Bank Of Baku

Metyu Brayza: “Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın enerji layihələrində əməkdaşlığı strateji xəritələri dəyişdirir”

Metyu Brayza: “Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın enerji layihələrində əməkdaşlığı strateji xəritələri dəyişdirir”
# 02 avqust 2007 16:43 (UTC +04:00)
Bu fikirləri Bakıda jurnalistlər üçün keçirdiyi brifinqdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza söyləyib. O, Azərbaycan və Yunanıstan hökumətlərini Azərbaycan qazının Yunanıstana nəqlinə dair saziş imzalamaları münasibətilə təbrik edib. Metyu Brayza bu sazişi Azərbaycanın beynəlxalq qaz satışı bazarına çıxışı kimi dəyərləndirib. Amerikalı diplomat ötən il qaz nəqlinə dair Türkiyə, Yunanıstan və İtaliya hökumətləri arasında müvafiq saziş imzalandığını xatırladaraq Azərbaycan qazının Avropaya birbaşa nəql ediləcəyini deyib: “Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın Bakı-Tiflis-Ceyhan və digər bu kimi layihələrlə bağlı on ildən çox davam edən əməkdaşlığı strateji xəritəni dəyişdirir. Bu, pozitiv məqamdır. Beynəlxalq bazarda qaz satışı ilə bağlı sağlam rəqabət mühiti yaranır və bu, hamı üçün, o cümlədən Rusiya üçün yaxşıdır. Bizim məqsədimiz sağlam rəqabətdir. Lakin biz rəqabət dedikdə Rusiya ilə qarşıdurmadan danışmırıq. Rəqabət mühitini qarşıdurma olmadan yaratmaq lazımdır”. Brayza Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığa dair əməkdaşlıq memorandumu imzalandığını xatırladıb: “Bu memorandum Azərbaycan və ABŞ-ın Xəzər qazını Avropaya nəql etmək üçün digər sahilyanı ölkələrlə əməkdaşlıq niyyətini təsdiqləyir. Türkmənistan qazının Avropaya nəqlinin bir neçə mümkün variantı var. Kommersiya nöqteyi-nəzərindən aşağıdakı ssenari mümkündür: “Türkmənistanda çıxarılan qaz Xəzər vasitəsilə Azərbaycana, oradan isə Türkiyə, Yunanıstan, İtaliya və NABUCCO layihəsi ölkələrin vasitəsilə beynəlxalq bazara çıxarılır. Bu qazın bir hissəsi şimala Rusiyaya, bir hissəsi isə şərqə - Çinə ötürülə bilər. Digər variant da mövcuddur türkmən qazını İrandan keçməklə Türkiyəyə çatdırmaq. Lakin mən bu variantı nə kommersiya, nə də coğrafi nöqteyi-nəzərdən dəyərli saymıram. Türkmən qazını İrandan keçməklə Türkiyəyə nəql etmək nəyə lazımdır? Bu, yalnız qazın qiymətini qaldıracaq”. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR