Bank Of Baku

Vurğun Əyyub: “Müsavat Partiyasında müəyyən fikir ayrılıqları hələ də qalır”

Vurğun Əyyub: “Müsavat Partiyasında müəyyən fikir ayrılıqları hələ də qalır”
# 13 mart 2007 09:27 (UTC +04:00)
“Müsavat Partiyasında bir müddət əvvəl müəyyən fikir ayrılıqları vardı, onların bəziləri artıq həll olunub, bəziləri isə hələ də qalır. Yəqin ki, həmin fikir ayrılıqları da müzakirələr nəticəsində razılaşdırıldıqdan sonra həll olunacaq”. Bu açıqlamanı APA-ya Müsavat Divanının üzvü Vurğun Əyyub verib. Partiyada olan fikir ayrılıqları ilə bağlı mütəmadi olaraq Məclisin və Divanın iclaslarında öz fikirlərini bildirdiyini deyən V. Əyyub mətbuat vasitəsi ilə bu məsələlərə yenidən qayıtmaq niyyətində olmadığını qeyd edib: “Hansı məsələlər mümkün idi, onlar partiyanın rəhbərliyi tərəfindən müsbət həll olunub. Yerdə qalan problemlərin həlli istiqamətində addımlar atılır, müzakirələr aparılır”. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında V. Əyyubun hansı məsələləri nəzərdə tutduğunu, söhbətin nədən getdiyini bilmədiyini qeyd edib. Partiyada ciddi fikir ayrılıqlarının mövcud olmadığını bildirən A. Hacılı bunları sadəcə fikir plüralizmi kimi qəbul etdiyini vurğulayıb: “Bir sıra qərəzli adamlar və hətta bəzi qərəzli olmayan ekspertlər belə Müsavatın parçalanacağı ilə bağlı proqnozlar verirdilər. Amma bunlar baş vermədi. Müsavatın təşkilatlanması davam edir və partiyanın daha operativ və daha çevik idarə olunması üçün islahatlar aparılıb. İslahatlar bundan sonra da davam edəcək”. Partiya Məclisinin sədri Sülhəddin Əkbər də V. Əyyubun konkret olaraq hansı məsələləri nəzərdə tutduğunu bilmədiyini deyib. Partiyada olan fikir ayrılıqları ilə bağlı daim müzakirələrin aparıldığını bildirən S. Əkbər bu məsələlərin mətbuata çıxarılmayacağını qeyd edib: “Partiya Divanının qərarı var ki, partiyadaxili məsələlər mətbuata açıqlanmasın. Bu məsələlərin mətbuata açıqlanması üçün partiyanın xüsusi qərarının olması lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR