Bank Of Baku

Akif Şahbazov: “Müxalifətin bu şəkildə fəaliyyət göstərməsindənsə, olmaması daha yaxşıdır”

Akif Şahbazov: “Müxalifətin bu şəkildə fəaliyyət göstərməsindənsə, olmaması daha yaxşıdır”
# 26 dekabr 2006 15:02 (UTC +04:00)
“Rəsul Quliyevin yaratdığı yeni təşkilatın koordinatoru olarkən onun nəzəri planlarını gördüm və bu təşkilatı qurmağın çətinliyini onun diqqətinə çatdırdım. Amma Rəsul Quliyev təkidlə bildirirdi ki, “bu, normal bir təşkilat olacaq, radikal mövqedən kənara çəkiləcək, istənilən ziyalı, bitərəf və hətta YAP-da olanların bu qurumda təmsil olunacağına inanıram”. Ona görə də təşkilatı yaratdı və bu gün təşkilatda vəziyyətin necə olması mənə tam bəlli deyil”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin sədri Akif Şahbazov Rəsul Quliyevin yaratdığı “Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin hazırkı fəaliyyətinə münasibət bildirərkən deyib. A. Şahbazovun sözlərinə görə, indiki şərait partiya və yaxud QHT çərçivəsində fəaliyyət göstərən insanların yeni qeyri-ənənəvi mübarizə üsullarının tətbiqinə şans yaratmır: “Bu baxımdan ictimaiyyətin gözlədiyi təşkilatın yaranması mümkün deyil. Çünki bu təşkilatda ictimaiyyətin gözlədiyi bütün şəxslər təmsil olunmur”.
A. Şahbazovun sözlərinə görə, yeni qurum yalnız situmulverici faktorların yaranacağı, xarici ölkələrdə situasiyanın dəyişəcəyi halda nəsə edə bilər: “Amma belə bir şey də yoxdur. Normal fəaliyyət və uğurlu iş üçün ictimai müqavimət olmalıdır. İnsanlarda inam olmalı və bu mübarizəyə stimul verməlidir. Amma bu gün stimulverici heç bir faktor yoxdur. Əgər Azərbaycan hakimiyyətinə müxalifət lazımdırsa, dövlət buna təminat yaratmalıdır. İstəmirsə, müxalifəti bütövlükdə bağlamaq lazımdır. Müxalifətin bu şəkildə fəaliyyət göstərməsindənsə, olmaması daha yaxşıdır. Bu baxımdan belə bir vəziyyətdə iqtidar-müxalifət münasibətlərini tənzimləyəndə faktiki iqtidar tərəf ağır gəlir. Reytinqinə, xüsusi çəkisinə görə fakt bundan ibarətdir. Amma müxalifətin bu vəziyyətə gəlib düşməsinin də səbəbləri var. Nəticə bundan ibarətdir ki, Azərbaycan müxalifətinin bu şəkildə fəaliyyət göstərib hətta hakimiyyətə gəlmək iddiası ilə çıxış etməsini absurd qiymətləndirirəm. İqtidar-müxalifət münasibətləri düşmənçilik səviyyəsindədir. Müxalifət nümayəndələri ictimaiyyətdən tam şəkildə kənarlaşdırılır və hakimiyyət bu düşərgənin dəstəksiz qalmasına çalışır. Hakimiyyətə bu situasiya sərf etdiyi üçün ona belə müxalifət lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR