Bank Of Baku

Azər Qasımov Azərbaycan prezidenti İlham Əliyevin Fransaya dövlət səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Azər Qasımov Azərbaycan prezidenti İlham Əliyevin Fransaya dövlət səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
# 01 fevral 2007 15:38 (UTC +04:00)
APA-nın məlumatına görə, A.Qasımov deyib ki, dünyanın zəngin xarici siyasət ənənələrinə malik olan ölkələrində, o cümlədən Fransada səfərlərin statusu məsələsinə böyük önəm verilir: “Fransada il ərzində maksimim üç dövlət səfəri həyata keçirilir. Ötən il iki belə səfər baş tutub. Azərbaycan prezidentinin Fransaya rəsmi dövlət səfərinə dəvət olunması bu ölkənin Azərbaycanla əlaqələrə önəm verməsinin, bu əlaqələrin strateji xarakter daşımasının bariz nümunəsidir”. A.Qasımov səfər öncəsi İ.Əliyevin Fransanın nüfuzlu “Fiqaro” qəzetinə müsahibə verdiyini, həmin müsahibənin səfərin ilk günü dərc edildiyini, bu ölkənin “Lemond” diplomatik qəzetinə verdiyi müsahibənin isə yaxın vaxtlarda işıq üzü görəcəyini deyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, Azərbaycanla Fransa arasında əlaqələr uğurla inkişaf edir: “Bu səfər zamanı həmin əlaqələrin inkişafına yeni bir təkan verildi”. A.Qasımov iki ölkə arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini, səfərin nəticələri ilə bağlı imzalanan birgə bəyannamədə Fransanın Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsinin əksini tapdığını vurğulayıb: “Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğu da diqqətdən qaçmamalıdır. Səfər zamanı dəfələrlə vurğulandı ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində çox maraqlıdır. Bütün görüşlərdə prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticələri barədə geniş məlumat verdi. Dövlət başçısı münaqişənin həllində Fransanın tutduğu mövqeyi yüksək qiymətləndirərək, bu ölkənin problemin həllində öz səylərini əsirgəmədiyini qeyd etdi”. A.Qasımov səfər zamanı iqtisadi əlaqələrin inkişafına da böyük önəm verildiyini bildirib. Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında imzalanan sənədlər əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq: “Səfər zamanı təyyarələrin alınması ilə bağlı Fransanın “ATR” şirkətindən ümumi dəyəri 97.2 milyon ABŞ dolları olan müqavilə imzalandı”. Mətbuat xidmətinin rəhbəri deyib ki, səfər zamanı dövlət başçısı Fransanın nüfuzlu şirkətlərinin təmsilçiləri ilə də görüşlər keçirib. Bu görüşlərdə energetika və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
A.Qasımov bu ilin birinci rübündə Fransa prezidenti Jak Şirakın Azərbaycana rəsmi səfərinin nəzərdə tutulduğunu da bildirib. Onun sözlərinə görə, səfərin dəqiq vaxtı hələlik müəyyən deyil. Mətbuat xidmətinin rəhbəri, həmçinin, bu ilin “Fransada Azərbaycan İli”, gələn ilin isə “Azərbaycanda Fransa İli” kimi qeyd olunacağını deyib. A.Qasımov hər iki ölkənin paytaxt şəhərlərinin də əlaqələrinin inkişaf etdiriləcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR