Bank Of Baku

Yossi Qal: “Azərbaycan İsraildə səfirlik açmağa qərar versə, bunu sevinclə qarşılayar və lazımi yardımı göstərərik”

Yossi Qal: “Azərbaycan İsraildə səfirlik açmağa qərar versə, bunu sevinclə qarşılayar və lazımi yardımı göstərərik”
# 12 iyun 2007 15:54 (UTC +04:00)
İsrail Xarici İşlər Nazirliyi baş direktorunun siyasi məsələlər üzrə müavini Yossi Qal bu gün Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Y. Qal Bakıda xarici işlər, iqtisadi inkişaf, rabitə və informasiya texnologiyaları nazirləri və bir sıra digər hökumət rəsmiləri ilə görüşlər keçirdiyini, Səngəçal neft terminalı ilə tanış olduğunu deyib. O, Azərbaycanla İsrail arasındakı münasibətlərin hazırkı vəziyyətindən və əlaqələrin inkişafından çox məmnun olduğunu bəyan edib. Qonaq bildirib ki, siyasi sahədə əlaqələr yüksək səviyyədədir, iqtisadi sahədə inkişaf edir, mədəni sahədə isə inkişaf etməkdədir. Diplomat iki ölkə arasında qarşılıqlı səfərlərin intensivləşdiyini vurğulayaraq gələn həftə İsrailin bir qrup iş adamının Bakıya gələcəyini açıqlayıb. Sonra jurnalistlərin suallarını cavablandıran Yossi Qal iki ölkə arasında yüksək texnologiya və telekommunikasiya sahəsində əməkdaşlığa dair layihə hazırlandığını söyləyib. O, əməkdaşlıq ediləcək sahələr arasında kənd təsərrüfatı və kənd təsərrüfatı texnologiyaları olduğunu da deyərək bu sahədə ölkəsinin böyük nailiyyətlər əldə etdiyini xatırladıb. Azərbaycanın İsraildə səfirliyinin olmamasına da münasibət bildirən diplomatın sözlərinə görə, Azərbaycan hökuməti Tel-Əvivdə səfirlik açmağa qərar versə, İsrail bunu sevinclə qarşılayar, diplomatik missiyanın fəaliyyətə başlaması üçün lazımi yardımı göstərər. Yaxın Şərqdə vəziyyətə qiymət verən Yossi Qalın fikrincə, regionda qüvvələr iki cəbhəyə bölünüb mülayimlər və ekstremistlər. Ekstremistlər sırasına HAMAS, “Hizbullah” və onları dəstəkləyən İranı aid edən israilli təmsilçi sülh tərəfdarlarının daha çox olduğuna inanır. Rusiya və ABŞ-ın Qəbələ RLS-dən birgə istifadə etməsinin regional təhlükəsizliyə mümkün təsirləri barədə APA-nın sualını cavablandıran İsrail XİN-in nümayəndəsi prosesləri çox diqqətlə izlədiklərini, amma şərh verməyi düzgün saymadıqlarını vurğulayıb: “İsrail ABŞ-ın müttəfiqidir. Rusiya və Azərbaycan da bizə dost ölkələrdir. Onlar özləri məsləhətləşmələr aparıb qərar verəcəklər”.
Yossi Qal bu gün Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə yola düşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR