Bank Of Baku

Bernard Snou: “Peyk vasitəsilə çəkilən şəkillər yanğınların qoşunların təmas xətti boyunca 100 kilometrə qədər məsafəni əhatə etdiyini göstərir”

Bernard Snou: “Peyk vasitəsilə çəkilən şəkillər yanğınların qoşunların təmas xətti boyunca 100 kilometrə qədər məsafəni əhatə etdiyini göstərir”
# 27 mart 2007 15:14 (UTC +04:00)
Bu fikirləri APA-ya eksklüziv açıqlamasında ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə ofisinin rəhbəri, Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərində yanğınlarla əlaqədar ekoloji missiyanın başçısı Bernard Snou verib. O, 2006-cı ilin yayında münaqişə zonasında yanğınların intensiv xarakter daşıdığını təsdiqləyib: “Həmin dövrdə havaların hərarəti orta statistik göstəricidən çox, yağıntıların miqdarı isə normadan aşağı olub. Quraqlıq nəticəsində Dağlıq Qarabağdakı yüksəkliklərdən yamaclara doğru axan çayların sululuğu azalıb. Yanğının törəmə səbəbləri arasında isti, quru və küləkli hava şəraiti əsas götürülsə də, yanğın təhlükəliliyinin səviyyəsi və yanğınların miqyası torpaqdan istifadənin intensivliyi və xarakterindən də asılı olub. Yanğınlar nəticəsində əsasən qoşunların təmas xəttinə yaxın rayonlara və qapalı ərazilərə ziyan dəyib və təhlükəsizlik səbəbilə bu ərazilərdə, həmçinin neytral ərazidə kənd təsərrüfatı fəaliyyəti dayandırılıb. Missiya təmas xəttindən qərbdə yerləşən ərazilərə də baxış keçirib, “Dağlıq Qarabağın rəsmi orqanları”nın fermerlərin istifadəsinə verdiyi bu ərazilərdə yanğın izləri aşkar şəkildə görünür”. Bernard Snou hesabatın hazırlanması üçün kosmosdan çəkilmiş şəkillərə də istinad olunduğunu bildirib: “Missiyanın əldə etdiyi kosmik çəkilişlərdən görünür ki, qoşunların təmas xəttindən şərqdə tipik kənd təsərrüfatı zonaları və otlaqlar qərb hissədən əhəmiyyətli dərəcədə fərqlənir. Şərqdə əhali sıx məskunlaşdığına və əkin sahələri az olduğuna görə yanğınlar geniş ərazini əhatə etməyib, qərbdə isə əksinə əhalinin az olması və əkin sahələrinin genişliyi yanğınların daha geniş ərazini əhatə etməsinə səbəb olub. Yanğınların yayılmasında və alovla mübarizənin çətinləşməsində yandırıcı maddələrin də rolu böyükdür. Fotolardan bu qənaətə gəlmək olar ki, boşalmış kənd və qəsəbələrdə yanğınlar bitki kütləsinin artması nəticəsində baş verib. Lakin missiyanın müşahidələrinə görə, yanğınlar münaqişə nəticəsində dağılmış kənd və qəsəbələrdə tikililərə ciddi ziyan vurmayıb. Ümumilikdə isə ATƏT missiyasının hazırladığı hesabatda yanğının bir neçə səbəbdən baş verdiyi öz əksini tapıb. Bu səbəblərdən biri biçin başa çatdıqdan sonra bitki qalığının kənd təsərrüfatı məqsədilə yandırılmasıdır. Düzdür, bitki qalıqlarının yandırılması rəsmi şəkildə qadağan olunsa da, bu, qoşunların təmas xəttinin hər iki hissəsində ənənəvi xarakter daşıyır. Yanğınların baş verməsinin ikinci səbəbi hərbi fəaliyyətlə bağlıdır. Atışma zamanı işıqsaçan güllələrdən istifadə quru havada otun yanmasına səbəb olur”. Bernard Snounun sözlərinə görə, hesabatda qoşunların təmas xəttində və Dağlıq Qarabağ ərazisində yanğınlarla bağlı bütün məlumatlarda yanğınların son dərəcə intensiv olduğu və sürətlə yayıldığı barədə fikirlər əks olunub: “Bu amillər yanğına qarşı mübarizəni çətinləşdirib. İsti quru hava yanğın ocaqlarının yaranmasına və yanğının yolları, suvarma kanallarını və səngərləri belə keçərək böyük ərazilərin əhatə etməsinə səbəb olub. Missiya üzvləri yanğının bu təhlükəli formasının izlərini müşahidə ediblər. Yanğınların geniş ərazini əhatə etməsinə Dağlıq Qarabağ regionunun relyefi də təsir göstərib. Gündüz vaxtı külək şərqdən qərbə, yəni, yamaclardan dağa doğru əsir, buna görə də yamaclarda başlayan yanğınlar sürətlə qərbə doğru yayılıb”. Bernard Snou kosmosdan çəkilən şəkillər əsasında yanğınların təqribən 100 kilometr uzunluğu olan qoşunların təmas xətti boyunca, İran sərhədindən başlayaraq Tərtər rayonunun şimalına qədər olan əraziləri əhatə etdiyini bildirib: “Azərbaycan rəsmiləri yanğınlar nəticəsində ümumilikdə 63 min hektar ərazinin yanğına məruz qaldığını bildirirlər. Buraya həmçinin Füzuli rayonunda 9 min hektar, Xocavənd rayonunda 15 min hektar, Ağdamda 17 min hektar, Ağdərədə 3 min hektar, Tərtərdə min hektar ərazi daxildir. Bu göstəricilər həmçinin qiymətli flora və fauna növlərinin olduğu güman edilən əraziləri də əhatə edir. “Dağlıq Qarabağın rəsmi orqanları” isə başqa rəqəmlər təqdim edirlər. Bu rəqəmlərə görə 2000 hektar əkin sahəsi və 11 min hektar otlaq sahəsi yanğına məruz qalıb. Bundan başqa yanğınlar dağ yamaclarındakı meşə zolağına da ziyan vurub. Alovun ən az ziyan vurduğu sahələr üzümlüklər, meyvə bağları və tut zolaqlarıdır. Düzdür, missiya yanğın baş verən ərazilərin hamısının ərazisini müəyyənləşdirmək imkanına malik olmayıb. Lakin müşahidələrimiz və kosmosdan peyk vasitəsilə çəkilən şəkillər qoşunların təmas xətti boyunca yanğınların intensiv xarakter daşıdığını müəyyənləşdirməyə imkan verib. Təmas xəttindən qərbdə, əsasən Dağlıq Qarabağın yamaclarında və hündürlüklərdə yanğın baş verən ərazilər isə peyk vasitəsilə əldə olunan məlumatlarda öz əksini tapmayıb. Bu mənada 2006-cı ildə regionda baş verən yanğınların zərər vurduğu bitki örtüyünün ümumi ərazisinin daha böyük olduğunu söyləmək olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR