Bank Of Baku

“Azadlıq” bloku Məclisinin iclası keçirilib

“Azadlıq” bloku Məclisinin iclası keçirilib
# 28 mart 2007 15:01 (UTC +04:00)
Bu gün “Azadlıq” bloku Məclisinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda blokun 2007-ci il üçün fəaliyyət istiqamətləri müzakirə olunub. AXCP sədri Əli Kərimli fəaliyyət istiqamətləri ilə bağlı layihənin hazırlandığını və 11 istiqamətin müəyyən olunduğunu qeyd edib. Sənədin prezident seçkilərindən əvvəlki il üçün qəbul olunduğunu bildirən partiya sədri bu baxımdan onun əhəmiyyətli olduğunu vurğulayıb. Ə. Kərimli blokun müəyyən itkilərlə üzləşdiyini bildirib.
Layihənin müzakirəsi zamanı Məclis üzvü Nurəddin Məmmədli siyasi partiyaların fəaliyyətindən narazılıq ifadə edib. Onun sözlərinə görə, QHT-lər, mətbuat və xarici ölkələrin səfirlikləri ilə müqayisədə, partiyalar üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirmir. ALP funksioneri Əvəz Temirxan isə hakimiyyət daxilində təzyiqlərə məruz qalan məmurların müdafiəsinə xüsusi ehtiyacın olduğunu bildirib. AXCP təmsilçisi Elçin Qəmbərov müxalifətin fəaliyyəti və hakimiyyətin nöqsanları haqqında mütəmadi bülletenlərin hazırlanıb əhaliyə paylanması təklifi ilə çıxış edib. Vətəndaş və İnkişaf Partiyasının nümayəndəsi Hikmət Hacıyev isə əhali arasında prezident seçkiləri ərəfəsində Lalə Şövkətlə Əli Kərimli arasında qarşıdurmanın yaranacağı ilə bağlı narahatçılığın olduğunu bildirib: “Hər iki şəxs prezident seçkilərində atacaqları addımları indidən elan etsələr, bu daha yaxşı olar”. Keçmiş millət vəkili Nizami Quliyev blokun fəaliyyət istiqamətləri sırasına müstəqil televiziyanın yaradılması məsələsinin də əlavə edilməsini təklif edib: “Müstəqil televiziya olmadan ciddi nəticəyə nail ola bilməyəcəyik. Bütün daxili və beynəlxalq səyləri buna yönəltmək lazımdır”.
VİP sədri Əli Əliyev çıxışında əsl və hakimiyyətin yanında olan müxalifətin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, uzun müddət aparılan mübarizə hətta bəzilərində yorğunluq yaradıb: “Buna görə də bəzi dostlarımız hakimiyyətin yanında olmaq qərarı veriblər”. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə N. Quliyevin təklifinə münasibət bildirib. Televiziyanın bir çox məsələlərdə həqiqətən də yardımçı olduğunu bildirən L. Şövkət televiziyasız da mübarizə aparmağın mümkün olduğunu qeyd edib. Prezident seçkiləri ilə bağlı məsələyə gəldikdə, L. Şövkət bir çoxunun onunla Ə. Kərimli arasında böhranın yaranmasını gözlədiyini bildirib: “Dəfələrlə belə böhranlar yaratmağa çalışıblar, amma baş tutmayıb. Ona görə də biz prezident seçkilərinə kimi hər hansı şəkildə parçalanmanın olmasına imkan verməyəcəyik”.
İclasın sonunda fəaliyyət istiqamətləri yekdilliklə qəbul olunub. Sənəddə blokun müxalifətin vahid güc mərkəzinin yaradılması, digər müxalifət qüvvələri, QHT-lərlə əməkdaşlıq, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığının bərpası, sosial problemlərin həlli və digər istiqamətlərdə davamlı addımların atılması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR