Bank Of Baku

“Səfəvilər dövləti: bütöv və qüdrətli Azərbaycan” – ARAŞDIRMA

“Səfəvilər dövləti: bütöv və qüdrətli Azərbaycan” – <font color=red> ARAŞDIRMA </font>
# 13 iyul 2010 10:49 (UTC +04:00)
Azərbaycanın dövlətçilik tarixindən danışarkən ilk növbədə Səfəvilər dövlətini xatırlamamaq mümkün deyil. 3 min illik dövlətçilik tarixində məhz Səfəvilər Azərbaycan torpaqlarını bir dövlətin tərkibində, bir bayraq altında birləşdirməyə nail olub. Nəinki Azərbaycan ərazisinə, bir sıra qonşu torpaqlara da nəzarət etməyi bacaran Səfəvilər 200 ildən artıq bir müddətdə Osmanlı dövlətindən onra bölgədə hakim-mütləq ola bilib.

Qüdrətli dövlətin yaranması

Şeyx Səfinin nəslində olan və şiə məzhəbinin yayılmasında misilsiz xidmət göstərən Şah İsmayıl Xətai 1499-cu ildə öz tərəfdarlarını toplamaq üçün hərəkətə başladı. 1500-cü ildə Ərzincana doğru hərəkət etdi. Anadolu, İraq və Suriyada olan tərəfdarları da ona qoşulduqdan sonra 1500-cü ildə 7 minlik ordu ilə Şirvana daxil oldu. Şirvanlıları məğlub edən Şah İsmayıl Bakını ələ keçirdi, 1501-ci ildə Şərur yaxınlığında Ağqoyunlu Əlvənd Mirzənin 30 minlik ordusunu dağıtdı və daha sonra Təbrizə daxil oldu. Burada Şah İsmayıl özünü Azərbaycan şahı elan etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Azərbaycan: qısa dövlətçilik tarixi” kitabında Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dövlətçiliyinin özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoyduğunu bildirir. O, Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin babasının başladığı işi başa çatdırdığını, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildiyini qeyd edir: “Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti idi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi. Şah sarayında Ali Məşvərət Məclisi və ya Ali Səltənət Şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı”.

Səfəvilər dövlətinin genişlənməsi

Sara Aşurbəyli “Azərbaycan dili və tarixi: Şirvanşahlar dövləti” kitabında yazır ki, Sultan Mahmud öldürüldükdən sonra Şeyxşah Şirvan taxtında ancaq Şah İsmayılın ali hakimiyyətini qəbul etmək və onun adından pul kəsdirməklə möhkəmlənə bilmişdi və yalnız bundan sonra o asudə hakimiyyət sürməyə başladı: “Şirvanı özünə tabe edən Şah İsmayıl Kürü keçib qışı Qarabağda keçirdi, baharda isə Təbrizə qayıdaraq, Xorasan üzərinə yeni yürüşə hazırlaşmağa başladı. Şirvana səfərindən sonra şahın uğurlarını və qələbələrini görən Şeyxşah onunla yaxınlaşmaq qərarına gəldi və xərac verməyə razı oldu”. Səfəvilərin dövründə Şirvanşahlar müəyyən məsələlərdə öz müstəqilliyini və mövcudluğunu saxlaya bildi.

1503-cü ildə Şah İsmayıl 13 minlik ordu ilə Həmədana doğru irəlilədi və Almaqulağı deyilən yerdə Ağqoyunlu Muradın qoşunları ilə döyüşə başladı. 70 minlik ordusu olmasına baxmayaraq Murad məğlub oldu. Bundan sonra qızılbaşlar həmin il Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Yəzd və Kirmanı ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-cı ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu. İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Özbək xanı Məhəmməd Xorasanı işğal etdi və şaha təhqiredici məktublar göndərərək onu hədələdi, Azərbaycana və İraqa gələcəyini bildirdi. İsmayıl isə cavabında özünün Xorasana gələcəyini bildirdi və ona əziyyət çəkməməyi məsləhət gördü. I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi və Mərv yaxınlığında Məhəmməd xanı məğlub edərək Xorasanı ələ keçirdi. Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə Azərbaycana tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi və 1512-ci ildə Qaraman və Malatyanı imperiyanın ərazisinə birləşdirdi.

Səfəvilərə qarşı yaranan birliklər

Səfəvilərin genişlənməsi və sabitliyi üçün təhlükə yalnız Osmanlı imperiyası idi. Şiə məzhəbinin yayıcısı olan Şah İsmayıl Osmanlılar üçün təhlükə hesab olunurdu. Bundan başqa Osmanlıların imperiya ərazisində qızılbaşlara qarşı təqibləri düşmənçilik hislərini daha da alovlandırmışdı. Münasibətlərin get-gedə gərginləşməsi nəhayət qoşunların üz-üzə gəlməsi ilə nəticələndi. 1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləri ilə sülh bağladı və bütün qüvvələrini Səfəvilərə qarşı səfərbər etdi. O, Ədirnədə fövqəladə divan çağırdı. Bu divanda sünni üləmalar Qızılbaşları kafir adlandırdılar və onlarla müharibənin doğru olduğuna fətva verdilər. Daha sonra I Səlimin əmri ilə Anadoluda 40-70 min arasında şiə qılıncdan keçirildi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu. Belə olduqda şah 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı. Döyüş nəticəsində Səfəvilər məğlub oldular və Osmanlılar Təbrizi tutdular. Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması Sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya silahları gətirməli olan Portuqaliya donanması İran körfəzinə hücum etdi və Səfəvilərin Hind okeanına çıxışını bağladı.

Səfəvi-Osmanlı müharibələri

Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər Dövləti” kitabında yazır ki, Səfəvi salnaməçilərinin məlumatlarına görə, Çaldıran vuruşmasında hər iki tərəfdən 5 min döyüşçü həlak olub. Onlardan 2 min nəfərinin qızılbaş, 3 min nəfərinin isə Osmanlı döyüşçüsü olduğu göstərilir: “Lakin biz bu rəqəmin düzgünlüyünə heç cür inana bilmərik. Məsələn, Şərəfxan Bitlisi yalnız qızılbaşların itkisinin 5 min nəfər süvari olduğunu göstərir ki, bu, həqiqətə daha yaxındır. Osmanlı tarixçiləri əksinə, bu rəqəmləri həddən artıq şişirdirlər. Onlardan bəziləri Osmanlıların 30-40 min nəfər, qızılbaşların isə bundan iki dəfə artıq itki verdiyini göstərirlər. Səfəvilər özlərinin bir sıra istedadlı sərkərdələrini – Məhəmməd xan Ustaclını, Sarı Piri Ustaclını, Hüseyn bəy Lələni, Xadim bəy Xüləfanı bu döyüşdə itirdilər. Osmanlı sərkərdələrindən isə Həsən Paşa, Malquçoğlu, Üveys bəy, Süleyman bəy həlak oldular”.

Ümumilikdə, Səfəvilər dövlətinin tarixində Osmanlılarla münasibət xüsusi bir xətt təşkil edir. Yalnız məzhəb ayrılığı bu iki türk dövlətinin mehriban qonşuluq şəraitində yaşamasının qarşısını alırdı. Bunun nəticəsi idi ki, ayrı-ayrı vaxtlarda bu dövlətlərin qoşunları üz-üzə gəlməli oldu. I Təhmasibin hakimiyyəti dövründə 1528-ci ildə özbəklər Xorasana hücum etdilər. Həmin il şah ordusu ilə şərqə doğru hərəkət etdi və özbəkləri Herat yaxınlığında darmadağın etdi. Şahın şərqə səfərindən istifadə edən Luristan bəylərbəyi Zülfüqar xan üsyan qaldırdı və 1528-ci ildə Bağdadı ələ keçirdi. Bununla əlaqədar şah Bağdadı mühasirəyə aldı və həmin il Bağdadı üsyançılardan təmizləyib Məhəmməd xan Türkməni Bağdad bəylərbəyi təyin etdi. 1531-ci ildə Təbriz bəylərbəyi Üləma xan Təkəli xəyanət edərək öz əsgərləri ilə Osmanlıya qaçdı. Daha sonra Üləma xan Sultan I Süleymanı Azərbaycana yürüşə təhrik etdi. 1534-cü ildə Osmanlı ordusu Azərbaycan sərhədlərini keçdi. Şah I Təhmasib Qəzvinə çəkildi və Sultanla sülh bağlamaq üçün öz elçisini göndərdi, ancaq Sultan qəbul etmədi. Qışın yaxınlaşması ilə Sultan Azərbaycanı tərk etdi və Bağdadı ələ keçirdi. Sultan 1535-ci ildə Azərbaycana daxil olub Təbrizi tutdu. Şah yenə də danışıqlar üçün cəhd etsə də, bu danışılaq nəticəsiz qaldı. Daha sonra Sultan əhalinin müqaviməti və orduda baş verən aclıq üzündən Azərbaycandan çəkildi. Bundan istifadə edən Təhmasib şah ölkənin birləşdirilməsini davam etdirmək üçün 1538-ci ildə qardaşı Əlqasın rəhbərliyi ilə 30 minlik ordunu Şirvanı tabe etmək üçün göndərdi. Əlqas 1538-ci ildə Şirvanşahlar dövlətinin bütün qalalarını ələ keçirdi, Şirvan bəylərbəyiyə çevrildi və Əlqas Şirvanın ilk bəylərbəyisi oldu. Lakin, Əlqas 1541-ci ildə qardaşına xəyanət edərək müstəqillik üçün mübarizəyə başladı. Bununla əlaqədar Şah I Təhmasib Şirvana daxil oldu və bütün qalaları tabe etdi, Əlqas isə Krima, oradan isə İstanbula qaçdı və Üləma paşayla birlikdə öz vətəninə qarşı yürüşlərdə iştirak etdi.

Gecikən sülh müqaviləsi

1548-ci ildə Sultan I Süleyman 3-cü dəfə Azərbaycana hücum etdi və Təbrizi ələ keçirdi. Lakin Sultan yenə də Azərbaycanda möhkəmlənə bilmədi və ölkəni tərk etdi. 1550-ci ildə Şah I Təhmasib Sultana elçi göndərərək sülh təklif etdi, lakin, Sultan yenə də bu təklifi qəbul etmədi. Belə olan təqdirdə şah 1552-ci ildə Van, Qars, Vostan və Ədilçəvazı ələ keçirdi. Şahzadə İsmayıl Ərzurum yaxınlığında Osmanlı qoşunlarını məğlub etdi və Ərzurumu tutdu. Sultan I Süleyman 1554-cü ildə sonuncu dəfə Azərbaycan hücum etdi lakin, uğur əldə edə bilmədi. Əhalinin müqaviməti, qızılbaşların ardıcıl qələbələri Sultana Azərbaycanı ələ keçirməyə imkan vermədi və 1555-ci ildə Amasyada Osmanlı ilə Səfəvilər arasında gec də olsa sülh müqaviləsi bağlandı. Müqaviləyə görə şərqi Anadolu, İmeretiya, Quriya, Ərəb İraqı Osmanlıya, Kartli, Kaxetya və Mesxiya Azərbaycana verildi.

Səfəvilərin beynəlxalq əlaqələri

Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də
Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə
və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı.
Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx
qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan Ağqoyunlular dövründə olduğu kimi, səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.

I Şah Abbas və onun islahatları

Səfəvilər dövləti haqqında danışarkən I Şah Abbasın islahatları barədə qeyd etməmək mümkün deyil. I Şah Abbas özünün uğurlu islahatları ilə orta əsr Azərbaycan tarixində xüsusi yer tutur. Şah I Abbas Osmanlılarla sülh bağladıqdan sonra islahatlara başladı. İlk öncə tayfaların üsyankar hərəkətlərini yatırmaq üçün onların özbaşına silah gəzdirmək hüququnu ləğv etdi, qeyri-türklərin, əsasən farsların hakimiyyətini möhkəmləndirmək üçün paytaxtı onların sıx yaşadığı İsfahana köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki orduda qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi.

Səfəvilər və Qarabağ

Səfəvi dövləti inzibati ərazi quruluşuna görə bölünərkən Azərbaycanın böyük bir hissəsi Qarabağ bəylərbəyiliyinə verilmişdi. Qarabağ bəylərbəyiliyinin geniş əraziyə malik olmasını görkəmli sovet şərqşünası İ. P. Petruşevski də təsdiq edir: “İrsiyyətə keçən bəylərbəyliklərdən ən səciyyəvi nümunə Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olan Qarabağ bəylərbəyiliyidir. Onlar Qızılbaş Qacar tayfasının Ziyəddin oymağından idilər. Həmin bəylərbəyilik XVI əsrin birinci yarısından başlayaraq 300 ilə yaxın Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olmuşlar.”

İlk Qarabağ bəylərbəyi Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacar olub (1551). Qarabağ bəylərbəyiliyinə Şəmkir, Zəyəm, Tovuz, Şəmsəddin, Qazax, Borçalı, Beyləqan, Yevlax, Ağdam və Bərdə daxil idi. XVI əsrin sonlarında Osmanlı Sultanı III Muradın (1574-1594) vaxtında – 1578-ci ildə Mustafa paşa Azərbaycanı tutarkən Fərhad paşa Gürcüstandan keçərək Qarabağa daxil olmuş, Osmanlı hərbi hissələrini burada yerləşdirmişdi. XVI əsrdən başlayaraq Osmanlı-Səfəvi qarşıdurması nəticəsində Qarabağın türk əhalisinin xeyli hissəsi bu əyaləti tərk etmiş və bu səbəbdən də Qarabağda türk əhalisinin sayı, müvəqqəti də olsa, nəzərə çarpacaq dərəcədə aşağı düşmüşdü. Bu zaman hakimiyyət dəyişikliyindən istifadə edən alban-xristian məlikləri boşalmış türk kəndlərini və torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirmişdilər. Qarabağın əhalisi, sakinlərin etnik tərkibi haqqında 1593-cü ildə Osmanlıların tərtib etdiyi Gəncə-Qarabağ əyalətinin vergi kitabından məlumat almaq mümkündür (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (ön söz, tərcümə, qeyd və şərhlər H. Məmmədovundur (Qaramanlı). Bakı, Şuşa nəşriyyatı, 2000, 576 s.).

Döyüşkən qarabağlılar həmişə Səfəvi qoşunlarının avanqard qüvvəsi sayılırdı. Təsadüfi deyil ki, Osmanlı-Səfəvi müharibəsində Qarabağ süvariləri ön cərgədə idilər. Bunu XVIII əsr müəllifi İsgəndər bəy Münşi də təsdiq edir.

İlk Qarabağ bəylərbəyi Şahverdi Soltan Ziyadoğlu 1568-ci ildə vəfat edib. Onun yerinə xan titulu ilə İbrahim Soltan bəylərbəyi təyin olunur. Daha sonra Yusif Xəlfə, Peykar Sultan Qacar İmamqulu xan bəylərbəyi təyin edilir. Osmanlılarla Çuxur-Sədd bəylərbəyiliyindəki döyüşlərdə mənbələr göstərir ki, 15 min Qarabağ süvarisi iştirak edib.

Bu onu göstərir ki, Qarabağ əvvəllərdə olduğu kimi XVII əsrlərdə də Azərbaycanın ayrılmaz hissəsi olmuş, Xilafətdən sonra yaranmış Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Elxanilər (Hülakulər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar kimi türk hakimlərin idarə etdikləri dövlətlərin tərkibində olmuşdur. Qarabağ əhalisinin əsas, aparıcı hissəsini türk mənşəli Azərbaycan tayfaları təşkil etmişdir.

Səfəvilərdən sonrakı Azərbaycan

Böyük Səfəvilər Dövləti 1736-cı ilə kimi mövcud oldu. Yaqub Mahmudov “Azərbaycan: qısa dövlətçilik tarixi” kitabında bildirir ki, Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də, bu, arzuolunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.

Araşdırmanın hazırlanması zamanı istifadə olunan ədəbiyyat:

1. Yaqub Mahmudov: “Azərbaycan: qısa dövlətçilik tarixi”
2. Sara Aşurbəyli: “Azərbaycan dili və tarixi: Şirvanşahlar dövləti”
3. Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər Dövləti”
4. http://history.az/
5. http://az.wikipedia.org/wiki/Səfəvilər_dövləti
6. http://www.azerbaycanli.org
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR