilməsi üçün gözəl potensial imkanlar var. Əminəm ki, bu gün imzalanmış sənədlər böyük yolun yalnız başlanğıcıdır. Qazaxıstan nefti bizim ölkəmizin ərazisindən müxtəlif yollarla – həm dəmir yolu, həm də Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına nəql edilir. Gələcəkdə yeni boru kəmərlərinin, Azərbaycanın digər nəqliyyat imkanlarının işə salınması ölkələrimiz arasında daha artıq inteqrasiyaya gətirib çıxaracaq. Nəqliyyat sahəsində yaxşı perspektivlər vardır. Əminəm ki, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatandan sonra bizim Qazaxıstandakı dostlarımız da bu dəmir yolundan istifadə etmək imkanına malik olacaqlar. Bu yol, sözün geniş mənasında, Avropanı Asiya ilə birləşdirəcək”.
Dövlət başçısı iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi, habelə Xəzərdə, Qafqaz regionunda səmərəli əməkdaşlıq üçün əlverişli mühit yaradılması, təhlükəsizlik tədbirlərinin və qarşılıqlı etimadın möhkəmlənməsi sahəsində göstərdiyi səylərə görə Qazaxıstan prezidentinə minnətdarlıq edib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfərə dəvət olunduğuna görə dövlət başçısına minnətdarlıq edib: “Qazaxıstanın bir sıra nazirlərindən, müvafiq şirkətlərin rəhbərlərindən ibarət sanballı nümayəndə heyəti səmərəli danışıqlar aparıb. Hökumətlərarası komissiyanın birgə iclası keçirilib, gündəlikdə nəzərdə tutulan bütün məsələlər üzrə uğurlar əldə edilib, sənədlər imzalanıb. Nəticədə biz energetika sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlmişik. Azərbaycanın neft-qaz infrastrukturundan istifadə edilməsinə, ölkələrimiz arasında nəqliyyat kommunikasiyalarına, neftin emal edilməsi üzrə birgə iş və kadrların hazırlanması sahəsində təcrübə mübadiləsinə, araşdırmalara, gələcək hasilata və nəqletməyə dair sənədlər imzalanıb. Bunlar bizim əməkdaşlığımızın əsas hissəsidir. Bundan əlavə, biz kənd təsərrüfatında – həm baytarlıq sahəsində, həm də qarşılıqlı malgöndərmələr üzrə əməkdaşlıq haqqında razılıq əldə etmişik. Qazaxıstan ərzaq taxılı satmaqda maraqlıdır. Biz ölkəmizin Xəzəryanı regionlarının faraş tərəvəz və meyvə ilə təchiz olunmasında maraqlıyıq. Biz hərbi-siyasi əməkdaşlıqda, dənizçi kadrların Azərbaycan məktəblərində təhsil almasında və əlbəttə, mədəni-humanitar əlaqələrdə maraqlıyıq. Hər halda Qazaxıstan vətəndaşları olan 100 mindən çox azərbaycanlı bizim ölkədə yaşayır, işləyir, öz həyatlarından razıdırlar. Bu, ölkələrimiz arasında əməkdaşlıq üçün bir körpüdür”.
Qazaxıstan prezidenti hər iki ölkənin dünya siyasəti məsələlərində vahid mövqedən çıxış etdiyini deyib: “Biz Birləşmiş Millətlər Təşkilatının mövqeyinin möhkəmlənməsinə, beynəlxalq qanunvericiliyə riayət edilməsinə tərəfdarıq. Biz terrorizmin, ekstremizmin hər hansı təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq edirik. Biz həmişə mövcud sərhədlərin toxunulmazlığından, dövlətlərin suverenliyindən danışırıq. Bu zəmində deyə bilərik ki, biz həqiqətən, təkcə tərəfdaşlar deyil, həm də bütün istiqamətlər üzrə müttəfiqlərik. Əminəm ki, bizim münasibətlərin çox böyük perspektivləri var. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi böhranla əlaqədar bir qədər azalsa da, 670 milyon dollara çatıb. Bu, hələ son hədd deyil. Bizim bu vəziyyəti düzəltməyə imkanımız vardır. Əminəm ki, bu səfər, razılaşmalarımız əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR