Bank Of Baku

Prezidenti İlham Əliyev paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Prezidenti İlham Əliyev paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub
# 07 oktyabr 2009 16:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Filarmoniya bağında aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısına 1830-cu ildə İçərişəhərin qala divarına bitişik ərazidə salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan Filarmoniya bağının maraqlı tarixi barədə məlumat verilib. XIX əsrin əvvəllərində Bakının komendantı İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoyub. Gətirilən torpağın tökülüb yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilib, beləliklə də bağ şəhərin “yaşıl adası”na çevrilib. XIX əsrin 60-70-ci illərində bu bağın ərazisi xeyli genişləndirilib. Ötən əsrin əvvəllərində isə Şəhər Dumasının qərarı ilə bu ərazidə indiki Filarmoniya binasının tikilməsi o vaxtlar Qubernator bağı adlanan istirahət guşəsinin şöhrətini daha da artırıb, əraziyə xüsusi yaraşıq verib. Sahəsi 4,6 hektar olan bu bağ əvvəlcə Qubernator, sonra Mixaylov bağı adlanıb. O vaxtlar da bu bağa digərlərindən daha çox diqqət və vəsait ayrılıb.

Bağ salınandan sonrakı dövrdə ilk dəfə burada abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib. Bundan əlavə, ərazidə uzun müddət zövqsüz iaşə obyektlərinin inşası bağın təyinatını da dəyişib. 2007-ci ilin mayında əraziyə gələn dövlət başçısı burada abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlar verib. Prezident İlham Əliyev mütəmadi olaraq əraziyə gələrək işlərin gedişi ilə maraqlanıb, yenidənqurma prosesinin orijinal üslubun saxlanılmaqla həyata keçirilməsinin vacibliyini bildirib. Bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub, XIX əsr paytaxt memarlığının Qərb meyllərinin Şərq üslubu ilə uzlaşdırılması bağın dizaynına xüsusi yaraşıq verib. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanılıb, yenidənqurma mərhələsində yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bağın bədii tərtibatı xüsusi diqqətdə saxlanılıb. Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb.
Fransanın “İnter Art” şirkətinin məxsusi olaraq layihələndirdiyi bağda orijinal formada tikilən fəvvarə Bakıda ilk dəfə məhz burada yerləşdirilib. Fəvvarə və onun arxasındakı memarlıq tikilisi həm dizaynına, həm də koloritinə görə, Bakının nostalji hissləri doğuran elementlərinin bir yerdə cəmləşdiyi məkan kimi diqqəti çəkir. Bağda yeni ağaclar əkilib, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndiriləcək.

Dövlət başçısına və xanımına bağda bərpa və yenidənqurma işləri ilə yanaşı, arxeoloji qazıntılar aparıldığı barədə də məlumat verilib. Ərazidə İçərişəhərin ikinci qala divarı və qala qapısı da aşkarlanıb. Bağla tanışlıqdan sonra prezident İlham Əliyev burada yenidənqurma işlərinə cəlb olunmuş Fransanın “İnter Art” şirkətinin nümayəndələri ilə görüşüb, işləri yüksək səviyyədə yerinə yetirən mütəxəssislərə uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR