Bank Of Baku

“İtirilmiş torpaqların haray səsi” tədbirlər silsiləsindən “Türkmənçay müqaviləsi-183” adlı konfrans keçirilib

“İtirilmiş torpaqların haray səsi” tədbirlər silsiləsindən “Türkmənçay müqaviləsi-183” adlı konfrans keçirilib
# 15 fevral 2011 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının təşəbbüsü ilə “İtirilmiş torpaqların haray səsi” tədbirlər silsiləsindən “Türkmənçay müqaviləsi-183” adlı konfrans keçirilib. APA-nın məlumatına görə, VHP Gənclər Təşkilatının sədr müavini Murad Əhməd müqavilənin şərtləri barədə çıxış edərək deyib ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə parçalanıb: “Həmin dövrdən sonra Rusiyanın müstəmləkə siyasətinin qurbanına çevrilən Azərbaycan türkləri bütün milli və dini hüquqlarından məhrum olunublar. Bütün bu və ya digər məqamları nəzərə alaraq, VHP 2001-ci ildə BMT-yə müraciət edərək, Azərbaycan xalqına bölünmüş xalq statusu verilməsini tələb edib”.

Milli Məclisin deputatı, tarix elmlər doktoru Fəzail İbrahimli müqavilənin Azərbaycana vurduğu zərbə mövzusunda çıxış edib və mövzunun aktuallığını vurğulayıb. Onun sözlərinə görə, KİV bu məsələ üzərində mütəmadi durmalı və müasir gəncliyi maarifləndirməlidir: “Şimali Azərbaycan öz müqəddəratını həll etdikdən sonra daima Rusiya və İran tərəfindən təhlükəyə məruz qalıb. Hətta birinci Dünya Müharibəsindən sonra keçirilən Paris Sülh Konfransına Qacar səltənəti tərəfindən təqdim olunan sənəddə belə Azərbaycan Cümhuriyyətinə qarşı ərazi iddiası irəli sürülüb”.

F. İbrahimli Türkmənçay müqaviləsindən sonra Azərbaycan türklərinin qarşılaşdığı problemlərə də diqqəti yönəldib. Sonra konfransda hüquqşünas Adil Minbaşı müqavilənin hüquqi aspektləri, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycan, tarixçi alim Məhərrəm Zülfüqarlı sazişdən sonra Şimali Azərbaycan, Milli Məclisin deputatı Fazil Mustafa, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan və digərləri isə mövzularda çıxış ediblər.

Tədbirin sonunda konfrans təşkilatçısı tərəfindən Milli Məclisə müraciət ünvanlanıb. Müraciətdə bildirilib ki, parlament BMT-yə Azərbaycan xalqının parçalanmış xalq statusunun tanınması üçün müraciət etməli, Güney Azərbaycan xalqının öz müqəddəratı tanınmalı və xalqın ana dilində zəruri fəaliyyətinə imkan yaradılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR