Bank Of Baku

“Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yox deyək! Türkiyə, Azərbaycanı itirmə!” mövzusunda konfrans keçirilib

“Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yox deyək! Türkiyə, Azərbaycanı itirmə!” mövzusunda konfrans keçirilib
# 16 oktyabr 2009 11:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Milli QHT Forumu (MQF) “Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yox deyək! Türkiyə, Azərbaycanı itirmə!” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, MQF prezidenti Rauf Zeyni bir müddət əvvəl Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Türkiyədə olduğunu və görüşlər keçirdiyini xatırladıb. O bildirib ki, Türkiyədə görüşdükləri ictimaiyyət nümayəndələri Azərbaycanın maraqlarına zidd olan addımların atılmasının mümkünsüzlüyünü bəyan ediblər: “Amma Ermənistanla Türkiyə arasında sərhədlərin açılması barədə protokollar imzalandı. Biz Türkiyənin daxili işinə qarışmaq fikrində deyilik. Lakin bu sənədlərdə Azərbaycanın maraqlarına zidd olan məqamlar var və biz buna etiraz edirik”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə Türkiyənin əleyhinə kampaniya aparmadıqlarını deyib: “Amma Qarabağ müharibəsinə görə Ermənistanla sərhədləri bağlayan yeganə dövlət Türkiyə olub. Qarabağ Azərbaycandan çox Türkiyənin məsələsidir. Çünki ermənilər Qarabağı Azərbaycana görə yox, Türkiyəyə görə işğal ediblər. Bunu Türkiyə ictimaiyyəti də yaxşı bilir”. T. Rüstəmxanlı hazırda Azərbaycanla Türkiyənin həssas bir məqamda olduğunu deyib.

Türkiyəyə səfərdən qayıtmış hüquq müdafiəçisi Çingiz Qənizadə isə görüşdüyü bütün şəxslərin sərhədlərin açılmasının əleyhinə olduğunu vurğulayıb. Digər hüquq müdafiəçisi Novella Cəfəroğlu konfrans adından Milliyyətçi Hərəkat və Cümhuriyyət Xalq partiyalarına Azərbaycanın mövqeyini müdafiə etdikləri üçün təşəkkür məktubu yazmaq təklifi irəli sürüb: “Bu məsələdə daha çox beynəlxalq təşkilatları günahlandırmaq lazımdır. Protokollar imzalanarkən Hillari Klinton və Sergey Lavrov Türkiyə və Ermənistan xarici işlər nazirlərinin başının üstündə dayanmışdılar. BMT Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib, həmin şəxslər nəyə görə Ermənistanın başının üstündə dayanmırlar ki, bu qətnamələr yerinə yetirilsin?!”

Konfransda digər QHT rəhbərləri də çıxış ediblər. Sonda konfrans adından Türkiyədə fəaliyyət göstərən QHT-lərə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR