Bank Of Baku

Elin Süleymanov Kaliforniyanın “KFİ 640” radiosunda çıxış edib

Elin Süleymanov Kaliforniyanın “KFİ 640” radiosunda çıxış edib
# 13 iyun 2007 09:55 (UTC +04:00)
Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov Kaliforniyanın məşhur “KFİ 640” radio stansiyasında çıxış edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, tanınmış aparıcı Bill Handelin səhər tok-şousunun qonağı olan E. Süleymanov Azərbaycan və Cənubi Qafqaz regionu ilə bağlı suallara cavab verib. O, rəsmi Bakının balanslaşdırılmış xarici siyasət apardığının bildirərək Azərbaycanın həm müsəlman, həm də qeyri-müsəlman ölkələri ilə yaxın münasibətlərdə olduğunu deyib. Baş konsulun sözlərinə görə, Azərbaycanda rəsmən din dövlətdən ayrıdır və insanlar özlərini ilk olaraq vətəndaş, daha sonra isə müəyyən dinin və milli mənsubiyyətin daşıyıcısı kimi dərk edirlər. Aparıcının “İsraili dövlət kimi tanıdığınıza görə digər müsəlman ölkələrinin iradları ilə üzləşirsinizmi” sualına baş konsul belə cavab verib: “Bu il Azərbaycan İslam Konfransı Təşkilatına sədrlik edib. Müsəlman dostlarımızın xətrinə dəymək istəmirik, amma eyni zamanda Azərbaycanın öz siyasəti və prinsipləri var. İsrail Azərbaycanın yaxın dostudur. Bizdə güclü yəhudi icması var. Bir çox azərbaycanlılar və Azərbaycanda böyüyən yəhudilər İsrailə köçüblər. Bir müddət əvvəl Azərbaycan-İsrail Assosiasiyası da yaradılıb və bu ölkə ilə bağlı prinsiplərimizi dəyişməyəcəyik”. Azərbaycanın Qərbyönlü siyasətinin səbəbi, ABŞ-a dəstək verməsi, koalisiya qüvvələrinin tərkibində İraq və Əfqanıstanda iştirakının səbəbi barədə sualı cavablandıran E. Süleymanov Azərbaycanın Qərbmeylli siyasətinin 90-cı illərin ortalarında müəyyən edildiyini bildirib: “Bu, həm o vaxtkı siyasi rəhbərliyin, həm də sıravi insanların tələbi olub. Çünki müsəlman dünyasının ilk demokratik parlament respublikası 1918-ci ildə məhz Azərbaycanda qurulub. Azərbaycanda qadınlara səsvermə hüququ Amerikadan bir il əvvəl - 1919-cu ildə verilib”. Baş konsul Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bu problemin Azərbaycanın yürütdüyü müstəqil siyasəti bəyənməyən qüvvələr tərəfindən yaradıldığını deyib. Proqramın sonunda E. Süleymanov bildirib ki, Kaliforniyada fəaliyyətinin əsas məqsədi Azərbaycanı tanıtmaqdır: “Əsas məqsədimiz Amerikanın dostu olan Azərbaycan barədə buradakı insanlara ətraflı məlumat verməkdir. Biz çox mürəkkəb regionda yaşayırıq. Şimalda Rusiya, cənubda isə İranla qonşuyuq. Bu, heç də rahat qonşuluq deyil”.
Qeyd edək ki, “KFİ 640” gündəlik 3 milyon dinləyicisi ilə Kaliforniyanın ən populyar radio stansiyasıdır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR