Bank Of Baku

Tomris Azəri: “Amerikada yaşayan azərbaycanlılar konqresmenləri qondarma soyqırımı layihəsinə səs verməməyə çağırıblar”

Tomris Azəri: “Amerikada yaşayan azərbaycanlılar konqresmenləri qondarma soyqırımı layihəsinə səs verməməyə çağırıblar”
# 23 fevral 2007 11:20 (UTC +04:00)
- 50 il öncə fəaliyyətə başlayan Amerika-Azərbaycan Cəmiyyətinin yaradılması ideyası kimə məxsusdur?
- Amerika-Azərbaycan Cəmiyyəti dünyada ikinci ən qocaman Azərbaycan diaspora təşkilatıdır. İlk belə təşkilat 50-ci illərin ortalarında Türkiyədə yaradılıb. Amerika-Azərbaycan Cəmiyyətinin yaradıcıları Amerikada dünyaya göz acan uşaqlarına və nəvələrinə Azərbaycanın tarixi və mədəniyyətini öyrənməyə kömək etmək məqsədi daşıyırdılar. Onlar ölkəmiz haqqında vacib mədəni və tarixi məlumatın yayılması üçün fəaliyyət göstərib, dilimiz, mədəniyyətimiz və tariximizin təbliğinə çoxlu enerji sərf etmişdilər. 1957-ci ildə mərkəz təsis olunan zaman məqsədi ABŞ-da böyüyən gənc azərbaycanlı balaları bir yerə toplayaraq sahib olduqları tarixi və mədəniyyəti onlara öyrətmək idi. Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra isə məqsədimiz dəyişib. Ölkənin işğal olunmuş torpaqları, qaçqınların vəziyyəti barədə dünya ictimaiyyətini məlumatlandırmaq əsas məqsədlərimizdir.
- Sizin əcdadlarınız Azərbaycan Demokratik Respublikasının banilərindən olublar. Qurumun təsis edilməsinə bu fakt təsir göstəribmi?
- Amerika-Azərbaycan Cəmiyyətinin yaradıcıları azadlığın hər şey demək olduğunu və müstəqil respublikanın böyük əhəmiyyətini başa düşürdülər. ABŞ-da məskunlaşmasına baxmayaraq, onlar Azərbaycanın azadlığı uğrunda mübarizəni dəstəkləməkdə davam edirdilər. Bu barədə onlar dua edir, yazılar yazır, uşaqları və nəvələri ilə danışardılar. Onlar bilirdilər ki, bir gün Azərbaycan əvvəlki kimi yenə də azad olacaq. Yadımdadır, babam, Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik naziri Nağı Şeyxzamanlı deyərdi: “Mən tam əminəm ki, ruslar və ya digərlərin Azərbaycanda hökmranlığı uzunmüddətli olmayacaq. Azadlığı hər şeydən üstün tutan Azərbaycan xalqı ayağa qalxaraq öz müstəqilliyini bərpa edəcək. Mənim azadlıq həsrətində olan ölü cəsədim və gözlərim bu günü görməyə bilər, lakin uşaqlarım və nəvələrimə bu günü görmək qismət olacaq”.
- Qurumun 50 illik yubileyi ilə bağlı hansı tədbirlər planlaşdırılıb?
- Bu önəmli tədbir mayın 11-də “Marriott Marquis” hotelində “Okeanın hər iki tərəfindən uzanan əllər” adı altında keçiriləcək. Biz həm ABŞ, həm də Azərbaycandan hörmətli qonaqlar, siyasətçilər, biznes təmsilçiləri və incəsənət adamlarını gözləyirik. Əlavə olaraq ABŞ-la Azərbaycanın 3 qardaş şəhər merlərini bir araya toplayacağıq. Onlar sözün əsl mənasında eyni axşam eyni səhnəyə çıxaraq bir birlərinin əlini sıxacaqlar. Bundan başqa bir hörmətli qonağımız üçün Azərbaycan mədəniyyət ustalarından fantastik bir mükafat olacaq. Bu tədbir həmçinin ABŞ qanunvericilərinə göstərəcək ki, bu ölkədə sanballı Amerika-Azərbaycan Cəmiyyəti var.
- ABŞ-da Azərbaycan diasporu qondarma “erməni soyqırımı” layihəsinin qəbulunun qarşısını almağa necə kömək edə bilər?
- Erməni diasporu ABŞ-da yaxşı təşkilatlanıb. Onların dəqiq məqsədləri mövcuddur və erməni cəmiyyətlərinin hər bir üzvü bu məqsədlərə inanır, onun reallaşması üçün işləyir. Erməni diasporu və biznesmenləri cəmiyyətlərinin maliyyələşdirilməsini bir borc və öhdəlik kimi görürlər. Ona görə də hər biri böyük zəhmətlə qazanılan nailiyyətləri ilə fəxr edirlər. Bu təşkilatlar Ermənistan hökumətinin dəstəyinə ehtiyac duymurlar. Fikrimcə, amerikalı azərbaycanlılar yaşadıqları ştatdan seçilmiş konqresmenləri məlumatlandırmalıdır. Cəmiyyətimiz və bütün Amerika azərbaycanlıları öz ərazilərindən seçilən millət vəkillərinə yazılı və şifahi sürətdə müraciət edərək onları qondarma “erməni soyqırımı”nı tanıyan layihəyə səs verməməyə çağırıb. İnanıram ki, bu qanun layihəsinə dəstək verən bəzi qanunvericilər öz fikirlərindən daşınıblar.
- Bu il biz qondarma “erməni soyqırımı” haqqında qətnamənin qəbulu təhlükəsi mövcuddurmu?
- Erməni diasporu neçə illərdir bu qətnaməni qəbul etdirməyə cəhd göstərsə də, məqsədinə nail olmayıb. Bu il də onların arzusunun gözündə qalacağına ümidliyəm. Türkiyənin ABŞ-ın strateji müttəfiqi olması faktı nəinki administrasiyanın, həmçinin Konqresin bir çox üzvlərinə gözəl məlumdur. ABŞ administrasiyası və Konqres bir çox vacib məsələlərdə ümumi razılığa gələ bilərlər, ancaq sonda onların hamısı ABŞ-ın milli maraqlarının ən yaxşı şəkildə təmin olunmasına çalışırlar.
- Martda Bakıda Azərbaycan və Türk Diaspor Təşkilatlarının I Forumu keçiriləcək. Sizcə bu tədbir Amerikadakı Azərbaycan və Türk diaspora lobbilərinə praktiki olaraq hansı müsbət impulslar verəcək?
- Dünya Azərbaycanlılarının Əlaqələndirmə Komitəsinin vitse-prezidenti və Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti olaraq, mən bu tədbirə qatılmağı doğurdan da səbirsizliklə gözləyirəm. 2007-ci ildə bu iki cəmiyyətləri bir yerə toplamaq çox gözəl ideyadır, biz bu ideyanın baş tutması üçün neçə illərdir birgə çalışırıq. Təşkilatımız Vaşinqtonda Türk-Amerika Cəmiyyətləri Assambleyasının (ATAA) və Nyu-Yorkdakı Türk-Amerika Təşkilatları Federasiyasının (FTAA) üzvüdür. Mən vitse-prezident olaraq hər iki təşkilatın şuralarında xidmət etməyimlə fəxr edirəm. Hər iki təşkilat neçə illərdir ki, bizim işimizə dəstək verir. Biz birgə işləməyə davam edəcəyik. Azərbaycanla Pakistan arasında gözəl əlaqələr qurulandan bəri cəmiyyətimiz Pakistan-Amerikan qrupları ilə yaxşı əlaqələr qurur. Bundan başqa, Amerika-Azərbaycan Cəmiyyəti Amerika Yəhudi Komitəsi də daxil olmaqla bir çox Amerika-Yəhudi cəmiyyətləri və təşkilatları ilə gözəl əlaqələr qurub. Bizim gələcək fəaliyyətlərlə bağlı birgə planlarımız var.
- Sizcə Amerika-Azərbaycan Cəmiyyətləri Assambleyasının yaradılması istiqamətində əsas maneələr nələrdir?
- Nəzəri baxımdan bu çox asan addımdır. Assambleyanın strukturunun formalaşdırılması üçün müxtəlif Amerika-Azərbaycan təşkilatlarına və Direktorlar Şurasına müraciət olunmalıdır. Onlar bu prosesdə iştirak etməlidirlər. Lakin bu təşkilatlar peşəkar şəkildə təşkilatlanmalı və idarə olunmalı, ümumi gündəliyi, həmçinin Amerika və Azərbaycanın yaxşılığına və məqsədlərinə xidmət edən niyyəti olmalıdır. İndi bəzi yeni yaranmış təşkilatların əsaslı gündəliyə və proqrama malik olmayıb, yalnız şəxsi məqsəd və qazancı düşünməsi məni çox narahat edir. Assambleya konsepsiyası başqa ölkələrə deyil, ABŞ-a əsaslanmalıdır. Mən inanıram ki, belə bir Assambleya möhkəm əsas üzərində qurulmalı, bütün təşkilatların razılaşdığı möhkəm əsasnamə və gündəliyə malik olmalıdır. Əgər belə bir koalisiya müvəffəqiyyət qazanmazsa, bu müvəffəqiyyətli diaspora yaratmaq prosesinə zərbə vura bilər. Biz buna yol verə bilmərik. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR