Bank Of Baku

Rene van der Linden: “Avropa Şurası Parlament Assambleyası Qarabağ münaqişəsinin hər hansı həll yolunu məcburən kiminsə üzərinə qoya bilməz”

Rene van der Linden: “Avropa Şurası Parlament Assambleyası Qarabağ münaqişəsinin hər hansı həll yolunu məcburən kiminsə üzərinə qoya bilməz”
# 26 yanvar 2007 09:37 (UTC +04:00)
- Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 6 il keçir. Bu münasibətlə Azərbaycan Respublikasını və xalqını ürəkdən təbrik edirəm. Azərbaycan olduqca vacib ölkədir. Ölkənizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə həyəti aktivliyi ilə seçilir. Hesab edirəm ki, burda müzakirə edilən vacib məsələləri, o cümlədən Azərbaycanın bütün öhdəlikləri yerinə yetirməsinin zəruriliyini nəzərə alaraq, onlar Azərbaycan parlamenti ilə Avropa Şurası arasında vasitəçi olmalıdırlar. Bu ilin aprelində AŞPA-nın sessiyasında Azərbaycan üzrə hesabat dinləniləcək. Bizi maraqlandıran məsələlər sırasında Azərbaycanda siyasi məhbusların aqibəti, mətbuatın vəziyyəti, siyasi müxalifət və s. var. Bu məsələlərdə irəliləyişə nail olunması Azərbaycanın inkişafı üçün çox vacibdir.
- Azərbaycanın nə vaxt post-monitorinq ölkələri siyahısına salınması gözlənilir?
- Hesab edirəm ki, monitorinq altında olan ölkələr buna sevinməlidir. Çünki bu, bir növ kömək formasıdır. Əgər hər hansı ölkənin ciddi öhdəlikləri varsa və AŞ bu öhdəliklərin həllinə yardım edirsə, bu ölkələr tezliklə öhdəliklərini yerinə yetirə biləcəklərindən yalnız məmnun qalmalıdır.
- AŞPA-nın qış sessiyasında Ermənistanın öhdəlikləri ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışa yazılsalar da, onlara söz verilməyib. Bunun səbəbi nədir?
- Buna çox təəssüf edirəm. Bilirsiniz ki, biz il ərzində yalnız dörd dəfə yığışırıq və öhdəliklərlə bağlı müzakirələrə çox az vaxt ayrılır. Bu sessiya isə əsasən uşaqların hüququna həsr olunduğundan, müzakirələr də bu mövzuda gedirdi. Bundan başqa, gündəlikdəki əsas məsələlərdən olan Kosovo üzrə müzakirələr çox çəkdi. Bizim çıxış üçün siyahı sistemimiz var. Əgər Azərbaycan nümayəndə həyətinin üzvləri siyahılarda dəyişiklik olduğunu düşünürlərsə, yaxşı olar ki, mənə yazılı müraciət etsinlər və biz məsələni araşdıraq. Bu, çox vacib məsələdir, çünki bütün ölkələrlə eyni səviyyədə rəftar olunmalıdır. Baş verənlərə hələlik münasibət bildirə bilmərəm. Bircə onu deyə bilərəm ki, ASPA prezidenti olduğum iki il ərzində bu kimi problemlə bağlı presedent qeydə alınmayıb və bu mövzuda mənə şikayət edən olmayıb.
- Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam etsə də, rəhbərlik etdiyiniz qurum tərəfindən bu ölkəyə heç bir təzyiq göstərilmir. Halbuki bununla bağlı AŞPA-nın xüsusi qətnaməsi də var...
- Biz təzyiqi davam etdiririk. Bu təzyiqlər, əsasən, Ermənistana yönəlsə, Azərbaycana da göstərilir. Bunun da əsas səbəbi odur ki, münaqişənin həllinə nail olmaq çox vacibdir. Lakin ASPA bu məsələdə hər hansı həll yolunu məcburən kiminsə üzərinə qoya bilməz. Bu, siyasi məsələdir və burada siyasi iradə lazımdır. Hesab edirəm ki, hər iki ölkənin başçıları olduqca pozitiv görüşlər keçiriblər, təəssüf ki, bu danışıqlar münaqişənin həlli üçün hələlik öz bəhrəsini vermir. Ümid edirəm ki, beynəlxalq ictimaiyyətin köməyi ilə münaqişənin həlli istiqamətində irəliləyişlər olacaq. Bu, tək region ölkələrinin inkişafı üçün deyil, həmçinin, münaqişənin həllində maraqlı olan bütün ölkələr üçün vacibdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR