Bank Of Baku

Rəsul Quliyevin tərəfdarları ADP Ali Məclisinin iclasını fevralın 18-nə təyin ediblər

Rəsul Quliyevin tərəfdarları ADP Ali Məclisinin iclasını fevralın 18-nə təyin ediblər
# 14 fevral 2007 11:06 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Rəsul Quliyevi müdafiə edən qanadı fevralın 18-də Ali Məclisin növbəti iclasını keçirmək qərarı verib. Bu barədə APA-ya ADP-dəki mənbələrdən məlumat daxil olub. Partiyanın Bakı rəhbərliyi Ali Məclisin iclasının keçirilməsinin əleyhinə olduğu üçün, toplantının “Bakı Xəbər” qəzetinin redaksiyasında keçiriləcəyi gözlənilir. Ali Məclisin sabiq sədri Akif Şahbazov APA-ya açıqlamasında bazar günü qurumun iclasının keçiriləcəyi barədə məlumatı təsdiqləyib: “Mən iclasın partiyanın qərargahında keçirilməsinin tərəfdarıyam və bu fikrimdə israrlıyam. Ona görə də iclası qərargahda keçirməyə çalışacağıq. Amma hər hansı problem, qarşıdurma yaranacaqsa, iclası başqa yerdə keçirə bilərik”. A. Şahbazov indiki halda iclasın “Bakı Xəbər” qəzetinin redaksiyasında keçirilməsi ilə bağlı müzakirələrin aparılmadığını deyib. Ali Məclisin üzvü Zəminə Dünyamalıyeva isə APA-ya ADP-də tərəf yaratmaq meyllərinin olduğunu və tərəflərin heç birini qəbul etmədiyini deyib. Onun sözlərinə görə, partiyanın bütövlükdə Ali Məclisin iclasını keçirilməsinin tərəfdarıdır: “Yanvarın 27-də iclas oldu və qərar çıxardı. Sədrin bu qərara münasibəti müsbət olmadı. Orada kvorum yox idi və bunu əsas tutub təkrar iclas çağırılmalıdır. Rəsul Quliyev Nizamnaməyə uyğun olaraq bu məsələyə 3 gün müddətində münasibətini bildirib ki, qərarla razı deyil və Ali Məclisi yenidən çağırmağı təklif edib”. Z. Dünyamalıyeva Ali Məclisin iclasında iştirak edib-etməyəcəyi ilə bağlı suala konkret cavab verməyib. Ali Məclisin digər üzvü Solmaz Ələsgərova isə bu iclasda iştirak edəcəyini deyib: “Çünki bu iclas Rəsul Quliyevin təşəbbüsü ilə çağrılır”. O, iclasın “Bakı Xəbər” qəzetinin redaksiyasında yox, başqa yerdə keçiriləcəyini və bunun bir gün əvvəl elan olunacağını bildirib. “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, iclasın qəzet redaksiyasında keçirilməsi təklif olunan variantlardan biridir: “ADP-nin qərargahı “Hürriyyət” qəzetinin balansındadır və ola bilər ki, qəzet rəhbərliyi orada iclasın keçirilməsinə etiraz etsin. Bu halda biz toplantını başqa yerdə keçirəcəyik”. ADP-nin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov APA-ya açıqlamasında artıq bu barədə məlumatlı olduğunu deyib. Onun sözlərinə görə, A. Şahbazov və Aydın Quliyev rayon təşkilatlarına və Ali Məclis üzvlərinə zəng edərək onları iclasa çağırırlar: “Bu şəxslərin nəinki Ali Məclisin iclasını çağırmaq, ADP adından belə danışmaq səlahiyyətləri yoxdur. Ona görə də onların keçirəcəyi hər hansı toplantının hüquqi qüvvəsi olmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR