Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilib
# 09 mart 2007 15:22 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu Türkiyədə Azərbaycanın ilk səfirliyinin 86 il öncə açıldığını, açılış mərasimində Mustafa Kamal Atatürkün çıxış etdiyini və “Azəri türklərinin dərdi dərdimiz, sevinci sevincimiz olduğu üçün onların muradlarına nail olmaları, müstəqil yaşamaları bizi sevindirir” sözlərini xatırladıb.
Mərasimdə çıxış edən baş nazir R. T. Ərdoğan Azərbaycanın çox qısa zamanda önəmli addımlar gerçəkləşdirdiyini, böyük irəliləyişə nail olduğunu deyib. Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari və humanitar sahələrdə nümunəvi əlaqələrin olduğunu qeyd edən baş nazir, bu əlaqələrin daha da dərinləşməsini arzulayıb. Səfirlik üçün memarlıq baxımından gözəl bina inşa edildiyini deyən Ərdoğan bu məkanda Türkiyə-Azərbaycan siyasi əlaqələrinin aydın gələcəyə aparılacağını vurğulayıb. Səfirliyin Türkiyənin dünyada ən böyük səfirliklərindən biri olduğunu deyən Ərdoğan bildirib ki, səfirliyin ümumi ərazisi 18 min, qapalı sahəsi isə 7.900 kv/m-dir.
Prezident İlham Əliyev isə çıxışında dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycanı ilk olaraq Türkiyənin tanıdığını, bundan sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınması prosesinin sürətləndiyini vurğulayıb. “Azərbaycan xalqı bunu həmişə qiymətləndirir və xatırlayır” deyən prezident Azərbaycanın ilk xarici nümayəndəliklərinin də Türkiyə səfirliklərində işə başladığını diqqətə çatdırıb: “Başqa hansı ölkə öz səfirliyini digər ölkənin səfirliyi üçün açar? Bunu yalnız qardaş və dost ölkə edərdi”. Xalqlarımızın əsrlər boyu birgə yaşadığını, bir-birinə qardaş dediyini bildirən dövlət başçısı müstəqil dövlətlər kimi 15 ildir, əməkdaşlıq edildiyini, bu illər ərzində iki ölkənin bir-birinə daha çox yaxınlaşdığını söyləyib: “Bizim təşəbbüsümüzlə bölgədə nəhəng layihələr artıq reallığa çevrilir, bizim siyasi iradəmiz əsasında Avropa və bölgə üçün çox böyük əhəmiyyət kəsb edən məsələlər həllini tapır. Bizim hərtərəfli əməkdaşlığımız xalqlarımız, bütün türk dünyasının inkişafı və birləşməsi üçün önəmlidir. Biz istəyirik ki, Türkiyə ilə Azərbaycan bir-birinə daha da yaxın olsun, xalqlarımız arasında daha da sıx əlaqələr yaransın”.
Tədbirin sonunda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyənin bayrağını qaldırıb, səfirliyin binasına baxış keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR