Bank Of Baku

Həsən Kərimov Arif Hacılını sərt ifadələrlə ittiham edib

Həsən Kərimov Arif Hacılını sərt ifadələrlə ittiham edib
# 20 aprel 2007 16:17 (UTC +04:00)
“Müsavat Partiyası və onun funksionerləri yanlış siyasi kurs aparırlar. Amma biz Azərbaycanın sabahını belə satqınların ümidinə buraxmaq fikrində deyilik. Müsavat həmişə özünün apardığı biabırçı siyasətin qurbanı olub”. APA-nın məlumatına görə, bu sözləri AXCP sədrinin müavini Həsən Kərimov partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib. H. Kərimov açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının ünvanına sərt ifadələr işlədib: “Bu gün Arif Hacılı kimiləri Azərbaycanı siyasi alver bazarına döndəriblər və hakimiyyəti çətin durumdan çıxarmaq üçün xidmətlərini əsirgəmirlər. Müsavat rəhbərliyinin hakimiyyətin vəkili rolunda utanmadan, qızarmadan çıxış etməsi Arif Hacılı kimilərinin Prezident Aparatı ilə birgə həyata keçirdiyi növbəti bazarlıq layihələrindən biridir. Əgər bu gün Arif Hacılı kimilərinin çörəyi hakimiyyətə qarşı prinsipial mübarizə aparan qüvvələri aşağılamaqdan çıxırsa, bu haram tikələrin nə vaxtsa boğazlarında qalacağını unutmamalıdırlar. Yəqin ki, yaxın günlərdə onların aldıqları ənamlar haqqında da danışmaq zorunda qalacağıq”. H. Kərimov bildirib ki, 2008-ci ilin prezident seçkilərində iştirak haqqında bəri başdan bəyanat vermək Müsavatın prezident seçkilərinə hakimiyyətin istəyinə uyğun formalaşdırılacaq seçki komissiyaları ilə getməyə də hazır olması deməkdir: “Beynəlxalq təşkilatlarda, Azərbaycan ictimaiyyətində seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması istiqamətində çalışmaların getdiyi bir məqamda belə bəyanatla çıxış edilməsi növbəti satqınçılıqdan xəbər verir”. İttihamlara cavab verən Arif Hacılı isə APA-ya açıqlamasında bildirib ki, AŞ PA-da qəbul olunmuş qətnamə məhz Müsavatın fəaliyyətinin nəticəsidir. Onun sözlərinə görə, Müsavatın səyi nəticəsində 7 il əvvəl Azərbaycan hökumətinin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün konkret vaxt müəyyən olunub və bu ilin sonuna kimi prosesin başa çatması tələb edilib: “Bu, təkcə Müsavatın yox, Azərbaycanda demokratiya tərəfdarı olan və bu istiqamətdə mübarizə aparan bütün qüvvələrin uğurudur. Mən inanmıram ki, AXCP rəhbərliyindəki şəxslər bunu başa düşmək səviyyəsində olmayan insanlardır. Sadəcə, deyilən fikirlər qərəzli şəkildə səsləndirilir və biz onların danışdığı hər nağılla bağlı fikir bildirmək niyyətində deyilik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR