Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyev nəinki siyasətdə qala bilmədi, hətta siyasətdən abırlı getməyi də bacarmadı”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyev nəinki siyasətdə qala bilmədi, hətta siyasətdən abırlı getməyi də bacarmadı”
# 22 fevral 2007 11:28 (UTC +04:00)
Bu fikirləri APA-ya eksklüziv müsahibəsində ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitələrindən birinin sədri olan Sərdar Cəlaloğlu deyib. O, R. Quliyevin nəyisə sübut etməyə çalışdığını, amma buna nail ola bilməyəcəyini deyib: “Onlar boş-boş danışmaları ilə heç nəyə nail olmayacaqlar. Özləri fil qulağında yatıblar, Rəsul Quliyev isə həmişə blef edib, indi də o blefi davam etdirir. Elə başa düşür ki, Aydın Quliyev, Akif Şahbazovla yalançı ADP yarada biləcək. Amma bunların hamısı boşdur. Fevralın 18-də keçirilən toplantıda iştirak edənlərin siyahısı, tədbirdən çəkilmiş fotoşəkillər əlimizdədir, televiziya çəkilişləri var, oradakıların yalnız 20-i Ali Məclisin üzvüdür. Qalan 22 nəfərin isə ADP-yə aidiyyəti yoxdur, biz bunu məhkəmədə də sübut edəcəyik. Rəsul Quliyev də mənim kimi faktla danışsa, yaxşı olar, nağıl danışmağa ehtiyac yoxdur”. R. Quliyevə dəfələrlə güzəştə getdiyini bildirən S. Cəlaloğlu “əgər o, ADP-də qohum-qardaş da daxil olmaqla 25 nəfər yığa bilmirsə, bunu siyasətçi kimi başa düşərək, zəruri addım atmalıdır. Amma bundan sonra da demaqoqluq etməyin nə mənası var? O, bizi hədələyib, “ADP-nin harada olduğunu görəcəyik” deyir. Nəyi görəcəksən? Fevralın 18-də ADP-nin harada olduğunu gördük. Artıq bu mövzuda danışmaq ayıbdır. Rəsul Quliyev iflasa uğrayıb, o öz iflasını qəbul etməlidir” deyə, bildirib. S. Cəlaloğlu vaxtilə Azərbaycan prezidentliyi uğrunda mübarizə aparan R. Quliyevin indi ADP uğrunda dava apardığını deyib: “O məğlub olacaq. ADP-də heç vaxt onun dayaqları olmayıb. Rəsul Quliyevin nöqsanları, xarakterindəki eybəcərliklər, zəifliklər üzündən ADP-nin çox üzvləri partiyadan getdi. Mən uzun illər partiyada yalnız onun nöqsanlarının üzvlərə məlum olmamasına çalışmışam. Rəsul Quliyevin eyibini örtən onun Azərbaycandan uzaqda olmasıdır”. S. Cəlaloğlunun fikrincə, ABŞ-a gedib R. Quliyevlə görüşənlərin 90 faizi sonradan ondan üz döndəriblər: “İradəsizliyini, qorxaqlığını göstərəndən sonra ADP-də kimsə onu lider kimi görmür. Bu partiya onu lider kimi qəbul etmir, yığdığı adam, dost-tanışı, vaxtilə YAP-dan onunla bərabər ayrılanlarla birlikdə tərəfdarlarının sayı 45 nəfər olub. Bundan niyə nəticə çıxarmır?”
R. Quliyevlə son bir ildə dəfələrlə danışıqlar aparıb, onun siyasətdən getməsini məsləhət gördüyünü bildirən S. Cəlaloğlu keçmiş sədrinin artıq siyasətdə olmadığını bildirib: “Rəsul Quliyev nəinki siyasətdə qala bilmədi, hətta siyasətdən abırlı getməyi də bacarmadı. Bu on il ərzində biz Rəsul Quliyevin siyasi obrazını yaratmaq üçün çox enerji sərf etdik, amma olmadı”. S. Cəlaloğlu onu da bildirib ki, R. Quliyevin partiyaya etdiyi təkliflərlə bağlı onlarla məktubları var, əgər o razılıq versə, həmin məktubları mətbuatda dərc etdirə bilər: “O zaman hamı onun düşüncəsinin, təkliflərinin nədən ibarət olduğunu bilər. Biz onun məktublarının 90 faizini partiya üzvlərindən gizlətmişik ki, biabır olmasın. Özü söhbətin nələrdən getdiyini bilir. Buna görə də ona susmağı və siyasətdən abırlı getməyin yolarını aramağı məsləhət bilirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR