Bank Of Baku

Qənirə Paşayeva: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsi bütün regionun inkişafına mənfi təsir göstərən əsas amildir”

Qənirə Paşayeva: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsi bütün regionun inkişafına mənfi təsir göstərən əsas amildir”
# 27 iyun 2007 09:39 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun iqtisadi məsələlər üzrə komitəsinin həmməruzəşisi Karlos Qasoibanın Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əlaqədar məruzəsi ətrafında müzakirələr zamanı söyləyib. Qənirə Paşayeva çıxışında AYİB-in Cənubi Qafqazda öz fəaliyyətini gücləndirməsi, regional əməkdaşlığa, regionda siyasi və makroiqtisadi sabitliyə töhfə verməsinə dair tövsiyənin alqışlanmalı olduğunu bildirib: “Məsələn, Azərbaycanda təkcə bölgə üçün deyil, Avropa üçün də çox vacib olan enerji və nəqliyyat layihələri həyata keçirilir. Avropa Yenidənqurma və İnkişaf Bankı Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri layihəsi, “Şahdəniz” qaz yatağının işlənməsi və Bakı-Tiflis-Ərzurum qaz kəməri layihəsinin reallaşmasına dəstək verib. Bu yaxınlarda Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsinin çəkilməsinə dair saziş imzalanıb. Bu, Avropadan Orta Asiyaya, Çinə dəmiryolu vasitəsilə getmək üçün imkan yaradacaq çox böyük və əhəmiyyətli layihədir. Ucuz və keyfiyyətli olan bu dəmiryolu layihəsi Avropa ilə Cənubi Qafqaz, Orta Asiya, Xəzər hövzəsi arasında iqtisadi-ticarət münasibətlərini daha da genişləndirəcək. Bu baxımdan biz Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin tikintisi üçün maliyyə dəstəyi verəcəyi barədə qərarını məmnuniyyətlə qarşılayırıq”. Qənirə Paşayeva bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal olunmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün problemlərinə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edir. O, Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin artdığını deyib: “Məruzədə qeyd olunur ki, Ermənistan iqtisadiyyatının vəziyyəti siyasi faktorlara görə - Azərbaycan və Türkiyə tərəfindən qeyri-əməkdaşlıq şəraitinə görə ağırlaşır. Mən bu məsələyə aydınlıq gətirmək istəyərdim. Azərbaycanın bütün qonşuları ilə yaxşı münasibətləri və geniş iqtisadi əlaqələri mövcuddur. Amma təbii ki, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanla əməkdaşlıq edə bilməz. Çünki bu işğaldan 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmir. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün 15 ildən artıqdır ki, öz yurd-yuvalarına qayıda bilmir. İki ölkə prezidenti arasında bir neçə gün bundan əvvəl Sankt-Peterburqda keçirilən danışıqlar da Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi üzündən nəticəsiz başa çatıb. Bundan başqa Azərbaycanla onun bir parçası olan Naxçıvan Muxtar Respublikası arasında olan və Ermənistandan keçən dəhliz və kommunikasiyaların fəaliyyətinə rəsmi İrəvan imkan vermir. Bunun nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikası 15 ildən artıqdır ki, blokada şəraitində yaşayır. Biz ölkəmizin bir parçası olan Naxçıvana ancaq İran və Türkiyə ərazisindən istifadə edərək yardım edə bilirik. Təbii ki, bütün bunların fonunda Azərbaycanın Ermənistanla əməkdaşlıq etməsi mümkünsüzdür. Hansı bir ölkə onun ərazilərini işğal altında saxlayan, təxminən 1 milyon qaçqın və məcburi köçkünün öz yurd-yuvasına qayıtmasına imkan verməyən digər bir ölkə ilə əməkdaşlıq edər?” Qənirə Paşayeva Ermənistanın gələcək inkişafı üçün rəsmi İrəvanın məsuliyyət daşıdığını bildirib: Azərbaycan dövləti bəyan edir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxarsa, İrəvanla iqtisadi-ticarət də daxil olmaqla bütün sahələrdə əməkdaşlığa başlanıla bilər. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməməsi əslində bütün regionun inkişafına mənfi təsir göstərən əsas amildir”. Qənirə Paşayeva məruzəçi Karlos Qasoibanın “Cənubi Qafqazın gələcək iqtisadi, siyasi və sosial inkişafı üçün regional əməkdaşlıq vacibdir və həll olunmamış konfliktlər regional əməkdaşlığa mane olur” fikri ilə razılaşdığını deyib: “Amma bu bir reallıqdır ki, Cənubi Qafqazda regional əməkdaşlıq Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrin həllindən keçir. Bu baxımdan beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası bu münaqişələrin həll edilməsi istiqamətində səylərini gücləndirməlidir. Əks halda məruzəçinin sənəddə vurğuladığı Cənubi Qafqazda Stabillik Paktının praktik olaraq həyata keçirilməsi imkanları da sıfıra enəcək”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR