Bank Of Baku

Azərbaycan prezidenti İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
# 29 oktyabr 2009 14:07 (UTC +04:00)
İsmayıllı-APA. Azərbaycan prezidenti İlham Əliyev İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, İsmayıllı Olimpiya-İdman Kompleksi ilə tanış olub. Prezidentə məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən inşa olunmuş kompleksin tikinti işlərinə “Asnaf” sənaye-tikinti şirkəti tərəfindən 2007-ci ildə başlanılıb. Ümumi sahəsi 7,5 hektar olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbənin foyesində Heydər Əliyevin və prezident İlham Əliyevin idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən guşə yaradılıb. Bu mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 510 tamaşaçı yerlik idman zalı, məşqçi, həkim və digər otaqlar var. İkinci mərtəbədə trenajor və cüdo zalları, habelə ən müasir avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana, inzibati və digər yardımçı otaqlar yerləşir. Prezident İlham Əliyev idman zalında idmançıların çıxışlarını izləyib. Ərazi ilə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, 900 yerlik süni örtüklü futbol meydançası, 191 yerlik üzgüçülük hovuzu, 2 tennis kortu, kotteclər, basketbol və voleybol meydançaları, avtomobil dayancağı inşa olunub, abadlıq və yaşıllaşdırma işləri aparılıb. Olimpiya-İdman Kompleksi İsmayıllı rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Qeyd edək ki, Azərbaycanda təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin açılışı olub. Hazırda 20-dən çox kompleksin inşası davam etdirilir.

Azərbaycan prezidenti həmçinin İsmayıllıda “Cavanşir Qala” beşulduzlu
mehmanxana kompleksinin tikintisi ilə tanış olub. Dövlət başçısına tikintinin gedişi barədə məlumat verilib. Talıstan kəndi ərazisində yerləşən 40 hektar sahədə “Cavanşir Qala” mehmanxana kompleksinin tikintisinə 2008-ci ildə başlanılıb. Cavanşir qalasının qalıqlarının yaxınlığında yerləşən kompleks 11 mərtəbəli əsas korpusdan ibarətdir. Kompleks 180 adi və lyuks otaq, 500 nəfərlik konfrans mərkəzi, 2 əsas restoran, qapalı və açıq hovuz, idman zalı, vitamin-bar və digər məişət xidmətləri göstərən obyektlərdən ibarət olacaq. Əsas binanın ümumi tikinti sahəsi 20 min kvadratmetr təşkil edir. Hazırda əsas korpusun 7-ci mərtəbəsi inşa edilir. Layihənin ikinci mərhələsində kotteclər kompleksi, üç və dördmərtəbəli istirahət kompleksləri, idman-sağlamlıq meydançaları, uşaq əyləncə mərkəzləri, açıq teatr, qolf klubu və digər istirahət-xidmət sahələrinin inşası nəzərdə tutulur. Prezident İlham Əliyev tikinti işləri ilə bağlı tövsiyələrini verib, inşaatçılara uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR