Bank Of Baku

Baş nazirin müavini Əli Həsənov: “Azərbaycan yalnız özünə güvənməlidir”

Baş nazirin müavini Əli Həsənov: “Azərbaycan yalnız özünə güvənməlidir”
# 21 oktyabr 2009 13:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Türkiyə ilə Ermənistan arasında gedən son müzakirələrdən məyus olub əl-qolu yana salmaq lazım deyil. Bu məsələlərdən bəhrələnib daha mübariz, daha diqqətli olmaq lazımdır. Kiməsə güvənmək lazım deyil. Bu bir daha göstərir ki, dünyada nəinki ikili standartlar, həm də çoxşaxəli standartlar var. Bu halda biz özümüzə, dövlətimizə, xalqımıza və prezidentimizə güvənməli, iqtisadi və müdafiə gücümüzü artırmalıyıq”. APA-nın məlumatına görə, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, son siyasi oyunlardan kimin bəhrələnəcəyini demək mümkün deyil: “Hansısa ölkə hesab edirsə ki, bu proseslərdən bəhrələnəcək, yanlış düşünür. Bu proseslərdə kimsə nəyisə qurban verir. Ona görə də dövlətimiz öz iqtisadi gücünü daha da artırmalıdır”.

Ə. Həsənov Bursa stadionuna Azərbaycan bayraqlarının buraxılmaması ətrafında baş verən hadisələrə də münasibət bildirib: “Təbii ki, mən yalnız məcburi köçkünlərin münasibətini bildirə bilərəm. Bayrağımızın Türkiyədə qutulara atılması hər bir Azərbaycan vətəndaşını narahat edir. Bizim dövlət atributumuzun o günə salınması çox xoşagəlməz haldır. Ümumiyyətlə, Türkiyə dövləti öz milli atributu olan bayrağa çox ciddi münasibət bəsləyir. Biz də bayrağımıza elə yanaşırıq”.

Ə. Həsənov bu proseslərdə üçüncü qüvvələrin maraqlı olduğunu istisna etməyib: “Məsələ burasındadır ki, Türkiyə tərəfi bu barədə heç bir açıqlama da vermədi. Yaxşı olardı ki, bu hadisənin necə baş verdiyini izah edəydilər, ya üzr istəyəydilər. Bu baş vermədi. Bu da təəssüfedici haldır. Bizi maraqlandıran qonşu dövlətin necə hərəkət etməsi, hansı addımı atması deyil. Güman edirəm ki, Azərbaycan tərəfi son zamanlar gedən proseslərdən heç nə uduzmayacaq, əksinə udacaq. Ona görə udacağıq ki, belə məsələlər gözümüzü bir daha açır. Bir daha əmin oluruq ki, dünyada çox böyük ədalətsizliklər var. Ona görə də bizim hamımız bu məsələlərə daha diqqətli olmalıyıq və yalnız özümüzə güvənməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR