Bank Of Baku

“Azadlıq” bloku Rəsul Quliyevin tənqidlərini qəbul etmir

“Azadlıq” bloku Rəsul Quliyevin tənqidlərini qəbul etmir
# 09 mart 2007 15:33 (UTC +04:00)
“Biz Rəsul Quliyevin “Azadlıq” bloku ilə bağlı səsləndirdiyi fikirləri qəbul etmirik. Hesab edirik ki, o, bir müddətdən sonra öz fikirlərinin yanlış olduğunu qəbul edəcək”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Mustafayev bildirib. 2005-ci ildən sonra ölkədə prinsipiallıq nümayiş etdirən yeganə müxalifət qüvvəsinin “Azadlıq” bloku olduğunu deyən F. Mustafayev bu müddətdə hakimiyyətin aqressiv münasibət bəslədiyi qurumun da məhz bu blok olduğunu qeyd edib: “Rəsul Quliyevin belə fikirlər səsləndirməsinə təəssüf edirik. Bloku iki partiyanın sazişinə bənzətmək doğru deyil. Düzdür, blokdakı AXCP və ALP daha güclü partiya kimi cəmiyyətdə tanınıb. VİP isə yeni yaranıb və buna görə də sıradan çıxarılmamalıdır”. F. Müstafayev onu da qeyd edib ki, blokun qərarı ADP-nin ayrı-ayrı qanadları ilə bağlı yox, ümumilikdə partiya ilə bağlı olub: “Partiyanın daxilindəki problemlər həll olunarsa, blok sonrakı mərhələdə yenidən əməkdaşlıq edə bilər”.
Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan isə “Azadlıq” bloku ilə R. Quliyevlə əməkdaşlığına xitam verilmədiyini və nəzəri cəhətdən gələcəkdə eks-spikerlə əməkdaşlığın baş tutacağını düşünür. “Azadlıq” blokunun yalnız ADP ilə bağlı qərar verdiyini deyən Ə. Temirxan bunun məcburi olaraq atılmış addım olduğunu qeyd edib: “ADP ilə bağlı blokun qərarı qəti deyil, partiyanın hazırkı mövqeyinə görə müvəqqəti olaraq onun blokdakı fəaliyyəti dayandırılıb. Blokun ADP ilə bağlı ata biləcəyi başqa bir addım yox idi. Çünki blok ya ADP ilə əməkdaşlığı davam etdirib müxalifətçilik mövqeyindən imtina etməli, ya da müəyyən dostları itirmək hesabına olsa da, öz mövqeyini qoruyub saxlamalı idi. Biz məhz ikincini seçdik”.
Blokun üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev R. Quliyevin blokla bağlı səsləndirdiyi fikirləri qəbul etmədiyini bildirib və hazırda “Azadlıq” blokunun müxalifətin yeganə güc mərkəzi olduğunu qeyd edib: “Yəqin ki, Rəsul Quliyev blokun son qərarından narazı qaldığı üçün belə fikirlər səsləndirib. Amma başqa tərəfdən də hər bir insanın məsələlərə baxışı, münasibətini ifadə etmək forması var. Görünür, Rəsul Quliyev də bu cür düşünür. Amma bunlar yanlış fikirlərdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR