Bank Of Baku

Məhərrəm Əliyev: “Heç bir uduzmaqdan söhbət gedə bilməz”

Məhərrəm Əliyev: “Heç bir uduzmaqdan söhbət gedə bilməz”
# 02 avqust 2007 10:17 (UTC +04:00)
- Vəzifədən istefa verəndən sonra mətbuatda haqqınızda müxtəlif informasiyalar yayılır...
- Mənə məxsus 150 milyon dolların ölkədən çıxarılmasından tutmuş, sahibi olduğum 9 mərtəbəli binanın partladılması, həbs olunmağım, ölkədən qaçmağıma qədər müxtəlif dezinformasiyalar yazılıb. Mənim üçün maraqlıdır, görəsən ümumiyyətlə, məsələn, 150 milyon dolların ölkədən çıxarılması ilə bağlı hansısa fakt varmı? Onu yazanı başa salmaq lazımdır ki, 150 milyon dolları gəzdirmək üçün adama bir KamAZ lazımdır. Hələ dünyanın heç bir yerində 150 milyon dollar pulu heç kim təyyarə ilə aparmayıb. Birincisi, bu, mümkün olmayan işdir, ikincisi də belə bir fakt yoxdur axı”¦
- Bəs Sizə məxsus 9 mərtəbəli binanın partladılması necə?
- Belə bir məsələdən xəbərim yoxdur. Haradasa belə binanı partlatsalar, heç olmasa bunun bir fakt kimi mövcud olduğunu deyərdilər.
- İstefa verəndən sonra ölkəni tərk etməyiniz də birmənalı qarşılanmadı...
- Xarici ölkəyə getməyim şəxsi işlərimlə bağlı olub. Getdim gəzdim gəldim. Bunun kimə nə aidiyyatı var? Bu müddətdə ailəmin problemləri ilə məşğul olmuşam.
- İstefanızdan sonra Bakı Şəhər Baş Polis İdarəsində bir neçə vəzifəli şəxs işdən çıxarıldı. Bunu sizin kadrlarınızın vurulması kimi qiymətləndirmək olarmı?
- Bunlar hamısı boş söhbətlərdir. Doğrusu, bu məsələyə münasibət bildirmək istəmirəm. Hər şeyi camaat özü görür. Qoy orada işləyənlər öz münasibətini bildirsinlər. Vaxtilə hər şeyə münasibətimi bildirmişəm. Lazım olan vaxtda münasibətimi bildirəcəyəm. Mən sözümü bir dəfə demişəm, həmin sözün üstündə də dururam. Hərə özünə cavabdehdir. İşdən çıxarılanların hansının günahı olub-olmadığını qoy özləri desinlər. Kiminsə əvəzinə danışmaq düz deyil.
- Amma işdən çıxarılanların sizin yaxın ətrafınıza daxil olan insanlar olduğu deyilir...
- Bütün polis sistemi mənim ətrafımdır. İşlədiyim dövrdə hamıya eyni gözlə baxmışam. Heç kimə şəxsi münasibət bəsləməmişəm. Kim yaxşı işləyibsə, mükafatlandırmışıq, pis işləyibsə cəzalandırmışıq. Yəni işdən çıxanların filankəsin adamı kimi qələmə verilməyini düzgün saymıram.
- Vəzifənizdən istefa verəndən dərhal sonra Bakı Şəhər Baş Polis İdarəsində yoxlama keçirildi. Buna münasibətiniz necədir?
- Yoxlamadan sonra mənim haqqında bir kəlmə belə söz deyilməyib. Orada cəmi bir şey yazılıb ki, guya idarədə cüzi yeyintilər olub. Bəyəm bura zavoddur. Orada nə yeyinti ola bilər? Hamı məvaciblə işləyib. Məvacibdən başqa idarəyə hansı vəsait daxil olub ki, yeyinti də olsun? Başqa bir söhbət olmayıb. Bütün şəxsi heyət və cəmiyyət mənim necə işlədiyimi bilir. Sonuncu dəfə müsahibəmdə də, demişəm ki, vəzifədən alnı açıq gedirəm. Hərənin öz fikri var. Heç, vəzifədə olanda haqqımda yazılan dezinformasiyalara görə bir jurnalisti belə məhkəməyə verməmişəm. Belə yazı yazan jurnalistləri öz vicdanlarının mühakiməsinə buraxıram. İndiyə qədər barəmdə yazan heç bir jurnalistin cəzalandırılmasını istəməmişəm, bundan sonra da belə olacaq.
- Amma sizin iddialarınızın əksinə olaraq yoxlamaların nəticələri açıqlananda bəzi çatışmazlıqlar vurğulanmışdı...
- Adama səhv tutanda işlədiyi dövrdə hansısa cinayətləri aça bilməməsi, bu işlərdə səhlənkarlığı olması, cinayəti gizlətməsi, yaxud kimisə qanunsuz həbs etməsi kimi faktlar göstərilər. Bir dənə də belə fakt yoxdur.
- İstefanızdan bir aydan artıq vaxt keçib. O vaxt başqa işə keçməyinizlə bağlı istefa verdiyinizi söyləmişdiniz.
- Bəli, raportumun məzmunu haqqında demişdim ki, başqa işə keçməyimlə bağlı istefa verirəm. İndi hansı vəzifə təklif olunsa, baxıb qərar verəcəyəm. Bu tək məndən asılı deyil, yəqin ki, yaxın zamanlarda məsələ həllini tapacaq.
- Bu günə kimi Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə heç kim təyin edilməyib. Sizcə, bu postun boş qalması nə ilə bağlıdır?
- Mən işlədiyim vaxt Bakı polisinin çox böyük xidmətləri olub, paytaxta əmin-amanlıq hökm sürüb, baş verən hadisələrin qarşısı dərhal alınıb. Bu müddət ərzində cüzi səhlənkarlığa yol verənlər də olub. Hamıya işinə görə qiymət verilib. Şəhər polisi dövlətə, xalqa xidmət edib. Bu xidmət bu gün də davam etdirilir. Mənim yerimə kimi təyin olunacağına qarışmıram. Kim təyin olunacaqsa, gedib işini görəcək. Sadəcə, bu məsələni yaman çox şişirdiblər. Bu vaxta qədər çox böyük vəzifəli adamlar işdən gedib. Elə yazırlar ki, elə bil bu ölkədə başqa iş yoxdur. Mən bu yanaşma ilə razı deyiləm. Ölkədə qiymət veriləsi çox işlər görülüb axı. Heydər Əliyevin vaxtında da, elə indi də qiymətləndirməli işlər çox olub. Bu gün Azərbaycan prezidenti İlham Əliyev uğurlu daxili və xarici siyasət yürüdür, biz hamımız onun ətrafında olmayılıq. Son bir neçə ildə ölkədə 500 mindən artıq iş yeri açılıb, islahatlar aparılıb, daxili sabitlik hökm sürüb ki. Bu işlərdə paytaxt polisinin də xidməti olub. Azərbaycanda 1987-ci ildən 1993-94-cü illərə qədər olan dövrə nəzər salmaq lazımdır. İndiki vaxtla həmin dövrləri müqayisə edəndə nə qədər iş görüldüyünü hiss etmək mümkündür. Əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Mən hamıya, o cümlədən şər-böhtan yazana insanlara da haqq-ədaləti itirməməyə dəvət edirəm. Həyatda həmişə düzgünlük qalib gəlir. Mən həmişə belə olub qalib gəlmişəm. Başqaları da belə olsalar, daha yaxşı olar. Mənim haqqımda sifarişli yazan adamlara da Allahdan ağıl arzulayıram. Ölkənin rəhbəri həmişə mənim əməyimə qiymət verib, bu, indi də belədir.
- Mətbuatda tez-tez vurğulanan məsələlərdən biri də Sizin Ramil Usubova uduzmağınızla bağlıdır”¦
- Bu tamamilə yanlış fikirdir. Hər şeyin bir əvvəli olduğu kimi axırı da var. Burada uduzmaqdan söhbət gedə bilməz. Mən öz raportumla işdən çıxmışam. Hər şeyin zamana ehtiyacı var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR