Bank Of Baku

AXCP-nin əmlakı təhvil-təslim edilib

AXCP-nin əmlakı təhvil-təslim edilib
# 19 yanvar 2007 12:28 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Keşlə qəsəbəsindəki Dəmir Beton Zavodunun inzibati binasında saxlanılan əmlakı hüquq-müdafiəçilərinin, polisin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə partiyaya qaytarılıb. APA-nın məlumatına görə, saat 10.00-dan başlayan təhvil-təslim prosesi günorta saatlarına qədər davam edib. Əşyaları təhvil alan AXCP üzvləri bəzi texniki avadanlıqların itdiyini və ya yarasız hala salındığını iddia ediblər. Lakin Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyev və Nizami rayon Mənzil İstismar Kontorunun hüquqşünası Şəfiqə Nağıyeva bu fikirlərlə razılaşmayıblar. Yarasız halda olan əşyaların siyahısının tutulması, bir həftə təmir edilməsi razılaşdırılıb. AXCP sədrinin müavini Fuad Mustafayev jurnalistlərə açıqlamasında deyib ki, partiya baş verənlərlə bağlı məhkəməyə müraciət edəcək. F. Mustafayev dəyən ziyanın məbləğinin hələlik tam müəyyənləşdirilmədiyini də qeyd edib. Təhvil-təslimdə iştirak edən ABŞ səfirliyinin müşaviri Rebeka Neslund baş verənlərdən narahat olduğunu bildirib: “Əmlakın AXCP-yə yenidən qaytarılması sakit və normal tərzdə həyata keçirilsə də, prosesi sonadək müşahidə edəcəyik”. BŞBPİ-nin rəis müavini Yaşar Əliyev də köçürülmə vaxtı bəzi əşyalara ziyan dəydiyini söyləsə də, əşyaların itmədiyini vurğulayıb: “Köçmə vaxtı əşyanın zədələnməsi təbiidir. Amma bu ziyan hal-hazırda mütəxəssislər tərəfindən müəyyənləşdirilir. Zədələnən əşyalar əmlakın köçürülməsinə cavabdeh olan təşkilat tərəfindən təmir ediləcək”. Y. Əliyev əşyaların oktyabrın 25-dən polisin mühafizəsi altında olduğunu da deyib: “Məhkəmə qərarı ilə siyahıya alınaraq buraya gətirilən əşyalar mühafizə altında olub. Əşyaların saxlandığı otaqların açarları AXCP sədrinin köməkçisində olub, AXCP üzvlərindən başqa oraya heç kim daxil olmayıb”. Nizami rayon Mənzil İstismar Kontorunun hüquqşünası Şəfiqə Nağıyeva da əmlakı daşıyan fəhlələrin səhlənkarlığı ucbatından bəzi əşyaların zədələndiyini təsdiqləyib. O, fəhlələrin ehtiyatsızlığı ucbatından zədələnən əşyaların təmir ediləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR