Bank Of Baku

Azərbaycan Demokrat Partiyası de-fakto parçalanıb

Azərbaycan Demokrat Partiyası de-fakto parçalanıb
# 19 fevral 2007 11:05 (UTC +04:00)
APA-nın məlumatına görə, Ali Məclisin sədri Akif Şahbazov iclasda Ali Məclis üzvlərinin iştirak etdiyini və yetərsay olduğunu deyib. O, iclasın gündəliyinə Ali Məclisin bu il yanvarın 27-də keçirilmiş iclasında qəbul olunmuş qərarların yenidən müzakirəsinin və ADP sədrinin son sərəncamlarının təsdiqinin daxil edildiyini söyləyib. İclasa ADP sədri Rəsul Quliyev də telefon vasitəsilə qatılıb. Sonuncu parlament seçkilərindən sonra müxalifətin strategiya və taktikasında dəyişikliklər edilməsi ilə bağlı dəfələrlə təkliflər verdiyini xatırladan R. Quliyev demokratiya uğrunda mübarizənin davam etdirilməsinin lazımlılığını vurğulayıb. O, Ali Məclis üzvlərindən onlara göndərdiyi qərar layihəsini müzakirə edərək, münasibət bildirmələrini xahiş edib: “Ümid edirəm ki, biz qurultaya da bu qərarla gedəcəyik”. R. Quliyev müxalifətin ənənəvi mübarizə üsullarını hələ də dəyişmədiyini bir daha qeyd edib. ADP sədri bəzi müxalifət partiyalarının milli forumun keçirilməsi ilə bağlı təklifdən imtina etmələrinə də təssüflənib. “Azadlıq” bloku Sədrlər Şurasının onun sərəncamından sonra belə Sərdar Cəlaloğlunu təmsilçi kimi qəbul etməklə bağlı qərarını başqa partiyaların işinə müdaxilə kimi qiymətləndirən R. Quliyev blokun bu problemlə bağlı qərar qəbul etməsini “gülünc hərəkət” adlandırıb: “Onlar heç olmasa bu məsələ ilə bağlı bəyanat də qəbul etməyiblər, birbaşa qərar qəbul ediblər. Bu, gülüncdür”.
R. Quliyevin çıxışından sonra Ali Məclisin sədr müavini Yaqub Abbasov sədrin məktubunu oxuyub. Məktubda R. Quliyev öz şəxsi maraqları üçün ADP üzvlərinin adından istifadə edən bəzilərinin xalqı çaşdıra biləcək ideyalar irəli sürdüklərini, saxta yolla müəyyən vəzifə ələ keçirmək cəhdlərini qəbul etmədiyini, partiyası daxilində demokratik prinsiplərə əməl etmədən hökumətdən demokratiya tələb etməyə mənəvi haqqın olmadığını bildirib: “Şəxsi maraqlar üçün separat danışıqlar aparılması ideyasını rədd edirəm. Bu, ADP-çilərə və xalqa qarşı hörmətsizlikdir. Kiçik bir qrup adamla gurultulu partiyadan xaric etmə qərarlarının verilməsi ironiya və acı gülüşdən başqa bir şeyə layiq deyil. Bu adamların əlinə hakimiyyət keçəcəyi halda nələrin törənə biləcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. ADP-nin bəzi rəhbər şəxslərinin perspektivsiz, şəxsi maraqlar və ambisiyalara söykənən bəyanatlarla çıxış etməsinə təəssüflənirəm. İndiki halda qəbul edə biləcəyimiz ən doğru qərar milli forumun keçirilməsidir. Qurultaya qədər Azadlıq bloku ilə əməkdaşlığın qurulması yalnız sədrin səlahiyyətindədir. Nizamnamə və proqrama tabe olmayıb, Ali Məclisin iclasında iştirakdan imtina edən rayon təşkilatları rəhbərlərinin məsuliyyət məsələsinin müzakirə edilməsini təklif edirəm. Buna mütləq qiymət verilməlidir. Bu ilin aprel ayına qədər qurultayın keçirilməsinin zəruri olması barədə qərarın qəbul edilməsinə də ehtiyac var ”.
Daha sonra Ali Məclis jurnalistlərin iştirakı olmadan müzakirəni davam etdirib. İclasın sonunda ADP Ali Məclisinin bu il yanvarın 27-də hakimiyyətlə münasibətlərin konstruktiv müstəvidə qurulması ilə bağlı qərar ləğv edilib. Həmçinin R. Quliyevin S. Cəlaloğlunun və daha bir neçə rəhbərlikdə təmsil olunan şəxsləri vəzifələrindən azad etmələri, Akif Şahbazovu ADP-nin “Azadlıq” blokundakı təmsilçisi təyin etməsi ilə bağlı sərəncamları təsdiqlənib. Ali Məclisin iclasında 17 nəfərdən ibarət, alternativ Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və qurultayın bu ilin aprel ayına qədər keçirilməsi qərara alınıb. Təşkilat Komitəsinin sədri Rəsul Quliyev, müavin isə Akif Şahbazov elan olunub. A. Şahbazov APA-ya açıqlamasında iclasın onu bir daha partiyanın “Azadlıq” blokunda təmsilçisi kimi təsdiqlədiyini deyib və blokda təmsil olunan digər partiyaların rəhbərliyi ilə bununla bağlı yenidən söhbət aparacağını bildirib. Azərbaycan Demokrat Partiyasının (ADP) Rəsul Quliyevin rəhbərlik etdiyi hissəsinin fevralın 18-də keçirilmiş Ali Məclisinin iclasını partiyanın Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsi “qanundankənar” hesab edir. ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Siyasi partiyalar haqqında” qanunun 10-cu maddəsinə və ADP-nin Nizamnaməsinə zidd olaraq Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında Ali Məclis adı ilə iclasın keçirilib. Tərəfin iddiasına görə, 81 nəfər keçmiş Ali Məclis üzvündən yalnız 13-ü iclasda iştirak edib: “Partiyanın keçmiş sədri, IX Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Rəsul Quliyev də partiyanın parçalanmasına xidmət edən bu tədbirə dəstək verib. O cümlədən, qondarma Məclis iclasında partiya sıralarından qovulmuş Akif Şahbazov, Aydın Quliyev, buraxılmış Nəsimi rayon təşkilatından Yasin Rüstəmov, partiya sıralarından öz ərizəsi ilə istefa vermiş Pərviz Baxşəliyev və digər şəxslər də qatılıblar”. ADP-nin Rəsul Quliyevin sədrlik etdiyi Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Aydın Quliyev isə APA-ya açıqlamasında S. Cəlaloğlunun söylədiklərinin onlar üçün əhəmiyyətinin olmadığını bildirib: “Ali Məclisin iclası çox yüksək səviyyədə keçib və kvorum olub. Bunu iclasda axıra kimi iştirak edən iki MNTK üzvü də təsdiq edə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR