Bank Of Baku

Millət vəkilləri parlamentin iclasında cari məsələlərlə bağlı çıxış ediblər

Millət vəkilləri parlamentin iclasında cari məsələlərlə bağlı çıxış ediblər
# 27 oktyabr 2009 10:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin (MM) payız sessiyasının bu gün keçirilən iclasında millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. APA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva Azərbaycanda ürək qüsuru olan 12 minə yaxın uşaq olduğunu bildirib. Deputat onların əməliyyatı üçün minimum 5 min manat, bəzən isə 10 min manata kimi vəsait lazım olduğunu deyib. Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev Fondu yüzlərlə belə uşaqları əməliyyat etdirib: “Ancaq bu işə dövlət vəsaiti lazımdır. Yaxşı olar ki, gələn ilin dövlət büdcəsində bu məsləyə xüsusi diqqət ayrılsın”.

Spiker Oqtay Əsədov büdcə layihəsinin bütün deputatlara paylandığını, yaxın günlərdə müzakirəyə çıxarılacağını bildirib. O büdcəyə təkliflərin müzakirələr zamanı təqdim olunmasını məqsədəuyğun sayıb.

Deputat Əhəd Abıyev isə çıxışında Azərbaycan-Türkiyə münasibətləri barədə danışıb: “Gözə görünməyən qüvvələr Dağlıq Qarabağla bağlı Azərbaycana təzyiq edir, torpaqların azad olunmasına mane olurlar. Türkiyə hakimiyyəti də həmin qüvvələrə dəstək verir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan burada bizə söz verdi, amma onun vədləri bizdə şübhə doğurur. Ortada bir türk xalqı var, biz türk xalqına inanırıq. Bizim qardaşlığımız əbədidir”.

O. Əsədov bu gün Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin bu gün Azərbaycana səfərə gələcəyini xatırladaraq “Rəcəb Tayyib Ərdoğan sözünü deyib. Artıq bu məsələ ilə bağlı əlavə müzakirəyə ehtiyac yoxdur” deyib.

Millət vəkili Pənah Hüseyn isə bütün dünyada “donuz qripi”nə qarşı mübarizə aparıldığını, Azərbaycanda da bu işə ciddi yanaşılmasının vacib olduğunu açıqlayıb. Deputat həmçinin Bakıdan sonra Göyçay və Şamaxıdakı türk şəhidliklərində Türkiyə bayraqlarının götürüldüyünü qeyd edərək xarici ölkələrin bayraqlarından istifadə barədə qanuna dəyişiklik olunmasını təklif edib.

Deputat İkram İsrafil Sumqayıtda “Azərkimya” Dövlət Şirkətinin əməkdaşlarının 3 aydır əməkhaqqı almadıqlarını bildirib və spiker O. Əsədovdan bu məsləyə müdaxilə etməsini xahiş edib. İ. İsrafil eyni zamanda qarşıdan bələdiyyə seçkilərinin gəldiyini, ölkədə normal bir seçki keçirilməsini vacibliyini deyib. Spiker seçkilərin normal keçəcəyini, narahatlıq üçün əsas olmadığını bildirib.

Deputat Fazil Mustafa bankomatların fəaliyyətində problemlər olduğu deyib: “Təqaüdçülər çox zaman pulları bankomatlardan tam çıxara bilmirlər. Həm də Azərbaycanda bankomatların sayı azdır, onların çoxaldılmalıdır”.

Millət vəkili Elmira Axundova isə deputatlara ikinci köməkçi verilməsi təklifi ilə çıxış edib.

Deputat Siyavuş Novruzov bələdiyyə seçkilərinə az vaxt qaldığını, Müsavat və digər müxalifət partiyalarının isə namizədlər irəli sürmədiyini bildirib: “Belə vəziyyətdə onlar necə qələbə çalmaq istəyirlər?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR