Anjey Kaspşik: “Müzakirə mövzusu olan bütün elementlər üzrə razılıq əldə olunmayıbsa, deməli, ortada nəticə yoxdur”
- ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini nə zamandan icra edirsiniz? Cəbhə xəttində keçirdiyiniz monitorinqlərin mahiyyəti nədir, monitorinqdən öncə tərəfləri bununla bağlı xəbərdar edirsinizmi?
- 1996-cı ilin iyulundan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi sayılıram. Mandatımın müddəti bir ildir. ATƏT sədri vəzifəsini quruma rəhbərlik edən ölkənin xarici işlər naziri bir il müddətində həyata keçirir. ATƏT-ə sədrlik edən hər bir şəxs də mənim mandatımın müddətinin artırılmasını məqbul sayır və mən bu hesabla artıq 12 ATƏT sədri dəyişmişəm. Hazırda ATƏT-ə İspaniyanın xarici işlər naziri Xose Anhel Moratinos sədrlik edir ki, onunla da artıq görüşümüz olub. Rəhbərlik etdiyim ofisin qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində keçirdiyi monitorinqlərə gəldikdə isə deməliyəm ki, bu monitorinq mənim mandatıma daxil olan bir çox məsələlərlə üst-üstə düşür. Monitorinq etimad vasitəsidir. Mənim keçirdiyim monitorinqlər isə hərbi aspektdə etimad vasitəsi sayıla bilər. Ayda iki dəfə olmaqla mütəmadi keçirdiyimiz bu monitorinqlərdə bizim komanda üzvlərinin hamısının iştirakı ilə keçirilir. Mənim beynəlxalq tərkibə malik beş nəfərdən ibarət komandam var. Mümkün qədər monitorinqlərdə şəxsən iştirak etməyə çalışıram. Monitorinq elə təşkil olunur ki, mənim missiyamın üzvlərindən ən azı iki nəfər təmas xəttinin hər iki tərəfində olur. Texniki planda monitorinq keçirmək üçün hər iki tərəfindən hərbçilərinə müraciət edir, niyyətimizi bildirir və monitorinq keçirmək istədiyimiz nöqtələri dəqiqliklə göstəririk. Müsbət cavab aldıqdan və bizi müşayiət edəcək şəxs dəqiqləşdikdən sonra seçdiyimiz əraziyə gedirik. Monitorinq keçiriləcək ərazi müxtəlif cür seçilir. Bu, hazırkı anda mövcud olan situasiyadan asılıdır. Məsələn, belə məlumat var ki, atışma baş verib, itkilər var və s. Bu zaman biz həmin ərazidə monitorinq keçiririk. Əgər həmin ərazidə gərginliyin artması müşahidə olunursa, o zaman komandir heyəti ilə danışıqlar aparmağa çalışır, vəziyyəti aydınlaşdırır, atışmanın dayandırılmasına cəhd göstəririk. Hesab edirəm ki, bu monitorinqlər yararlıdır.
- Monitorinqlər keçirilən zaman insidentlər tez-tez baş verir?
- Monitorinq zamanı atəş altına düşməyimiz demək olar ki, baş verməyib, bu fəaliyyətlə məşğul olduğumuz müddətdə cəmi 4-5 belə hal olub. O zaman bizim istiqamətdə atəş açmağa başlamışdılar və biz də monitorinq iştirakçılarının təhlükəsizliyi səbəbilə prosesi dayandırmağa qərar verdik. Tərəflər bizə tam təhlükəsizlik qarantiyası verdiklərinə görə baş verən hadisə ilə bağlı hesabat tələb etdik.
- Sizin missiyanı kim maliyyələşdirir münaqişə tərəfləri, yoxsa ATƏT?
- Bizim missiyanın fəaliyyətini ATƏT maliyyələşdirir. ATƏT-in qurumları arasında ən az büdcəyə malik missiyalardan biri mənim rəhbərlik etdiyim missiyadır.
- Münaqişə zonasında mövcud durumla bağlı ATƏT sədri mütəmadi məlumatlandırılırmı?
- Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı ATƏT sədrini məlumatlandırmaq mənim əsas vəzifələrimdən biridir. Mən ATƏT-i danışıqlar prosesinin mövcud durumu ilə bağlı daim məlumatlandırıram, ATƏT sədri baş verən hadisələr barədə daim məlumata malik olmalıdır. İki aydan bir hesabat hazırlayır və ATƏT-in bütün üzvlərinə təqdim edirəm.
- ATƏT sədrinin regiona səfəri nə zaman gerçəkləşəcək?
- ATƏT sədri Xose Anhel Moratinosun regiona səfəri razılaşdırılıb, lakin hələlik dəqiq tarix müəyyənləşməyib. Amma səfər hazırlıq işləri başlayıb.
- XİN başçılarının növbəti görüşünün hansı şəhərdə keçiriləcəyi dəqiqləşibmi?
- Sabah və ertəsi gün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Parisdə məsləhətləşmələr keçirəcəyik. Məsləhətləşmələrdə atacağımız növbəti addımlar, o cümlədən Məmmədyarovla Oskanyanın görüşü ilə bağlı məsələlər müəyyənləşəcək.
- Bu görüşdən sonra prezidentlərin görüşü keçirilə bilərmi?
- Əlbəttə, xarici işlər nazirlərinin görüşləri hansısa mənada prezidentlərin görüşünə hazırlıq xarakteri daşıyır, lakin məqsəd yalnız bundan ibarət deyil. Elmar Məmmədyarovla Vardan Oskanyanın görüşündə məqsəd danışıqlar prosesini irəliyə doğru aparmaq, vasitəçilərin təkliflərini müzakirə etməkdir. Nə zaman ki, tərəflər hesab edir ki, məsələ prezidentlərin görüşünü labüd edir, bu görüş o zaman planlaşdırır. Lakin xarici işlər nazirlərinin hər görüşündən sonra prezidentlərinin görüşməli olduğunu da düşünmək olmaz. Ötən il prezidentlər üç dəfə görüşüb, nazirlərin keçirdiyi görüşlərin sayı daha çox olub.
- Danışıqlar prosesinin neçə elementi razılaşdırılmamış qalıb? Meytu Brayza texniki elementlərin, Yuri Merzlyakov isə əhəmiyyətli elementlərin razılaşdırılmadığını bildirir...
- Əgər müzakirə mövzusu olan bütün elementlər üzrə razılıq əldə olunmayıbsa, deməli, ortada nəticə yoxdur. Razılaşma elementləri müəyyən mənada subyektiv hissdir, həmsədrlər bu məsələnin əhəmiyyətini müxtəlif cür müəyyənləşdirə bilərlər. Bununla belə həmsədrlərin hər biri hesab edir ki, əgər müzakirə mövzusu olan bütün elementlər üzrə razılıq əldə olunmayıbsa, deməli ortada heç nə yoxdur. Düşünürəm ki, artıq çox iş görməyə nail olmuşuq, tərəflər Praqa prosesi çərçivəsində müzakirə olunan bir çox məsələlərə anlayışla yanaşırlar. Tərəflərin mövqeləri yaxınlaşsa da, bu yaxınlaşma heç də bütün məsələlər üzrə deyil. Ümidvaram ki, növbəti görüş xarici işlər nazirlərinin mövqelərini yaxınlaşdıracaq yanaşmaların ortaya çıxmasına yardım göstərəcək.
- Azərbaycan və Ermənistan cəmiyyətlərinin kompromislərə hazır olmasına dair cağırışlar səslənir. Söhbət hansı kompromislərdən gedir?
- Danışıqlar prosesində yolun yarıdan çoxu gedilib, bu, bizi ümidləndirib, artıq yolun keçiləsi çox az hissəsi qalıb. Əgər ilkin məsələlərə dair siyasi iradə nümayiş etdirilsə, o zaman digər məsələlərin də həlli üçün siyasi iradə nümayişinə ümid etmək olar. Kompromislərə gəldikdə isə, xalq danışıqların yekunu olaraq əldə edilmiş razılaşmaları dəstəkləməlidir, bu dəstəksiz prezidentlərə hansısa addım atmaq çətin olacaq. Xalq anlamalıdır ki, bu razılaşma niyə əldə olunub, bu razılaşmadan xalqın uduşu nədir... Çətinlik odur ki, sonadək qətiləşməmiş məsələni, detalı açıqlamaq olmur, əgər məsələ qətiləşməyibsə, o zaman tərəflərin özləri üçün hesab edəcəyi uduşlardan da danışmaq olmaz. Bu məsələdə Ermənistan xarici işlər naziri Vardan Oskanyanla hansısa mənada razıyam. O bir dəfə demişdi ki, biz öz xalqımızı razılaşmaya o zaman hazırlaya bilərik ki, hər şey dəqiqləşəcək və geri addım atmaq mümkün olmayacaq. Həmsədrlər hesab edir ki, xalqa güzəştlərin qaçılmaz olduğunu izah etmək lazımdır, xalqa başa salmaq lazımdır ki, bu güzəştlərin hansı xeyri var. Situasiyanı gərginləşdirməkdən qaçmaq lazımdır. Əgər bu prinsiplərə riayət etsək, o zaman nizamlama planından danışmaq olar.
- Kosovo münaqişəsinin nizamlanması variantı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent ola bilərmi?
- Hesab edirəm ki, bu iki münaqişəni, iki xalqın fərqli tarixi şəraitlərdəki vəziyyətini müqayisə etmək və iki münaqişəyə eyni həll elementlərini tətbiq etmək olmaz. Bu, mümkünsüzdür. Ortada fərqli mentalitetlər, fərli coğrafi məkanlar var. Kosovo Cənubi Qafqazdan fərqli olaraq Avropanın başqa coğrafi mövqeyində yerləşir. Bunu mütləq nəzərə almaq lazımdır. Hesab edirəm ki, hər bir münaqişəyə fərqli yanaşmaq lazımdır.
- Ötən ilin iyununda sizin təşəbbüsünüzlə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında keçirilən görüşü necə dəyərləndirirsiniz?
- Müdafiə nazirlərinin görüşü çox xeyirli oldu, görüşdə atəşkəs rejiminə riayət olunması məsələsini müzakirə etdik. Bu görüş qoşunların təmas xəttində vəziyyətə də təsir göstərdi görüşdən sonra demək olar ki, cəbhə xəttində atışma baş verməyib, monitorinqlər zamanı gərginliyin azalması müşahidə olunub, qurbanlar olmayıb. Hesab edirəm ki, bu səviyyədə görüşlər çox xeyirlidir. İndiki mərhələdə müdafiə nazirlərinin görüşünə ehtiyac olmadığını düşünmürəm, əgər nazirlər istəsələr, bu görüşün təşkilinə yardım göstərə bilərəm.
- Çox maraqlıdır, Anjey Kaspşik ixtisasca hərbçidirmi?
- Mənim hərbi təcrübəm o qədər də çox deyil, bu təcrübə həftədə bir dəfə institutda keçirilən məşğələ ilə məhdudlaşır. Mən öz karyerama Cənubi Vyetnamda beynəlxalq müşahidə komissiyasının tərkibində başlamışam. Daha sonra hərbi müşahidəçi kimi çalışmışam. Bundan başqa Havanada Polşa səfirliyində çalışmışam, fəaliyyət dairəm Mozambik və bəzi ölkələri əhatə edib. Mənim qrupumda fəaliyyətimə arxalandığım hərbçilər var, onlar mənə öz missiyamı həyata keçirməkdə köməklik edir.
- Bu iş sizi yormayıb ki? Nə zamansa missiyanızı yarımçıq qoyaraq getməyi düşünübsünüzmü?
- Qafqaz, burada yaşayan xalqlar mənim çox xoşuma gəlir. Qafqaz xalqları fərqli olsalar da, bir-biri ilə bağlıdırlar. Yerli xalqların mədəniyyəti, o cümlədən Azərbaycan mədəniyyəti mənim çox xoşuma gəlir. Qafqaz xalqları arasında münasibətlərin gözəl formada əks olunduğu “Əli və Nino” romanı çox xoşuma gəlir. Çox istəyirəm ki, bölgədə sülh və əmin-amanlıq bərqərar olsun, bu region məsələn, Pribaltika kimi çiçəklənsin. Azərbaycanın malik olduğu resursları hesabına bu prosesi daha da sürətləndirmək olar. Ayrı-ayrı münaqişələr regionun inkişafına mane olur. Bununla belə bu inkişafın yolu artıq müəyyənləşib. Mən istəyirəm ki, Qafqazdan əlimdən gələn bütün işləri edərək gedin və məndən sonra görüləsi iş qalmasın. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq