Bank Of Baku

İsa Qəmbər: “Bəzi partiyaların “vurulmamış ayının dərisini bölməyə” girişməsi diqqəti əsas məqsəddən yayındırmağa bənzəyir”

İsa Qəmbər: “Bəzi partiyaların “vurulmamış ayının dərisini bölməyə” girişməsi diqqəti əsas məqsəddən yayındırmağa bənzəyir”
# 16 mart 2007 11:02 (UTC +04:00)
“Müsavat Partiyası neçə illərdir ki, seçki komissiyalarının hakimiyyətin nəzarətindən çıxarılması və müstəqil qurum olaraq paritet əsaslarla formalaşdırılmasını tələb edir. Yalnız bu şərtlər daxilində komissiyalar ictimai etimad qazana bilər. Biz bu mövqeyimizdə qalırıq”. APA-nın məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Müsavat başqanı İsa Qəmbər son günlər seçki komissiyalarının formalaşması ilə bağlı müxalifət partiyaları arasında aparılan müzakirələr və Müsavatın fərqli mövqedə olması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. Neçə illərdir, bunun uğrunda mübarizə apardıqlarını deyən İ. Qəmbər hakimiyyətin MSK-da katib, bütün seçki komissiyalarında nümayəndə ilə təmsil olunmaq təklifini rədd etdiklərini qeyd edib: “Belə şəraitdə bu mövzunu fikir ayrılığı kimi təqdim etmək və guya kiminsə paritet tərəfdarı, Müsavatın isə fərqli mövqedə olması kimi fikirlər anlaşılmazlıq yaradır. Bu cür canfəşanlığa ehtiyac yoxdur. Biz həm seçki komissiyalarının formalaşması, həm partiyaların dövlət büdcəsindən maliyyələşməsində seçkilərin nəticələrinin əsas götürülməsini istəyirik”. Bu məsələni diqqətdə saxladıqlarını bildirən İ. Qəmbərin fikrincə, mübarizə müxalifətlə hakimiyyət arasında getməlidir: “Real müxalifətin komissiyaların paritet əsaslarla formalaşması ilə bağlı heç bir problemi yoxdur. Hakimiyyəti buna məcbur etməmiş, bəzi partiyalar “vurulmamış ayının dərisini bölməyə” girişirsə, bu, diqqəti əsas məqsəddən yayındırmağa bənzəyir. Problem olmayan yerdə problem uydurmağa ehtiyac görmürəm”.
Qeyd edək ki, “Azadlıq” blokunun üzvləri seçki komissiyalarının paritet əsaslarla təşkil edilməsi ilə bağlı blokun irəli sürdüyü təklifin Müsavat Partiyası tərəfindən qəbul edilmədiyini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR