Bank Of Baku

Martın 29-da İsrail-Azərbaycan Assosiasiyasının təsis qurultayının keçirilməsi gözlənilir

Martın 29-da İsrail-Azərbaycan Assosiasiyasının təsis qurultayının keçirilməsi gözlənilir
# 22 fevral 2007 14:33 (UTC +04:00)
Bu barədə APA-ya İsrail Knessetinin üzvü, keçmiş bakılı İosif Şaqal məlumat verib. Onun sözlərinə görə, qurultayda 300 nümayəndə və təxminən 100 qonaq iştirak edəcək. İ. Şaqal tədbirdə Azərbaycanın hökumət nümayəndələrinin və incəsənət xadimlərinin də iştirakını istədiklərini deyərək Azərbaycan incəsənət xadimlərinin İsrailə nadir hallarda səfər etdiklərini təəssüflə vurğulayıb. Yeni yaradılacaq assosiasiyanın məqsəd və vəzifələrindən danışan həmyerlimiz hazırda İsraildə Azərbaycandan köçmüş 100 mindən çox insanın yaşadığını xatırladaraq onların bir neçə dəfə dostluq cəmiyyətləri yaratmağa cəhd göstərdiklərini qeyd edib: “Müxtəlif şəhərlərdə həvəskar qruplar yığışaraq hansısa şəkildə birləşməyə cəhd ediblər. Biz isə bütün Azərbaycan icmasını birləşdirəcək monolit qurum yaradılmasında maraqlıyıq. İki ölkə arasında diplomatik münasibətlərin olmasına baxmayaraq, Azərbaycanın İsraildə səfirliyi yoxdur, ona görə də konsulluq məsələləri baxımından, həmçinin sosial, iqtisadi, texniki xarakterli problemlər ortaya çıxır. İnsanlar öz vətənləri ilə əlaqəni itirmək istəmirlər. Yeni yaradılacaq struktur Azərbaycan səfirliyi fəaliyyətə başlayana qədər bu funksiyaları qismən yerinə yetirə bilər”. İ. Şaqal bildirib ki, Azərbaycanda baş verənlərlə bağlı İsraildə kifayət qədər məlumat yoxdur, mədəni mübadilə və informasiya mübadiləsi sahəsində ciddi problemlər mövcuddur, bugünkü Azərbaycan haqqında təsəvvür yaradacaq qəzet çıxmır və qarşılıqlı əlaqələr mövcud deyil, bu səbəblə İsrailə Azərbaycan haqqında tez-tez təhrifolunmuş informasiyalar çatır: “Azərbaycandan İsrailə köçən insanların övladları, nəvələri dünyaya gəlib. Biz təbii olaraq Azərbaycanla əlaqəmizin kəsilməsini istəmirik. Əksinə, əlaqələrimizin intensivləşməsini arzulayırıq”. İ. Şaqalın sözlərinə görə, son 10 ay ərzində Azərbaycana 3 dəfə səfər etməsi məhz assosiasiyanın yaradılması ilə bağlı olub. O qeyd edib ki, Azərbaycan bu təşəbbüsə ciddi dəstək verir: “Belə bir layihəni Azərbaycanın iştirakı olmadan reallaşdırmaq çox çətin olardı. Mən hesab edirəm ki, perspektivdə Azərbaycan diasporunun ümumdünya assosiasiyasının yaradılması məqsədəuyğundur. Bu, dünya ictimai rəyinə təsir göstərilməsi və Azərbaycanın siyasi-iqtisadi maraqlarının müdafiəsi baxımından çox güclü vasitə olar”. İsraildə bir çox etnik azərbaycanlının yaşadığını da deyən Knesset üzvü bu etnosun öz mədəniyyətini qoruya bilməsi üçün Azərbaycan dili kurslarının açılmasının vacibliyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR