Bank Of Baku

“İkili standartlar: Azərbaycanlı məcburi köçkün və qaçqınlar beynəlxalq təşkilatlarda” mövzusunda dəyirmi masa keçirilib

“İkili standartlar: Azərbaycanlı məcburi köçkün və qaçqınlar beynəlxalq təşkilatlarda” mövzusunda dəyirmi masa keçirilib
# 08 oktyabr 2009 10:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunda “İkili standartlar: Azərbaycanlı məcburi köçkün və qaçqınlar beynəlxalq təşkilatlarda” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə akademiyanın əməkdaşları ilə yanaşı, bəzi dövlət qurumlarının nümayəndələri və ekspertlər də iştirak edib.

İnstitutun direktor əvəzi Aytən Mustafayeva bildirib ki, rəhbərlik etdiyi qurum məcburi köçkünlərin hüquqları ilə bağlı silsilə tədbirlər keçirmək niyyətindədir. Bu dəyirmi masanın ilkin addım olduğunu deyən direktor əvəzi, gələn ilin martında bununla bağlı beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. A. Mustafayevanın fikrincə, ən böyük problem qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasıdır: “Bu problem dəfələrlə qaldırılıb və artıq beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyi və bir milyon məcburi köçkünün olması ifadələrinə alışıblar. Onlar artıq bu problemə reaksiya vermirlər və bir milyon insanın hüquqlarının pozulması ilə barışıblar. Məcburi köçkünlükdən sonra dünyaya gələn nəsil artıq böyüyüb, onlar öz torpaqlarında doğulmayıblar və öz torpaqlarını tanımırlar. Bu, böyük bir mənəvi problemdir”.

Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin aparat rəhbəri Telman Məmmədov isə Azərbaycanda məcburi köçkünlərin sosial həyatı ilə bağlı kifayət qədər hüquqi baza yaradıldığını vurğulayıb: “İndiyə qədər bununla bağlı 65 prezident fərmanı imzalanıb, Milli Məclis 25 qanun, Nazirlər Kabineti 270-dən çox qərar qəbul edib. Amma beynəlxalq konvensiyalarda məcburi köçkün anlayışı yoxdur. Azərbaycan tərəfi bu terminin konvensiyalara salınması üçün dəfələrlə müraciət edib, amma hələ də konkret addım atılmayıb”.

Dəyirmi masada məcburi köçkünlərin hüquqlarının tanınması ilə bağlı beynəlxalq təşkilatlara və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR