Bank Of Baku

Gültəkin Hacıyevanın təkidi ilə Dağlıq Qarabağ “Avropada insan haqlarının vəziyyəti” adlı məruzəyə nəzarətsiz ərazi kimi daxil edilib

Gültəkin Hacıyevanın təkidi ilə Dağlıq Qarabağ “Avropada insan haqlarının vəziyyəti” adlı məruzəyə nəzarətsiz ərazi kimi daxil edilib
# 13 mart 2007 07:11 (UTC +04:00)
APA-nın Avropa bürosunun verdiyi məlumata görə, iclasda Avropada insan haqları ilə bağlı hesabatın qəbulu və Çernoqoriyanın Avropa Şurasına üzv qəbul olmaq xahişinə rəy verilməsi məsələləri müzakirə olunub. Analoji məsələlər AŞPA Siyasi Komitəsinin iclasında da müzakirə edilib. Hər iki komitənin iclasında Azərbaycanla bağlı da müzakirələr aparılıb. Bu barədə APA-nın Avropa bürosuna açıqlama verən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva Siyasi Komitənin iclasında isveçrəli deputat Andreas Qrossun hazırladığı “Avropada demokratiyanın vəziyyəti” adlı məruzənin müzakirə edildiyini deyib. “Mən bu məruzəyə öz təkliflərimi verdim və bu təkliflərin çoxu nəzərə alındı. Təkliflər əsasən islamofobiya hallarının, dini və milli ayrı-seçkiliyin qarşısının alınması zərurəti və qadın hüquqlarının Avropa demokratiyalarında daha dolğun şəkildə təmin edilməsi üçün müvafiq şəraitin yaradılması ilə bağlı idi. Azərbaycan üçün daha çox maraq doğuran məsələ hüquq məsələləri üzrə komitənin iclasında Kiprdən olan deputat Purqoridizin hazırladığı “Avropada insan haqlarının vəziyyəti” adlı məruzəsi ətrafında müzakirələr oldu. Bu məruzədə ən maraqlı məqam Avropada mövcud olan nəzarətsiz ərazilərlə bağlı məsələ idi. Mənim bu məruzəyə əlavəm oldu. Məruzəçi nədənsə nəzarətsiz ərazilər siyahısına Cənubi Osetiya, Abxaziya və Dnestryanı bölgəni əlavə etsə də, Qarabağı unutmuşdu. Mənim ciddi iradımdan sonra məruzəçi Dağlıq Qarabağı da nəzarətsiz ərazilər siyahısına daxil etməklə məruzənin qəbuluna razılıq verdi”. Gültəkin Hacıyeva müzakirələr zamanı bəzi xoşagəlməz məqamların olduğunu qeyd edib: “Hüquq məsələləri üzrə komitənin sədr müavini, ukraynalı deputat Holovatıy mənim təklif etdiyim düzəlişin əleyhinə çıxdı və Dağlıq Qarabağ probleminin Dnesrtyanı bölgə, Cənubi Osetiya və Abxaziya problemlərindən fərqli mübahisəli ərazi olduğunu dedi. Bu şəxs hər zaman öz mövqeyindən çıxış edir və onun çıxışları Ukrayna dövlətinin fikrinə uyğun gəlmir. Mən onun çıxışına kəskin etiraz etdim və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini və 2005-ci ilin yanvarında AŞPA-nın qəbul etdiyi 1416 saylı sənədinin onun diqqətinə çatdırdım. Bundan başqa komitə üzvlərinə bildirdim ki, deputat Holovatıy bu çıxışı ilə Azərbaycana və bizim nümayəndə heyətinə qarşı çox kobud və təhqiramiz rəftar edir. Çünki Dağlıq Qarabağ heç bir halda mübahisəli ərazi olmayıb və ola da bilməz. Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqları heş bir danışıqların mövzusu və predmeti ola bilməz və olmayıb. Deputat Holovatıydan Dağlıq Qarabağın mübahisəli ərazi olduğu fikrini hansı sənədlərə əsasən söylədiyini soruşdum və dedim ki, bu cür yanaşma hüquq məsələləri üzrə komitənin sədr müavininə yaraşmayan mövqedir. Mənim iradlarım qəbul olundu və Dağlıq Qarabağın adı Avropada nəzarətsiz ərazilər siyahısına daxil edildi”. Gültəkin Hacıyevanın sözlərinə görə, hər iki komitənin iclasında təsdiqlənmiş hesabatlar AŞPA-nın yaz sessiyasının müzakirəsinə çıxarılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR