Bank Of Baku

Qənirə Paşayeva: “Azərbaycanda yaşayan ingiloyların milli və dini zəmində heç bir problemi yoxdur”

Qənirə Paşayeva: “Azərbaycanda yaşayan ingiloyların milli və dini zəmində heç bir problemi yoxdur”
# 12 iyun 2007 14:00 (UTC +04:00)
Gürcüstan parlamentinin Təhsil, mədəniyyət və idman komissiyasının sədri Nodar Qriqalaşvili bu ölkənin təhsil naziri Aleksandr Lomayanın iyunun 9-da Azərbaycanın Qax, Balakən və Zaqatala rayonlarına səfəri zamanı baş verdiyi iddia edilən insidentlə bağlı azərbaycanlı həmkarlarından izahat tələb edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, dünən parlamentdə çıxış edən N. Qriqalaşvili “hadisə” ilə bağlı Azərbaycan parlamentinə məktub göndərilməsini istəyib. Xatırladaq ki, Gürcüstan Əmək Partiyası A. Lomayanın səfəri zamanı onun gürcü (ingiloy) şagirdlərlə görüşməsinə icazə verilmədiyi, hədiyyə etdiyi kitabların isə alınıb cırıldığı barədə açıqlama yayıb. Əmək Partiyası Avropa Şurasına müraciət edərək Azərbaycanda yaşayan gürcülərin (ingiloyların) vəziyyətinin öyrənilməsi üçün xüsusi komissiya yaradılması təklifini irəli sürüb.
Məsələyə münasibət bildirən Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun sədri Qənirə Paşayeva isə Gürcüstanda səslənən iddiaları rədd edib: “Cənab Lomaya Qax, Zaqatala, Balakən rayonlarında görüşlər keçirib. İki yerdə onun uşaqlarla görüşünə icazə verilib, bir yerdə verilmədiyini söyləmək məntiqə sığmır. Əgər görüşə icazə verilməsəydi, heç yerdə verilməzdi. Mən Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri ilə əlaqə saxladım. Gürcüstan tərəfinin proqramında göstərilib ki, A. Lomaya məktəblərin kollektivinə dərsliklər və kompüterlər hədiyyə etmək istəyir. Əgər cənab Lomaya üçün məktəblilərlə görüşmək lazım idisə, bu da proqramda göstərilməli idi. Hədiyyələrin alınıb cırılmasına dair məlumatlar da yalandır”. Q. Paşayeva Azərbaycanda yaşayan ingiloyların milli və dini zəmində heç bir probleminin olmadığını deyib. Onun sözlərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri də dəfələrlə vurğulayıblar: “Bu cür şou xarakterli və hansısa siyasi məqsədlərə xidmət edən fikirlər bizi narahat edə bilməz. Əmək Partiyası Avropa Şurasına müraciət etməzdən əvvəl Beynəlxalq Böhran Qrupunun Gürcüstandakı milli azlıqların durumu barədə son hesabatını oxusun - xüsusilə də azərbaycanlılarla bağlı olan hissəni. Onların bu istiqamətdə görüləsi çox işlər var”. Millət vəkili Azərbaycandakı ingiloyların ana dilində təhsil aldığını, onlara dövlət qayğısı olduğunu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ingiloy məktəbləri üçün dərsliklər nəşr edildiyini də xatırladıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR