Bank Of Baku

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək
# 15 fevral 2007 09:29 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi 26 Fevral - Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirəcək. Səfirliyin mətbuat katibi Gültəkin Həbibli APA-ya bildirib ki, Xocalı soyqırımı ilə bağlı Türkiyənin bir sıra qəzetində (“Cümhuriyyət”, “Zaman”, “Hüriyyət”, “Milliyyət”, “Milli qəzet”, “Bu gün”, “Akşam”, “Sabah”, “Turkish Dayli News”, “Yeni Şəfəq”, “Posta”, “Star”, “Ortadoğu”, “Yeniçağ” qəzetləri, “Xalqın səsi”, “First Business”, “Kıprıs Məktubu” jurnalları, habelə Ərzurum, Sivas, Çorum, Şaframbolu, Eskişəhər, Antalya və Kəmərdə dərc olunan yerli qəzetlər) materiallar, müsahibələr, faciəni əks etdirən fotolar dərc etdiriləcək. Bundan başqa, Türkiyənin TRT, “Kanal A”, “Kanal TV 5”, STV, CNN-Türk, “Avrasiya”, “Başkent”, “Kanal 7”, “Ulusal Kanal” və “Türkmeneli” televiziya kanalları ilə görüşlər təyin edilib, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun müsahibələri ilə yanaşı, Xocalı faciəsini əks etdirən, Heydər Əliyev Fondunun səfirliyə təqdim etdiyi CD-lərdəki canlı film nümayiş etdiriləcək. Fevralın 26-da həmin kanalların xəbərlər bülletenlərində faciə haqqında məlumatlar veriləcək. G.Həbibli bildirib ki, səfirlik türk və ingilis dillərində press-relizlər hazırlayaraq, Türkiyə Xarici İşlər Nazirliyinə, xarici ölkələrin Ankarada akkreditə olunmuş səfirliklərinə və diplomatik nümayəndəliklərə göndərəcək. Ankaranın Keçiörən rayonunda (Ankaranın Keçiörən Bələdiyyəsi 9 mart 2005-ci ildə Xocalı soyqırımını tanıması haqqında rəsmi qərar qəbul edib) Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında matəm mərasimi keçiriləcək. Mitinqdə Türkiyənin siyasət adamları, ictimai xadimləri iştirak edəcək. Mərasim Bakıda nəzərdə tutulan 1 dəqiqəlik sükut vaxtından (saat 17.00), bir az əvvəl başlayacaq və yerli vaxtla 15.00-da 1 dəqiqəlik sükutla Xocalı qurbanları yad ediləcək. Mərasimdə, həmçinin, hərbi və digər təhsil müəssisələrində oxuyan azərbaycanlı müdavim və tələbələr də iştirak edəcək. Ankara şəhərində azərbaycanlı tələbələrin, Türkiyənin qeyri-hökumət təşkilatlarının, ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə fevralın 24-də Ankaranın “Qızıl Ay” meydanında aksiya keçiriləcək, aksiyanın sonunda Türkiyə TBMM-ə, soyqırımın tanınması ilə bağlı BMT-yə müraciət qəbul olunacaq. Aksiyada “Bir millət, iki dövlət”, “Türkün Türkdən başqa dostu yoxdur”, “Türk Türkə qardaşdır” şüarları yazılmış plakatlar qaldırılacaq. Fevralın 26-da isə Ankaranın Bilkənt rayonunda simfonik orkestrin müşayiəti ilə matəm konserti və sərgi təşkil olunacaq. Mərasimə ölkədə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Türkiyə XİN-in əməkdaşları, soydaşlarımız, səfirliyin əməkdaşları, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR