Sentyabrın 17-də Dövlət suverenliyinin bərpasının ildönümü ilə əlaqədar Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında millət vəkilləri, politoloqlar və ekspertlərin iştirakı ilə müzakirə keçirilib.
APA xəbər verir ki, tədbirdə 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi və siyasi əhəmiyyəti, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Azərbaycanın regional və beynəlxalq mövqelərinin güclənməsi, eləcə də ölkənin Avrasiya məkanında artan təsir imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası dövlətçilik tarixinin mühüm mərhələlərindən biridir.
Müzakirələrdə Milli Məclisin deputatları Azər Allahveranov, Elçin Mirzəbəyli, Rizvan Nəbiyev, Tural Gəncəliyev, ekspertlər Zaur Məmmədov, Zaur İbrahimli, Əhməd Əlili, Firdovsiyyə Əhmədova, Rizvan Hüseynov, Elman Sadıqov, Rauf Ağamirzəyev, Şəbnəm Zeynalova, Elmira Talıbzadə, Ləman Nazarova, Elşan Əhmədov və digərləri iştirak ediblər.
Müzakirələr zamanı Azərbaycanın son illərdə regional proseslərdə artan rolunun “orta güc” konsepsiyası çərçivəsində təhlili də diqqət mərkəzində olub. İştirakçılar ölkənin nəqliyyat və enerji layihələrindəki mövqeyi, Mərkəzi Asiya və Türk dövlətləri ilə genişlənən əlaqələri, müxtəlif güc mərkəzləri ilə paralel dialoq imkanları və müstəqil xarici siyasət kursunun yaratdığı imkanlar barədə fikirlərini bölüşüblər.
Yekunda iştirakçılar vurğulayıblar ki, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan bu gün regionda yeni reallıqların formalaşmasında mühüm rol oynayan dövlətdir. Qarşıdakı əsas məqsəd əldə edilmiş tarixi nailiyyətlərə söykənərək yeni iqtisadi və nəqliyyat imkanlarını reallaşdırmaq, regional və beynəlxalq əməkdaşlığı genişləndirmək, Azərbaycanın regionda artan rolunu və beynəlxalq mövqelərini daha da möhkəmləndirməkdir.