Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır”

Rəcəb Tayyib Ərdoğan: “Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır”
# 09 mart 2007 07:08 (UTC +04:00)
- Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz? “Bir millət, iki dövlət” anlayışı reallıqda əksini necə tapır və hansı konkret addımlarla daha da gücləndirilə bilər?
- Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır. Dünyada başqa bir örnəyi olmayan bu durum şübhəsiz ki, Türkiyə və Azərbaycanın beynəlxalq əlaqələri baxımından hər iki ölkənin üstünlüyüdür. İki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni, ticarət və digər sahələrdə nümunəvi əlaqələr mövcuddur. Qarşılıqlı inam və birgə fəaliyyətlə əlaqələrimizin inkişafına və güclənməsinə nail olduq, bunun üçün sağlam təməl yaratdıq. Azərbaycanın zəngin enerji ehtiyatları, sürətlə inkişaf edən iqtisadiyyatı, demokratiya və insan haqları sahəsində həyata keçirdiyi islahatlarla bölgədə və dünyada getdikcə layiq olduğu nöqtəyə çatmaqda olduğunu məmnuniyyətlə izləyirik. Qardaş Azərbaycan və qonşu Gürcüstanla birlikdə gerçəkləşdirdiyimiz Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrindən sonra Bakı-Tiflis-Qars dəmir yolu layihəsini də reallaşdırmaq üçün fəaliyyətimizi davam etdiririk. Arzumuz bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaqdır. Azərbaycanlı qardaşlarımızın da bu məsələdə qərarlı mövqelərini davam etdirdiklərini məmnuniyyətlə müşahidə edirik. Türkiyə bu günə qədər yaxşı və pis günlərində Azərbaycan xalqının yanında olub və bundan sonra da hər sahədə əlindən gələn dəstəyi göstərməyə hazırdır.
- Ermənistan Azərbaycan torpaqlarının 20 faizini uzun müddətdir, işğal altında saxlayır. Türkiyənin Ermənistanla əlaqə qurması üçün ən önəmli şərtlərindən biri işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması və 1 milyona yaxın qaçqının öz yurdlarına dönməsidir. Ermənistanın əsassız soyqırımı iddialarından və Türkiyəyə qarşı torpaq tələbindən vaz keçməsi də İrəvanla diplomatik əlaqə qurmaq üçün Ankaranın əsas şərtləri arasında yer almaqdadır. Ermənistan Türkiyəyə qarşı bu iddialarından vaz keçərsə, Azərbaycan ərazilərinin işğalı və Qarabağ məsələsi Ankara üçün arxa plana keçə bilərmi?
- Türkiyənin Yuxarı Qarabağ və Azərbaycanın 7 bölgəsində davam edən erməni işğalı məsələsində mövqeyi sizə məlumdur. Türkiyə qardaş Azərbaycana haqlı mübarizəsində imkanları daxilində hər cür dəstək verməkdədir. Bu mənada Türkiyə Minsk Qrupunun üzvü kimi beynəlxalq hüquqa zidd işğalın sona yetməsini təmin edəcək səyləri dəstəkləyir. Türkiyə bu yöndə səylərini önümüzdəki dönəmdə də davam etdirəcək. Qardaş Azərbaycanı tək qoymağımız mümkün deyil. Ermənistan ölkəmizə qarşı indiki siyasətindən vaz keçərək dostyana mövqe tutarsa, münasibətlərimizin normallaşması istiqamətində önəmli məsafə qət edilmiş olacaq. Bunun Azərbaycan-Ermənistan münasibətləri, xüsusən Yuxarı Qarabağ probleminin həllinə də müsbət təsir göstərəcəyini düşünürəm.
- Bu gün Türkiyə-Avropa Birliyi münasibətlərində soyuqluq müşahidə edilir. Türk cümhuriyyətləri ilə əlaqələri hər sahədə inkişaf etdirmək hökumət üçün başlıca istiqamətlərdən biri halına gələ bilərmi? Belə olarsa, “Türk ortaq bazarı”nın yaranması mümkündürmü?
- Əvvəlcə Türkiyə-Avropa Birliyi münasibətləri və Türkiyənin türk cümhuriyyətləri ilə əlaqələrinin bir-birinin alternativi və ya rəqibi olmadığını bildirmək istəyirəm. Türk cümhuriyyətləri ilə aramızdakı köklü tarixi, etnik və mədəni bağlılıqla yanaşı, çoxyönlü xarici siyasətimizə də uyğun olaraq Asiya coğrafiyası hər zaman Türkiyənin xarici siyasətinin prioritet istiqamətlərindən biri olub və olmağa davam edəcək. Azərbaycan və Orta Asiyadakı türk cümhuriyyətlərinin müstəqilliyini tanıyan ilk ölkə olan Türkiyə bu ölkələrin müstəqilliyinin və suverenliyini möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, beynəlxalq aləmlə siyasi-iqtisadi inteqrasiyasına nail olunması istiqamətində ciddi səy göstərib, onların siyasi, iqtisadi və hərbi infrastrukturlarının qurulmasına maddi-texniki dəstək verib. Ölkələrimiz arasında önəmli bir körpü təşkil edən iqtisadi-ticarət əlaqələrini enerji, nəqliyyat, turizm və telekommunikasiya sahələri başda olmaqla, həm ikitərəfli, həm də çoxtərəfli mexanizmlərlə dəstəkləməyimiz qurulmuş bu sağlam körpünün daha da güclənməsinə səbəb olacaq. Türkdilli dövlət başçılarının zirvə toplantıları türk cümhuriyyətlərini bir araya gətirən çoxtərəfli platforma kimi davam etməkdədir. Son olaraq, 2006-cı il noyabrın 17-də Antalyada keçirilən zirvə toplantısı türk cümhuriyyətlərinin arasındakı həmrəylik və anlayış birliyinin qorunmasına verdikləri önəmin göstəricisi olub. Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz xətti, Qars-Axalkələk-Tiflis-Bakı dəmir yolu kimi layihələr Orta Asiya türk cümhuriyyətləri, Azərbaycan və Türkiyə arasında strateji əlaqə yaratmaqdadır. Bu gün müstəqilliklərinin 15-ci ildönümünü qeyd edən bu ölkələr beynəlxalq ictimaiyyətin layiqli üzvü olaraq, dünya səhnəsində yerlərini alıblar. Aradan keçən 15 ildə əməkdaşlığımızın cəmiyyətlərimizin bütün təbəqələrini əhatə edəcək şəkildə real strukturlaşma mərhələsinə keçdiyini məmnuniyyətlə görməkdəyik. Bütün tərəflərin mövcud münasibətlər və əməkdaşlığımızı qarşılıqlı sayğı, bərabərlik və ortaq fayda prinsiplərinə uyğun olaraq daha yüksək səviyyəyə çıxarmaq istiqamətində siyasi iradəyə sahib olmasına şübhə etmirəm. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR