Bank Of Baku

Sərdar Cəlaloğlu: ““Azadlıq” blokunun rəhbərləri Rəsul Quliyevə və bizə şərt diqtə etməyə cəhd göstərirdilər”

Sərdar Cəlaloğlu: ““Azadlıq” blokunun rəhbərləri Rəsul Quliyevə və bizə şərt diqtə etməyə cəhd göstərirdilər”
# 15 mart 2007 12:08 (UTC +04:00)
Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Prartiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu bildirib: “Mənə sonradan məlum oldu ki, bu məktub məndən və digərlərindən gizli saxlanılmalı imiş. Üç nəfər bir yerdə müzakirə edib müəyyən qərara gələndən sonra mənə xəbər verəcəkmişlər. Yəni bu cür müttəfiqlik etikasına uyğun olmayan qaydada guya öz aləmlərində bunu gizləmək istəyiblər. Onların özlərinə də dedim ki, məktubun sizə ünvanlanmasına baxmayaraq, sizdən çox bizə dəxli var. Bu addımlarına əsaslı bir arqument deyə bilmədilər, sadəcə deyirdilər ki, məktubun mətbuatda dərci mənəvi cəhətdən pis təsir edib”. S. Cəlaloğlu ADP-nin blokundan çıxarılmasında bu məktubun dərcinin heç bir rolunun olmadığını qeyd edib. Bu tipli fikirləri bəhanə hesab edən S. Cəlaloğlu məktubun dərc olunmaması ilə bağlı əvvəlcədən ona heç kimin fikir bildirmədiyini vurğulayıb: “Akif Şahbazov özü də demişdi ki, məktub iki həftədən sonra çap olunacaq. Biz də dedik ki, guya iki həftə sonra dərc etməklə indi dərc etməyin nə fərqi var, indi dərc edək qoy xalq bilsin ki, Rəsul Quliyev nə yazıb. Bizim blokdan kənarlaşdırılmağımız siyasi dialoqla bağlı qəbul etdiyimiz qərarı həzm edə bilməmələri ilə bağlıdır. Əgər Lalə Şövkət mənə desəydi ki, məktubu çap etmə, mən sonra onu çap etsəydim, o zaman Lalə Şövkət haqlı olardı. Digər tərəfdən bu, şəxsi məktub deyil. ADP ilə bağlı məktub olduğu üçün onun bizə daha çox dəxli vardı, nəinki Lalə xanıma və yaxud Əli Kərimliyə. Çox da ki, məktub onların adına ünvanlanıb”. S. Cəlaloğlu ADP-nin blokdan çıxarılması ilə bağlı qərarın qurumun Əsasnaməsinə, siyasi müttəfiqlik etikasına ziddi olduğunu qeyd edib və ən əsası isə dözümsüzlük kimi dəyərləndirib: “Yəni başqa cür düşünürsənsə, ya məhv olmalısan, ya da mənimlə bir yerdə olmamalısan. Bu da demokratiyanın ən böyük qüsurlarından biridir. Çoxları bizim elan etdiyimiz taktikanın mahiyyətini anlamadan ittihamlar irəli sürürlər. Bu bizdə yalnız təəssüf yaradır, amma hər hansı kin-küdurət yaranmayıb. “Azadlıq” blokunun mövqeyindən görünür ki, indiyə kimi tutduğu yoldan əl çəkmək istəyir. Ola bilsin ki, prezident seçkilərinə kimi “Azadlıq” bloku dağılsın, o zaman biz AXCP, ALP ilə ayrı-ayrı məsələlərdə ikitərəfli əməkdaşlıq edə bilərik. İndiki halda 4 partiyanın birgə fəaliyyəti mümkün deyildi. Sadəcə, heç bir ciddi məntiqi əsas olmadan siyasi kaprizə əsaslanan bir qərar verildi, xalqın və özümüzün ümid bəslədiyimiz bu birlik asanlıqla dağıldı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR