Bank Of Baku

Qubada tapılmış kütləvi məzarlıqla bağlı elmi konfrans keçirilib

Qubada tapılmış kütləvi məzarlıqla bağlı elmi konfrans keçirilib
# 23 aprel 2007 11:58 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Qubada tapılmış kütləvi məzarlıqla bağlı elmi konfrans keçirib. APA-nın məlumatına görə, konfransda millət vəkilləri, tədqiqatçılar, Milli Elmlər Akademiyasının üzvləri iştirak ediblər. Partiya sədrinin müavini, icra katibi Əli Əhmədov ermənilərin daim tarixi saxtalaşdırmaqla məşğul olduğunu və saxta tarixi dünya ictimaiyyətinə təqdim etdiyini deyib. Qubada aşkar edilmiş məzarlığın ermənilərin saxta təbliğatının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu vurğulayan Ə. Əhmədov bu istiqamətdə mümkün addımların atılacağını bildirib. O, Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlərini və beynəlxalq təşkilatların nümayəndələrini tənqid edib. Ə. Əhmədovun sözlərinə görə, diplomatik korpusun nümayəndələri dəvətli olsalar da, onların əksəriyyəti, xüsusilə də Avropa ölkələrinin səfirləri toplantıya qatılmayıblar: “Bu, onu göstərir ki, ermənilərin saxta tarixi təkcə onlara deyil, digərlərinə də sərf edir”. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli Qubada tapılmış toplu məzarlıqla bağlı araşdırmaların nəticələri haqqında konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, məzarlıq aşkar olunan ərazidə iki quyu tapılıb ki, burada da hələlik sayı bəlli olmayan insan skeletləri var. Alim skeletlərin müxtəlif yaş qruplarına qoca, cavan və uşaqlara aid olduğunu, onların üst-üstə atıldığını qeyd edib. N. Müseyibli institutun hazırladığı təklifləri də konfrans iştirakçılarının diqqətinə çatdırıb. BDU-nun professoru Anar İsgəndərov isə sümüklər üzərində araşdırmaların davam etdiriləcəyini və analizlərin aparılacağını deyib. Politoloq Rövşən Novruzoğlu Respublika Prokurorluğu, Milli Təhlükəsizlik, Səhiyyə və Daxili İşlər nazirliklərinin məsələ ilə bağlı birgə bəyanat verməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, iş yenə köhnə metodlarla aparılacaqsa, təbliğat Azərbaycandan kənara çıxmayacaq. Qubadan seçilmiş millət vəkili Vahid Əhmədov rayon ərazisində bir neçə məzarlığın olduğunu və onların təxmini yerlərinin bilindiyini açıqlayıb. 1918-ci ildə Qubada insanların kütləvi olaraq 3 ərazidə soyqırıma məruz qaldığını bildirən deputat hesab edir ki, müvafiq institutlar həmin ərazilərdə də araşdırmalara başlamalıdırlar. Elmi konfrans digər iştirakçıların çıxışları ilə davam edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR