Bank Of Baku

Azərbaycan hökuməti ABŞ-la hərbi-siyasi məsləhətləşmələrə nümayəndə heyəti göndərilməsini təxirə salıb

Azərbaycan hökuməti ABŞ-la hərbi-siyasi məsləhətləşmələrə nümayəndə heyəti göndərilməsini təxirə salıb
# 23 aprel 2007 09:04 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya daxil olan bəyanatda bildirlir ki, bu qərar ABŞ Dövlət Departamentinin 2006-cı il üçün İnsan Haqlarına dair Hesabatında Dağlıq Qarabağ problemindən bəhs edilən hissəyə sonradan düzəliş edilməsi ilə bağlıdır. Belə ki, Dövlət Departamentinin hesabatının ilkin variantında “Ermənistan Dağlıq Qarabağı və Azərbaycanın daha yeddi rayonunu işğal edib” yazılsa da, hesabat dərc ediləndən sonra edilən düzəlişdə “Erməni hərbi qüvvələri Azərbaycanın Dağlıq Qarabağa bitişik böyük hissəsini əllərində saxlayırlar. Ermənistan Respublikasının rəsmiləri bəyan edirlər ki, respublika Dağlıq Qarabağı bilavasitə işğal etməyib” kimi qeyd yer alıb. Azərbaycan XİN bu cür düzəlişi “ağlasığmaz” adlandırıb və ABŞ-ın ATƏT-in Minsk qrupunun üzvü olduğunu, belə düzəlişin isə bu ölkənin Dağlıq Qarabağ münaqişəsində “bitərəf vasitəçi” mövqeyini şübhə altına aldığı vurğulayıb. XİN həmçinin bu cür mövqeyin ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa maneə yarada biləcəyini də xatırladıb.
Qeyd edək ki, ABŞ bu düzəlişi Amerika Erməni Milli Komitəsinin müdaxiləsindən sonra edib.
Onu da qeyd edək ki, aprelin 23-24-də ABŞ-da keçirilməsi nəzərdə tutulan məsləhətləşmələrdə Azərbaycandan Müdafiə, Fövqəladə Hallar, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Dövlət Sərhəd Xidməti və digər qurumların nümayəndələrindən ibarət heyət iştirak edəcəkdi.
ABŞ Dövlət Departamentinin sözcüsü Nenci Bek isə nümayəndə heyətinin səfərinin təxirə salınması ilə bağlı APA-nın ABŞ bürosuna verdiyi eksklüziv açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin son bəyanatı ilə tanış olduqlarını bildirib: “Məsələnin araşdırılması üçün həm Azərbaycanın Vaşinqtondakı səfirliyi, həm də Bakıdakı səfirliyimizlə daim əlaqədəyik. Bizim üçün hərbi sahədə danışıqlar vacib olduğu üçün mümkün olan ən tez bir zamanda danışıqların başlamasını arzulayırıq. Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsi ilə bağlı fikirlər həqiqətə uyğun deyil. Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon MakKormak aprelin 20-də bunu bir daha təstiq edib”.
Xatırladaq ki, ötən həftənin 5-ci günü Şon MakKormak keçirdiyi ənənəvi mətbuat konfransında bəyan edib ki, “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyir və bəyan edir ki, Dağlıq Qarabağın gələcəyini münaqişə tərəfləri müəyyənləşdirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR