Bank Of Baku

ADP sədri: “Azadlıq” blokunun müxalifətin sərhədlərini müəyyənləşdirməsi ilə bağlı müzakirələr qeyri-ciddi və mənasız hərəkətdir” - MÜSAHİBƏ

ADP sədri:  “Azadlıq” blokunun müxalifətin sərhədlərini müəyyənləşdirməsi ilə bağlı müzakirələr qeyri-ciddi və mənasız hərəkətdir” - <font color=red>MÜSAHİBƏ</font>
# 01 fevral 2010 10:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya müsahibəsi

- Azərbaycanda parlament seçkiləri ilində müxalifət partiyalarının iştirakı ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bu təklifləri necə qiymətləndirirsiniz?

- Bu tamamilə normal bir haldır ki, problemin həllində alternativ ideyalar meydana çıxır. Demokratiya məhz alternativlik üzərində qurulmuş həyat tərzidir. Normal alternativ ideyaların meydana çıxması və siyasi reallıq hansı ideyanın tətbiqinə imkan verəcəksə, o ideya da reallaşacaq. Amma mən açığı deyim ki, təkliflərin iki səbəbi var. Bunlardan biri təşəbbüsü ələ almaq cəhdi, ikincisi həqiqətən də müxalifətin birliyinə nail olmaqdır. Birinci cəhd əlbəttə arzuolunmaz və təhlükəlidir. Bu ona rəvac verər ki, hər bir partiya müxalifətin birləşdirilməsi üçün müxtəlif təkliflər irəli sürə bilər, amma ortalıqda heç nə ola bilməz. Ona görə də çalışmaq lazımdır ki, təşəbbüslər o qədər də paralelləşməsin. Təbii ki, təşəbbüsü irəli sürən partiyaların nüfuzundan çox şey asılıdır. Ona görə də çalışmalıyıq ki, ən nüfuzlu partiyanın, liderin dəstəyi və təşəbbüsü ilə bu ideyanın reallaşmasına cəhd edək.

- Amma kifayət qədər fərqli və bir-birinə zidd olan təkliflər var...

- Təbii ki, biz burada məsələləri tapmaca ilə həll edə bilmərik. Hər bir qüvvə konkret olaraq nə üçün təklif etdiyi formatı irəli sürür, bunu izah etməlidir. Bu sadəcə “mən bunu istəyirəm ” prinsipi ilə həll oluna bilməz. Azərbaycanda biz həqiqətən də istəyiriksə ki, təşəbbüsümüz hansısa bir nəticəyə gətirib çıxarsın, birinci növbədə nəzərə almalıyıq ki, təklifimiz nə dərəcədə Azərbaycan reallıqlarına uyğundur. Digər tərəfdən isə bu partiyaların birləşməsi nə dərəcədə o qüvvələrin gücünü artıracaq. Yaranacaq hansısa birlik mövcud gücü belə zəiflədə bilər. Bu baxımdan ciddi şəkildə düşünməyimizə ehtiyac var. Mən belə hesab edirəm ki, birinci növbədə biz prinsipləri müəyyən etməliyik. Bu prinsiplərdən biri əvvəlki təcrübənin nəzərə alınmasıdır. Biz əvvəlki təcrübəyə baxanda görürük ki, indiyə qədər Azərbaycan siyasi tarixində mövcud ictimai-siyasi birliklər içərisində ən effektivi “Azadlıq” bloku - Müsavat, AXCP və ADP-nin birliyi olub. Ən azı hökumət özü 5-6 mandatla bunu etiraf edib. Amma əlimizdə olan məlumatlara görə, parlamentin 60 faiz yerini qazanmışdıq. Digər tərəfdən, bu qüvvələrin ideoloji yönlərini nəzərə almalıyıq. Əgər bu qüvvələrin biri millətçi, biri islamçı, biri demokrat o biri sosialistdirsə, onların bir blokda olması mümkün deyil. Başqa bir tərəfdən təşkilatlanma səviyyəsi nəzərə alınmalıdır. Yoxsa bir partiyanın cəmi bir rayon təşkilatı varsa, onunla necə iş qurmaq olar? Yəni ümumrespublika statusuna qalxmayan təşkilatları bura qatmaq olmaz. Bu baxımdan bu üç prinsipi ortaya qoyanda yaranan mənzərə budur ki, “Azadlıq” bloku, DUİ, Müsavat, ADP, Ümid və AMİP bir yerdə olacağı təqdirdə ondan kənarda müxalifət qalmır. Mənim gördüyüm çərçivə budur. Yəni kimsə deyirsə ki, vahid müxalifət cəbhəsi yaradaq, ora bu qüvvələr daxil olmalıdır.

- Hazırda aparılan müzakirələrdə sizin qeyd etdiyiniz bu prinsiplər nə dərəcədə nəzərə alınır?

- Çox təəssüf ki, nəzərə alınmır. Məsələn, Müsavat Partiyası təklif edir ki, AXCP ilə birgə ittifaq yaratsın. Burada daha çox qrup marağı əsas götürülür. Yəni daha çox namizəd verib, daha çox yer tutsunlar. Başqa bir partiya başqa bir niyyət güdür. Mənə elə gəlir ki, burada hansısa partiyanın liderinin maraqlarını əsas götürməməliyik, ümumilikdə müxalifət cəbhəsinin maraqlarını əsas götürməliyik. Müxalifət cəbhəsinin marağı da tələb edir ki, real müxalifət bir yerdə olsun.

- Belə bir məqamda “Azadlıq” bloku daxilində müxalifətin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr başlayıb. Bu müzakirələrə münasibətiniz necədir?

- Bu o qədər qeyri-ciddi, o qədər mənasız bir hərəkətdir ki, vallah gülüş doğurur. Əvvəla kim müxalifətin sərhədlərini müəyyənləşdirir? Belə çıxır ki, sən özünü əvvəlcədən özünü yeganə müxalifət elan edirsən, müxalifətin eksperti kimi təqdim edirsən, ondan sonra başlayırsan ki, başqalarının da müxalifət olub-olmaması barədə çərçivə cızırsan. Yəni bunu yalnız özünə görə müəyyən edirsən. Özünə oxşayanları müxalifət adlandırırsan, oxşamayanları yox. Bu yanlış bir şeydir. Biz müxalifəti kim “mən müxalifətəm” deyirsə, ona görə müəyyənləşdirməliyik. Kimsə yalançı kriteriyalarla müxalifət müəyyənləşdirə bilməz. Əvvəla, heç kəs əbədi müxalifət, əbədi iqtidar deyil. Hətta istənilən qüvvə bu gün müxalifətdirsə, sabah iqtidar olmaq uğrunda vuruşur. Müxalifətçilik əbədi bir şey deyil ki, kiminsə üzərinə yarlıq kimi bu ad vurulsun. Müxalifətçilik konkret bir sərhəd deyil, bu bir palitradır, onun müxtəlif rəngləri var, iqtidara yaxınlıq və uzaqlığına görə. Bu çox yanlış bir şeydir ki, biz müxalifətin sərhədlərini o qədər daraldırıq ki, özümüz istəsək də, istəməsək də müəyyən qədər gücü müxalifətdən kənara atırıq və bu ağılsızlıqdan başqa bir şey deyil. Ermənilər gedib bir adam axtarırlar ki, onun qonşusu erməni olsun və həmin şəxsi erməni elan etsinlər. Bizdə belədir ki, axtarırıq kiminsə xalasının bacanağının baldızı ermənidirsə deyirik “yox əşi bunda erməni qanı var”. Müxalifətdə də eyni təfəkkürdür. Kiminsə iqtidarda dostu varsa, arada səmimi bir münasibət varsa, yaxud iqtidarı küçə söyüşü ilə söymürsə, deyirlər “yox bu müxalifət deyil”. Bu cəhdləri mən zərərli, lazımsız və qeyri-ciddi hesab edirəm.

- Aparılan bu müzakirənin nəticəsindən nə gözləyirsiniz?

- Heç bir şey gözləmirəm. Qeyri-ciddi məsələnin müzakirəsi də, nəticəsi də qeyri-ciddi olacaq.

- Müsavat Partiyasının başqanı İsa Qəmbərin bəzi partiyaların Rusiya, İran və hakimiyyətə işləməsi ilə bağlı çıxışı da müxalifətdaxili qarşılıqlı ittihamlara yol açdı. Bu nə qədər vacib bir məsələ idi?

- Mən, ümumiyyətlə, seçkiqabağı müxalifətin birliyinə zərər vuran yersiz diskussiyalara səbəb olan, ictimai diqqəti yayındıran istənilən müzakirənin əleyhinəyəm. Bu müzakirələrin də müxalifətə xeyrinin olacağını düşünmürəm. Kim nə deyir desin.

- Ümumiyyətlə, müxalifət daxilində İran və Rusiya xüsusi xidmət orqanlarına və hakimiyyətə işləyən qüvvələrin olduğunu düşünürsünüzmü?

- Əgər kimdəsə belə bir məlumat varsa, bu, casusluqdur. Bu dövlətin əleyhinə olan bir fəaliyyətdir. Kiminsə bundan xəbəri varsa və ən azı ictimai səviyyədə bunu demirsə, bunun özü artıq başqa bir səviyyədə dövlətə xəyanətin bir formasıdır. Şəxsən mən bilsəm ki, bu gün hansısa bir qüvvə İrana işləyir, bu barədə MTN-ə yazıb tədbir görülməsini istəyərəm. Dəfələrlə hansısa partiyaların dövlətin əleyhinə işləyən fəaliyyəti olub və mən bununla bağlı açıq şəkildə bəyanatla dövlət qurumlarına müraciət etmişəm. Yəni vətəndaş kimi öz mövqeyimi açıq ifadə etmişəm. İndi sual olunur, əgər Müsavat Partiyasının başqanında və yaxud başqasında belə bir məlumat varsa ki, kimsə xarici dövlətə işləyir və onunla bağlı heç bir tədbir görmürsə, o da eyni qaydada həmin xarici qüvvəyə işləmiş olur. Amma mən hesab edirəm ki, bunlar siyasi konyunkturadır, real əsası olmayan fikirlərdir, ona görə də müraciət etmirlər. Onlar özləri də bilirlər ki, bunlar ciddi söhbətlər deyil. Sadəcə bunu siyasi təbliğatın bir elementi kimi ortaya atıblar.

- Yəni Azərbaycanda xaricə işləyən müxalifət partiyası yoxdur?

- Azərbaycanda rəsmən siyasi səhnədə Rusiyanın, İranın marağına xidmət edən heç bir qüvvə yoxdur. O başqa məsələdir ki, kimsə İrandakı kimi Azərbaycanda da dini dövlət qurulmasını istəyir, kimsə Rusiyaya yaxınlaşmasını istəyir. Hansısa dövlətə yaxın olmağın özü siyasi xətdir. Bunu Rusiyaya işləmək kimi dəyərləndirmək olmaz. Ona görə də bu fikirləri yanlış hesab edirəm. İşləmək o deməkdir kir, partiya kimlər tərəfindənsə maliyyələşir, konkret tapşırıqlar alır və həmin tapşırıqlar da Azərbaycan dövlətçiliyinin əleyhinə olur. Sovet hökumətində də belə idi ki, kommunizm ideologiyasından başqa bir ideologiyaya müsbət yanaşmaq olmazdı. İndi də Azərbaycanda düşüncəsinə görə fərqli olanlar agent adlandırılır. Bunlar hamısı siyasi cəhətdən əsassız ittihamlardır.

- Müsavat Partiyası ilə Xalq Cəbhəsi Partiyasının parlament seçkilərinə birgə getməsi ilə bağlı təklifdən nə gözləyirsiniz?

- Müxalifət geniş çərçivədə birləşməyəcəksə, o zaman dar çərçivədə belə olsa birlik lazımdır. Bu baxımdan AXCP - Müsavat birliyi yaranacaqsa, bunu alqışlamaq lazımdır. Biz nə edək ki, bəzi qüvvələr indi müxalifətin daha dar çərçivədə sərhədlərini cızır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR