Bank Of Baku

“Azadlıq” bloku ADP ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib

“Azadlıq” bloku ADP ilə bağlı mövqeyini müəyyənləşdirə bilməyib
# 13 fevral 2007 15:46 (UTC +04:00)
APA-nın məlumatına görə, 6 saatdan artıq davam edən iclasda konkret qərar qəbul olunmayıb. ADP-də qarşıduran tərəflərdən əvvəlcə Akif Şahbazov, daha sonra isə Sərdar Cəlaloğlu ayrı-ayrılıqda iclasa qatılıb. Toplantıdan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Sədrlər Şurasının ADP-də yaranmış vəziyyəti müzakirə etdiklərini, Sərdar Cəlaloğlunun və Akif Şahbazovun məlumatlarının dinlənildiyini bildirib. Onun sözlərinə görə, S. Cəlaloğlu ADP-nin Nizamnaməsi və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin qərarını Sədrlər Şurasının üzvlərinə təqdim edib. “Biz təqdim olunan sənədləri bir də diqqətlə öyrənməyə ehtiyac olması qənaətinə gəldik. Həmin sənədləri öyrəndikdən sonra sabah iclasımız davam edəcək və yəqin ki, blok uyğun qərarlar qəbul edəcək”. Ə. Kərimli bildirib ki, A. Şahbazov iclasa rəsmi təmsilçi kimi qatılmayıb: “Akif Şahbazovu ADP daxili diskussiyanın iştirakçısı, Sərdar Cəlaloğlunu isə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri kimi dinləmişik”.
Sərdar Cəlaloğlu da APA-ya açıqlamasında A. Şahbazovun iclasda ADP-nin təmsilçisi kimi iştirak etmədiyini, yalnız Rəsul Quliyevin müəyyən fikirlərini blok liderlərinə çatdırdığını deyib.
A. Şahbazov isə iclasda ADP-də gözlənilən parçalanmanın qarşısının alınması üçün müzakirələrin aparıldığını deyib: “Blok liderlərinin mövqeyi odur ki, partiya parçalanma təhlükəsi qarşısındadır və bunu sovuşdurmaq lazımdır. Biz yaranmış vaəziyyətdən, siyasi böhrandan çıxmaq əzmindəyik. Sədrlər Şurası da ADP-də baş verənləri Nizamnaməyə uyğun həll olunmasında maraqlıdırlar. Bizim də möqeyimiz odur ki, Ali Məclisin iclası çağrılmalıdır və məlum qərara yenidən münasibət bildirilməlidir”. A. Şahbazov sədrin sərəncamı ilə blokda təmsilçi təyin olunduğunu və bundan sonra da ADP adından iclaslarda özünün iştirak edəcəyini qeyd edib. O, blok liderlərinin təmsilçi kimi məhz onu qəbul etdiklərini də qeyd edib: “Bizim bir yerdə müzakirə aparmağımız da elə mənim təmsilçi kimi qəbul edilməyimdir. Əgər blokun iclasında iştirak edib sədrin sərəncamı ilə onları tanış edirəmsə, deməli, partiyanı mən təmsil edirəm. Təbii ki, növbəti iclaslarda da təmsilçilik fəaliyyətimi davam etdirəcəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR