Bank Of Baku

Əli Kərimli: “Seçki tamaşasında dekorasiya olmaq istəmirik”

Əli Kərimli: “Seçki tamaşasında dekorasiya olmaq istəmirik”
# 14 may 2007 14:58 (UTC +04:00)
Bu, həm də Fərhad Əliyevin özünə qarşı yönəlmiş addımdır. Fərhad Əliyevin müdafiəçiləri onun məhkəmədə ciddi açıqlamalar verəcəyini söyləyirlər. Hər halda, mən hər şey gözləyirəm. Partiya sədrliyinin məndən alınmasına cəhd, partiyanın qərargahdan çıxarılması, deputat mandatımın ləğv edilməsi, uzun müddət mənə pasport verilməməsi də həbsimi istisna etmir. Amma nəzərə alınmalıdır ki, uzun müddət müxalifət lideri kimi fəaliyyət göstərən şəxsin həbs olunması Azərbaycan üçün hansı fəsadlara səbəb ola bilər”. Bu sözləri APA-ya eksklüziv müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. Ona pasport verilməməsinin xarici ölkələrin birinə gedib siyası sığınacaq ala bilməsi ilə əlaqələndirilməsinə gəlincə, AXCP sədri “Fərhad Əliyev həbs olunandan sonra mənim pasortum var idi, xaricə də gedib-gəlirdim. Xaricdə qalmaq fikrim olsaydı, o vaxt da qala bilərdim. Bilsələr ki, gedib xaricdə qalaram, mənə dərhal pasport verərlər”, - söyləyib. Ə. Kərimli F. Əliyevlə tanış olmadığını, onunla heç vaxt salamlaşmadığını deyib, sabiq iqtisadi inkişaf nazirinin AXCP-yə və şəxsən ona yaxın qəzetlərə maliyyə ayırması barədə məlumatları da təkzib edib.
“Azadlıq” blokunun daxilində problem yaranması və Lalə Şövkətin blokdan gedəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirən AXCP sədri Lalə xanımla aralarında olan yaxşı münasibətlərin bəzilərini narahat etdiyini diqqətə çatdırıb: “Lalə xanımla münasibətlərimizə xələl gətirən heç nə yoxdur. Biz açıq şəkildə bildirmişik ki, demokratik seçki mühiti olmayacaqsa, seçki komissiyaların tərkibi dəyişməyəcəksə, seçki tamaşalarında rol almayacağıq. Bu, Lalə xanımın və mənim fikrimdir. Dəyişikliklərə nail ola bilsək, Lalə xanımla “Azadlıq” blokunun vahid namizədinin kim olacağını öz aramızda müəyyənləşdirəcəyik”. Ötən prezident seçkilərində Etibar Məmmədova olduğu kimi, növbəti seçkilərdə də Lalə Şövkətə güzəştə getməsinin mümkünlüyü barədə sualın cavabında Ə. Kərimli hazırda heç bir variantın istisna olunmadığını, həm onun, həm də Lalə Şövkətin namizədliyi bir-birinin xeyrinə güzəştə getməyə hazır olduğunu deyib.
“Azadlıq” blokunun müxalifət üzərində monopoliya yaratmaq istəyində olmadığını söyləyən AXCP sədri blok olaraq ardıcıl siyasət yürütdüklərini, digərlərinin necə mübarizə aparmasının isə göz qabağında olduğunu söyləyib.
“Müxalifət partiyalarının yenidən bir araya gəlməsi üçün limit qalıbmı” sualına cavab olaraq Ə. Kərimli birləşmənin maraqlar üst-üstə düşdükdə, mümkün olduğunu deyib: “Maraqlar fərqli olanda birləşmə alınmır, alınanda da səmimi olmur. İndiki zamanda ümumi maraq hakimiyyətdə təmsil olunmaq, parlamentdə bir neçə yer qoparmaq yox, hakimiyyətin dəyişməsi olmalıdır. Kim bu məsələdə bizimlə həmrəy olacaqsa, bunu əməldə sübut edəcəksə, bizimlə birgə olacaq. Kimin maraqları dar çərçivədən çıxmayacaqsa, onunla bir yerdə ola bilmərik. Düşünürəm ki, bunu seçici də yaxşı başa düşəcək”.
İndiyədək yaradılmış birliklərə gəlincə, Ə. Kərimlinin fikrincə, 2005-ci ildə ciddi birlik yaradılaraq, ciddi nəticələr əldə edilib: “Təəssüf ki, o birliyi bizdən aslı olmayan səbəblərə görə qoruyub saxalaya bilmədik. Hamının əvəzindən deyə bilmərəm, amma şəxsən mən o birliyin yaranmasında və fəaliyyətində səmimiydim”.
Bundan sonra Müsavatla əməkdaşlığın perspektivlərinə toxunan AXCP sədri bu partiya ilə maraqlar üst-üstə düşəcəksə, eyni düşərgədə olmağın mümkünlüyünü qeyd edib: “Yox, əgər prinsipial məsələlərə baxışlarımız fərqli olacaqsa, ayrı-ayrılıqda fəaliyyət göstərəcəyik. Biz daimi münasibətləri müəyyənlədşirə bilmərik. Dünən müttəfiq idik, ondan əvvəl aramızda münaqişələr var idi, indi yenə aramızda mübahisələr var. Sabah necə olacaq, bu, real vəziyyətdən və Müsavatın aparacağı siyasətdən asılı olacaq. Hazırda bizim məsələlərə baxışlarımızda kifayət qədər fərqlilik var”. “Prezident seçkilərini boykot etməyi düşünürsünüzmü” sualına Ə. Kərimli “Biz hələlik seçkidə iştiraka hazırlaşırıq. Partiyanın qurultayını keçirəcəyik. Bu məqsədlə bəzi islahatların həyata keçirilməsinə nail olmaq istəyirik. Amma görsək ki, bir dəyişilik yoxdur, o zaman seçki tamaşasında dekorasiya olmaq istəmirik. Bizim mövqeyimiz seçki ərəfəsində müəyyənləşəcək. Qərarımız qarşıya qoyduğumuz məqsədlərin həyata keçməsindən aslı olacaq”, cavabını verib. “Azadlıq” blokunun genişlənməsi və Rəsul Quliyevin bloka üzv olması məsələsinə münasibət bildirən Ə. Kərimli hazırda bu məsələni müzakirə mövzusu olmadığını, məsələyə R. Quliyev blokda təmsil olunmaqla bağlı müraciət edəcəyi halda baxılacağını söyləyib. Bununla belə, o, R. Quliyevin demokratiya uğrunda mübarizədə “Azadlıq” blokunu əsas partnyor hesab etdiyini əsas gətirərək, bu əməkdaşlığın mümkünlüyünə işarə vurub. Lakin Ə. Kərimli digər partiyaların bloka gətirilməsini nəzərdə tutmadıqlarını diqqətə çatdırıb.
Hələ 2006-cı ildə AXCP-nin qurultayını keçirmək istədiklərini söyləyən partiya sədri qərargahlarından çıxarılmalarının bunu əngəllədiyini deyib. O, partiya sədrliyindən getmək barədə düşünmədiyini də vurğulayıb: “Niyə də düşünməliyəm ki?.. Yaşımmı keçir, yoxsa uzun müddətdir, partiya sədriyəm, yoxsa qarşıya qoyduğumuz proqramı həyata keçirmişəm, yoxsa artıq işləyə bilmirəm?...” Hakimiyyətə qarşı konstruktiv mövqeyə keçmiş ADP ilə radikal mövqe nümayiş etdirən AXCP-nin eyni binada necə fəaliyyət göstərməsi məsələsinə də aydınlıq gətirən Ə. Kərimli bu məsələdə heç bir problem olmadığını, ADP-nin işinə qarışmadıqlarını söyləyib: “Fərqli fikirli insanların eyni binada fəaliyyət göstərməsində qeyri-adi bir şey yoxdur. Bundan əvvəl fəaliyyət göstərdiimiz bina ümumiyyətlə hökumətə aid idi. İcarəçi kimi otaqlardan istifadə ediriksə, digər otaqlarda hansı siyasətin aparılmasının bizə heç bir aidiyyəti yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR