Bank Of Baku

Arif Hacılı: “Qarabağ və Respublika Uğrunda Hərəkat mövcud deyil”

Arif Hacılı: “Qarabağ və Respublika Uğrunda Hərəkat mövcud deyil”
# 22 oktyabr 2009 13:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qarabağ və Respublika Uğrunda Hərəkatın fəaliyyətini davam etdirmək şansı Müsavat Partiyasının əlindədir. Bu problemi kim yaradıbsa, o da həll edə bilər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, bu hərəkatın böhran vəziyyətinə düşməsinə yalnız Müsavat Partiyası cavabdehdir: “Bizim burada deyə biləcəyimiz bir şey yoxdur. Biz nə şərt qoymuşuq, nə də şərt qoyulan tərəfik. Bu süni problemi Müsavat yaradıb. Ümid Partiyasına qarşı irəli sürülən şərtin Azərbaycan xalqına, qarşıdan gələn seçkilərə heç bir aidiyyəti yoxdur. Bunu nə qədər əsaslandırmağa çalışsalar da, doğru deyil. Bu, sadəcə olaraq intriqadır”. Partiya sədri bildirib ki, hazırda hərəkat böhran vəziyyətindədir və bu böhranı yaradanların demokratik düşüncəsi yoxdur: “Amma demokratik düşüncə olsaydı, təbii ki, biz qarşıya çıxan maneələri də çox asanlıqla dəf edə bilərdik”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, onlar irəli sürülən şərtin mahiyyətini hərəkatda olan digər partiyalar üçün kifayət qədər izah ediblər: “Başa düşməyənlər üçün də bu təklifin mahiyyətini təkrar-təkrar izah etmişik. Amma başa düşmək istəməyənlərə əlavə izahat verməyə ehtiyac duymuruq. Hərəkatın taleyinə gəldikdə, faktiki olaraq bu qurum mövcud deyil və fəaliyyət göstərmir. Müsavat Partiyası olaraq biz ADP də daxil olmaqla, “Azadlıq” blokunda olan partiyalarla bundan sonra əməkdaşlıq, müttəfiqliklə bağlı müzakirələrə başlamağa hazırıq. Bu fikrimizi siyasi partiyaların diqqətinə çatdırmışaq”.

A. Hacılı faktiki olaraq Qarabağ və Respublika Uğrunda Hərəkatın artıq mövcud olmadığını vurğulayıb.

Qeyd edək ki, hərəkata Müsavat, Demokrat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Ümid və Liberal partiyaları daxil idi. Qurum Azərbaycanda martın 18-də keçirilən referendumla bağlı bu il yanvar ayında yaradılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR