Bank Of Baku

ADP-də qarşılıqlı ittihamlar davam edir

ADP-də qarşılıqlı ittihamlar davam edir
# 21 fevral 2007 16:12 (UTC +04:00)
“Biz Rəsul Quliyevin tərəfdarlarının keçirdikləri iclasın hüquqi cəhətdən Ali Məclis adlandırıla bilinməyəcəyini sübut etmişik. Həmin iclasda iştirak edənlərin siyahısını dərc etmişik və orada cəmi 20 nəfərin Ali Məclisin keçmiş üzvü olduğu aşkarlanıb”. Bu fikirləri APA-ya açıqlamasında Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, R. Quliyev tərəfdarları hüquqi cəhətdən uduzduqlarını anlayıblar və buna baxmayaraq siyasi şou təşkilində davam edirlər: “Biz ADP-ni müdafiə edən Ali Məclis üzvlərinin siyahısını açıqladığımız kimi, onlar da öz siyahılarını açıqlasınlar. Biz dəfələrlə demişik ki, ortaya siyahı qoyun, adamlarınızı üzə çıxarın. Onlar gecə-gündüz işləyib KXCP-nin qərargahına cəmi 45 nəfər yığa bildilər. Bizim əlimizdə faktlar, şəkillər, videoyazılar var. Onlara məhkəmə qaydasında sübut edəcəyik ki, Ali Məclis üzvlərinin adından saxta toplantı keçiriblər. Özləri də bunu bilir və ciddi şəkildə narahatdırlar. Buna görə də artıq rayonlara gedib ADP üzvlərindən əlavə imzalar toplamaq istəyirlər”. S. Cəlaloğlu istənilən halda qarşı tərəfin uduzacağını vurğulayıb. Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin mətbuat xidməti isə yeni məlumat yayıb. APA-ya daxil olan məlumatda Rəsul Quliyevin sədrlik etdiyi Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin dünənki iclasında sədrin Təşkilat Komitəsi üzvlərini danladığı bildirilib. Mətbuat xidməti iclasa telefonla qatılan R. Quliyevin fevralın 18-də keçirilmiş iclasa 40-dan yuxarı Ali Məclis üzvünü toplaya bilmədiklərinə görə onları kəskin tənqid etdiyini bildirib: “Rəsul Quliyev Ali Məclisin cəmi 20 üzvünün toplantıya qatılmasını biabırçılıq adlandırıb. O, qrup üzvlərinə nəyin bahasına olursa-olsun Ali Məclisin 40 üzvünün siyahısını hazırlayıb mətbuata açıqlamaq üçün bir həftə vaxt verib. Qrup üzvləri özlərinin uğursuzluğunu R. Quliyevin nüfuzdan düşməsi və partiyadan qovulmuş Aydın Quliyevə və Akif Şahbazova üstünlük verməsi ilə əlaqələndiriblər”.
R. Quliyevin rəhbərlik etdiyi Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Zəminə Dünyamalıyeva isə APA-ya açıqlamasında mətbuat xidmətinin yaydığı məlumatın doğru olmadığını bildirib: “Sadəcə, Rəsul Quliyev iclasa qatılaraq bizə öz tövsiyələrini verib. 1998-ci ildən bu vaxta qədər Rəsul Quliyev Sərdar Cəlaloğlunu danlayıb, amma o, nəticə çıxarmayıb”. Ali Məclis üzvlərinin siyahısının açıqlanması ilə bağlı tələbə gəldikdə Z. Dünyamalıyeva siyahının iclas keçirildiyi gün hazırlandığını bildirib və onun mətbuata təqdim olunmasında heç bir problemin olmadığını qeyd edib: “Əslində, bizim Ali Məclisin iclasından əvvəl Sərdar Cəlaloğlu ilə görüşümüz oldu və partiyanın parçalanmamağı üçün birgə addımlar atmağı təklif etdik. Amma o bildirdi ki, “nə edirsiniz edin, onsuz da mənə beş nəfər lazımdır”. Əgər o iclasda iştirak edən şəxslərin Ali Məclis üzvü olduğuna inanmırsa, biz istənilən vaxt siyahını ona təqdim edə bilərik. Siyahıya inanmasa, videokasset də təqdim edə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR