Bank Of Baku

Millət vəkilləri Azərbaycan parlamentində İraq türkmənləri ilə bağlı müzakirələrin aparılmasını təklif ediblər

Millət vəkilləri Azərbaycan parlamentində İraq türkmənləri ilə bağlı müzakirələrin aparılmasını təklif ediblər
# 01 fevral 2007 16:12 (UTC +04:00)
Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasının ikinci hissəsində “Türkdilli ölkələrin Dövlət Başçılarının VIII zirvə toplantısı Antalya Bəyannaməsi” təsdiq olunub. APA-nın məlumatına görə, bəyannamənin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev zirvə toplantısında yalnız 4 dövlət başçısının iştirak etməsindən, Türkmənistan və Özbəkistan prezidentlərinin sammitə qatılmamasından təəssüfləndiyini bildirib. Diqqəti İraq türkmənlərinin problemlərinə yönəldən Q.Həsənquliyev onların müdafiəsini vacib hesab edib. Türkiyə Böyük Millət Məclisinin Kərkük problemləri ilə bağlı müzakirələr apardığını qeyd edən deputat Azərbaycan parlamentində də bu məsələyə dair müzakirələrin aparılmasını təklif edib. Millət vəkili Qənirə Paşayeva isə İraq türkmənlərinin soydaşlarımız olduğunu, Kərkükdə olarkən insanın özünü Şamaxıda, Gəncədəki kimi hiss etdiyini deyib. Türkmənlərə edilən haqsızlıqlarla bağlı haqq səsinin qaldırılmasının vacib olduğunu söyləyən Q. Paşayeva türkmənlərin siyasi və insani haqlarının tapdandığını vurğulayıb: “Türkmənlərin varlığı hesab olunan Kərkükdə referendum keçirməyə hazırlaşırlar. Bu elə bir referendumdur ki, nəticəsi əvvəlcədən bəllidir. Biz buna razı ola bilmərik. Azərbaycan parlamenti olaraq ABŞ-a müraciət etməliyik. Çünki Azərbaycan ABŞ-la birgə İraqda sülhyaratma əməliyyatlarında iştirak edir. Bizim təsir imkanlarımız daha böyükdür və bu narahatlığımızı ABŞ-a çatdırmalıyıq”. Q.Paşayeva Kərkükdə referendumun keçirilməsini mümkünsüz sayıb. Onun sözlərinə görə, İraq parlamentinə müraciət edilməli, bu narahatlıq parlament rəhbərliyinə çatdırılmalıdır. İraq Türkmən cəbhəsinin liderinə qarşı daha bir su-qəsd cəhdin olduğunu deyən Q.Paşayeva türkmənlərin də Azərbaycandan yardım gözlədiyini vurğulayıb: “İraq türklərinə qarşı siyasi haqsızlıqlara da yol verilir. Bu gün onların parlamentdə cəmi 6 deputatı var. Biz həmin deputatları və İraq Türkmən Cəbhəsini parlament səviyyəsində Azərbaycana dəvət etməli, onlarla müzakirələr aparıb, hansı məsələlərdə yardımçı ola biləcəyimizi müəyyənləşdirməliyik”.
Fazil Qəzənfəroğlu və Pənah Hüseyn isə Türkiyənin İraq məsələsində təkləndiyini qeyd edərək, türk dövləti olaraq Azərbaycanın buna münasibət bildirməsinin zəruriliyini vurğulayıblar. Onlar, həmçinin, “Türkdilli ölkələrin Dövlət Başçılarının zirvə toplantısı”nın “Türk ölkələrinin dövlət başçılarının zirvə toplantısı” kimi təqdim olunmasını təklif ediblər. Yaqub Mahmudov, Fəzail İbrahimli, Nizami Xudiyev və digərləri bu təklifə qoşulublar. Bəyannamə yekdilliklə qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR