Bank Of Baku

Rəsul Quliyev: “İndi “Azadlıq” blokunu dağılmış və ya dağılmaqda olan blok kimi qəbul etmək olar”

Rəsul Quliyev: “İndi “Azadlıq” blokunu dağılmış və ya dağılmaqda olan blok kimi qəbul etmək olar”
# 09 mart 2007 07:45 (UTC +04:00)
ADP-nin tərəflərindən birinin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Rəsul Quliyevin APA-ya eksklüziv müsahibəsi

- “Azadlıq” bloku Sədrlər Şurasının ADP-ni blokdan uzaqlaşdırması ilə bağlı qərarına münasibətiniz necədir?
- Qərara münasibətim iki mənalıdır. Birincisi, çox təəssüf edirəm ki, bu qərar blokun özünün mövcudluğunu sual altında qoydu. “Azadlıq” bloku ADP-siz daha çox iki partiyanın sazişi kimi görünür. İlk günlərdən blokun rəhbərliyinin buraxdığı səhvlər, blokdaxili böhranın güclənməsinə gətirib çıxardı, indi bloku dağılmış və ya dağılmaq ərəfəsində olan qurum kimi qəbul etmək olar. Bilirsiniz, siyasətdə şəxs və onun kölgəsi faktoru var, əgər şəxs hərəkət edirsə, onun kölgəsinin həmin yerdə qalacağına ümid edərək, onunla sazişə getmək iflasdan başqa bir şey deyil. Ölkədə Rəsul Quliyev faktorunu nəzərə almayıb, naməlum-məlum adamlarla oyun oynamaqla hansı güclü müxalifət koalisiyası yaratmaqdan söhbət gedə bilər? İkincisi, “Azadlıq” blokunun rəhbərliyi çox sağ olsun ki, məni blokun məsuliyyətsizliyinin məsuliyyətindən azad etdilər. Bunlarla yanaşı, mənim blokun liderlərindən olan Lalə Şövkət Hacıyevaya xüsusi hörmətim var, həm onun, həm də Əli Kərimlinin səmimi müxalifətçi olmalarına heç bir şübhəm yoxdur. Amma onların nəzərinə çatdırmaq istəyirəm ki, şəxsi münasibətlər üzərində qurulan siyasətlə uğur qazanmaq olmaz. Kiminsə kiminləsə kobud danışması və ya onu tənqid etməsi meyarı üzərində qurulan müxalifətçilik əlaqələri heç vaxt müsbət nəticə verə bilməz. Siyasətdə partnyorun xalq arasında nüfuzu əsas rol oynamalıdır, məni ölkədə heç bir nüfuza malik olmayan şəxslə müqayisə etmək çəhdi ancaq onların nüfuzuna zərbə vura bilər, mənim yox.
- “Azadlıq” bloku Sədrlər Şurası qərarını ADP-nin israrla hakimiyyətlə dialoqa getmək istəməsi ilə əlaqələndirdi. Sizcə, bu arqumentin əsası varmı?
- Bu qərar bir dəfə mənim tərəfimdən, ikinci dəfə isə Ali Məclisin 45 üzvünün iştirakı ilə ləğv olunub. Ona görə də onların arqumentləri çox mücərrəddir.
- Elə isə blok rəhbərlərinin belə qərar qəbul etməsinin əsl səbəbi Sizə məlumdurmu?
- Bəli, məlumdur, ancaq mən indi bunu açıqlamağı düşünmürəm. Hesab edirəm ki, “Azadlıq” bloku yenidən bu məsələyə qayıtmalıdır.
- Sizcə, ADP-nin parçalanması kimin xidmətləri sayəsində baş verdi?
- Əvvəla, mən ADP-nin parçalanması terminini qəbul etmirəm, yenə qeyd etmək istəyirəm ki, parçalanma ancaq qurultayda baş verə bilər. İkincisi, ADP yaranandan müxtəlif qüvvələr daim hökumətin təşəbbüsü ilə onu dağıtmağa cəhd edib, ancaq buna nail ola bilməyib, necə ki, indi də nail ola bilmədi. Mən çox təəssüf edirəm ki, partiyanı dağıtmaq istəyənlər etikadan kənar üsullardan istifadə edib, şantaj və cəfəng uydurmalar danışdılar, xüsusilə də, maliyyə məsələləri ilə bağlı... Çünki dünən yediyini bu gün unudanlar əmindilər ki, mən o səviyyəyə düşüb, heç vaxt kimin özünün, ailəsinin nə qədər maliyyə yardımı aldığını deməyəcəyəm, ancaq bu rəqəm sözsüz ki, məndə də var, özü də balaca rəqəm deyil. Siyasətdən abırlı getmək özü də qabiliyyət tələb edir.
- ADP-nin möhürü və qeydiyyat şəhadətnaməsi Sərdar Cəlaloğlundadır. ADP adı uğrunda Sərdar Cəlaloğlu ilə mübarizə aparmaq fikriniz varmı, yoxsa partiyanın adını dəyişəcəksiniz?
- 1993-cü ilin iyun-iyul aylarında da daha böyük təşkilatlar möhür və sənədləri özü ilə aparmışdı, kimsə vəzifəsini dondurmuşdu, yəni belə şeylər heç bir əhəmiyyət kəsb etməsə də, Azərbaycanda baş verir, möhür nədir ki, gedib birini də hazırlatdıra bilərsən. Sənədlərin də surətini almaq mümkündür. Bu, gülməli mübarizə üsuludur. İndi bəlkə qorxularından o möhürü xüsusi seyfdə saxlayırlar, istəyirəm, deyəm ki, narahat olmayın, o möhür sizə qurbandır, onunla işləri düzəlirsə, xahiş edək, başqa bir partiya da onlara möhür bağışlasın. O ki qaldı partiyanın adına, bu, qurultay iştirakçılarının səlahiyyətində olan məsələdir, necə istəsələr, elə də olacaq.
- Bundan sonra hansısa müxalifət partiyası ilə əməkdaşlıq etməyi düşünürsünüzmü? Son günlər Sizin Müsavat Partiyası ilə yaxınlaşacağınızla bağlı məlumatlar yayılır, bu, nə dərəcədə həqiqətə uyğundur?
- Mən Azərbaycanda proqressiv qüvvələrin, o cümlədən bütün müxalifət partiyalarının əməkdaşlığı ideyasından əl çəkməmişəm, heç vaxt da əl çəkməyəcəyəm. Çünki indiki vəziyyətdən yeganə çıxış yolunu bunda görürəm. Gərək illüziyaya qapılmayaq, 2003 və 2005-ci ildə mövcud olan blokların iştirak etdiyi seçkilərdə biz uduzduq. özümüzün uduzmağımız bir tərəfə, ən əsası, xalqın inamını itirdik. Bunları analiz etmədən, nəticə çıxarmadan, tamamilə yeni mübarizə yolları axtarıb tapmadan, hansı gələcək müvəffəqiyyətdən danışmaq olar? Ona görə tək müxalifət partiyalarını yox, Azərbaycanın bütün proqressiv qüvvələrini bir bayraq altında birləşdirə bilməsək, 2008-ci ilin prezident seçkilərinin taleyini indidən həll olunmuş hesab edə bilərik. Bir məsələni yaddan çıxarmayaq ki, prezident seçkisi heç də parlament seçkisi deyil, burada kompromis olmur. Ona görə mən nəinki Müsavat Partiyası, bütün müxalif partiyaları ilə əməkdaşlıq etməyə axıra qədər cəhd göstərəcəyəm. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR