Bank Of Baku

ADP siyasi kursunu dəyişib

ADP siyasi kursunu dəyişib
# 29 yanvar 2007 11:25 (UTC +04:00)
Ali Məclisin sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, partiya məclisi radikal mövqedən çəkinib konstruktiv kurs tutmaqla bağlı qərar qəbul edib. A. Şahbazov partiyanın yeni siyasi kurs qəbul etməsinə ölkədəki situasiyanın, müxalifətin depressiya vəziyyətində olması, bu vaxta qədərki mübarizənin nəticəsiz qalmasının səbəb olduğunu deyib: “ Mübarizəni daha məqsədəuyğun, intellektual səviyyədə, konstruktiv mövqedə və milli maraqlar naminə hakimiyyətlə əməkdaşlıq çərçivəsində davam etdirməyin labüdlüyünü nəzərə alaraq belə qərar qəbul etdik. Bu, hamının qəbul etdiyi qərardır. Bu qərar yekdilliklə qəbul olunub”. Ali Məclis sədri digər müxalifət partiyalarının da yaxın vaxtlarda taktikalarında dəyişiklik etmək məcburiyyətində qalacağını bildirib. A. Şahbazov partiya sədri Rəsul Quliyevin iclasa qədər bu məsələdən xəbərinin olmadığını qeyd edib: “Amma Ali Məclis qərar qəbul edib, düşünürəm ki, bu qərara hörmətlə yanaşılmalıdır. Bizim əlaqələrimiz birtərəfli olduğuna görə əvvəlcədən ona xəbər verə bilməmişik. Yəni həmişə o zəng edib, bizimlə əlaqə saxlayır. Bu mərhələdə zəng etmədiyi üçün bununla bağlı məlumat verə bilməmişik”.
ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə APA-ya bildirib ki, partiya siyasi mövqeyini dəyişmir. O, sadəcə 1992-93-cü illərdə apardıqları müxalifət taktikasının yenidən qüvvəyə mindiyini qeyd edib: “Bu yeni siyasi gediş, siyasi mübarizə formasıdır. ADP-nin başladığı xətt uğurla məqsədinə yetişsə, digər partiyalar da bu platformaya keçəcəklər. İndi sağdan-soldan təpkilər var, amma bu yeniliyə qarşı olan diskomfortdan doğan təpkidir və bunu normal qarşılamaq lazımdır”. S. Cəlaloğlu bu məsələnin “Azadlıq” bloku daxilində heç bir problem yaratmayacağını qeyd edib. Sədrin bu məsələdən xəbərsiz olmasında xüsusi məqsədin olmadığını qeyd edən S. Cəlaloğlu bu qərarı verməzdən əvvəl partiya daxilində, müxalifət partiyalarının, beynəlxalq təşkilatların, cəmiyyətin münasibətini öyrəndiklərini deyib: “İndi vətəndaşların əksəriyyəti ruhən məhz konstruktiv müxalifətin tərəfindədirlər və radikal müxalifət mövqeyinə milli dəstək yoxdur”.
ADP-nin Ali Məclisinin keçmiş üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də qərarla bağlı əvvəlcədən partiya sədri Rəsul Quliyevə heç bir xəbər verilmədiyini, sədrin yaxın günlərdə qərara münasibətini bildirəcəyini qeyd edib: “Onun mövqeyinin necə olacağını deyə bilmərəm. Özüm isə ADP-nin siyasi kursunun dəyişməsi ilə bağlı hazırda gedən müzakirələri izləyirəm, hələlik müşahidəyə üstünlük verirəm. Çünki bir çox məsələnin və detalların aydınlaşmasına ehtiyac var”.
“Azadlıq” blokunun Sədrlər Şurasının üzvü, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva APA-ya açıqlamasında ADP-nin daxilin işlərinə qarışmaq niyyətində olmadığını bildirib. Bu qərarla ADP-nin strategiyasının dəyişdiyini vurğulayan L. Hacıyeva məsələnin blokun sabah keçiriləcək iclasında müzakirə olunacağını qeyd edib: “Bununla bağlı artıq ilkin müzakirələr aparılıb. Sabah da müzakirələr davam edəcək, əgər ADP öz siyasi kursunu dəyişirsə, biz buna müvafiq olaraq mövqeyimizi bildirəcəyik”. L. Hacıyeva konsturuktiv müxalifət və radikal müxalifət anlayışlarına da münasibət bildirib: “Mən ADP-nin iqtidarın yanında olan partiyalara qoşulmasını istəmirəm”.
Blokun Sədrlər Şurasının digər üzvü olan AXCP sədri Əli Kərimli isə APA-ya açıqlamasında ADP-nin qəbul etdiyi qərarla bağlı rəsmi məlumatların olmadığını bildirib və buna görə də məsələyə münasibət bildirməyib: “Sabah blokun iclasında yəqin ki, ADP rəhbərliyi bizi bu barədə məlumatlandıracaq. Bundan sonra mövqeyimizi müəyyənləşdirəcəyik”.
/APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR