Bank Of Baku

Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu və hüquq siyasəti Komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu və hüquq siyasəti Komitəsinin növbəti iclası keçirilib
# 05 oktyabr 2009 14:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu və hüquq siyasəti Komitəsinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Prokurorluq haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə layihə müzakirə edilib.

Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti şöbəsinin sektor müdiri İlqar Cəfərov layihə ilə bağlı məlumat verib. O, qanuna bir sıra yeni anlayışların, terminlərin daxil edildiyini, xatirə medalı və nişanların təsis edilməsi, prokurorların səlahiyyət müddəti ilə bağlı təkliflərin irəli sürüldüyünü bildirib. Prokurorların səlahiyyət müddəti ilə bağlı məsələyə gəldikdə qanunun 4.16-cı maddəsinə də (“Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilə bilməz. Ərazi və ixtisaslaşdırılmış prokurorlar eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməz”) dəyişiklik edilib. .

Təklif olunan variantda 16-cı maddəyə “Ərazi və ixtisaslaşmış prokurorlar bir qayda olaraq həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər” şəklində dəyişiklik təklif olunur. İ. Cəfərov bildirib ki, əvvəlki maddə ilə müqayisədə yeni varianta yalnız “bir qayda olaraq” ifadəsi əlavə edilib.

İclasda həmçinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara əlavə və dəyişikliklə bağlı qanun layihələri müzakirə olunub.

Millət vəkilləri Fəzail Ağamalı, Mübariz Qurbanlı, Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev və digərləri layihəni dəstəklədiklərini və bunun prokurorların fəaliyyətinin təkmilləşdirilməsi baxımından faydalı olduqlarını bildiriblər.

Komitənin sədri Əli Hüseynov ölkədə prokurorluq sisteminin təkmilləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini bildirib.

İclasda “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi də müzakirə edilib. 5 fəsil, 25 maddədən ibarət olan layihədə məhkəmələrin şəffaflığını təmin etmək məqsədi ilə məhkəmə orqanlarının görəcəyi işlər öz əksini tapıb. Məhkəmə barədə ictimaiyyətə informasiya verilməsinin təşkili, internet saytlarda yerləşdirilməsi, informasiyaların düzgünlüyü tələbləri qeyd olunub.

Komitənin sədri Əli Hüseynov bir sıra hallarda mətbuatda məhkəmə prosesləri ilə bağlı yazılanların məhkəməyə təsir kimi qəbul olunduğunu qeyd edib: “Telekanalların birində isə məhkəmə ilə bağlı verilişin aparıcısı qeyri-peşəkarlığına görə vaxtilə məhkəmə sistemindən uzaqlaşdırılmış şəxsdir. Amma indi o məhkəmə prosesinin təşkili qaydaları ilə bağlı televiziyada dərs keçir”.

Millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, qanun məhkəmə sisteminin şəffaflığına yönəlsə də, bu sahədə olan problemləri tam aradan qaldırılmayacaq: “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bununla bağlı qanun layihəsi hazırlayıb və parlamentə təqdim edib. Biz Məhkəmə Şurasının yaradılmasını təklif edirik. Məhkəmə sistemində ciddi islahatların aparılmasını istəyiriksə, bu proses Məhkəmə-Hüquq Şurasından başlanmalıdır”.

F. Ağamalı isə layihənin 14-cü maddəsində cinsi azadlıqlarla bağlı məhkəmə informasiyalarının gizli saxlanılması haqda olan tələbə etiraz edib: “Əgər kişi qadın paltarı geyinirsə və bununla bağlı informasiyalar gizli saxlamaq tələb olunursa, mən bunu əleyhinəyəm”.

Müzakirələrdən sonra adıçəkilən əlavə və dəyişiklikləri, qanun layihəsi parlamentin plenumuna çıxarılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR