Bank Of Baku

Metyu Brayza: “Hər iki tərəf nəsə əldə etmək üçün nəyisə qurban verməlidir”

Metyu Brayza: “Hər iki tərəf nəsə əldə etmək üçün nəyisə qurban verməlidir”
# 02 avqust 2007 17:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza deyib. O bildirib ki, neçə ildir davam edən Minsk prosesinin dayanması utandırıcı olardı: “Biz hər iki ölkədə seçkilərə qədər olan vaxtdan istifadə edərək baza prinsiplərinin formalaşdırılmasını başa çatdırmalıyıq. Bu prinsiplər Helsinki Yekun Aktı çərçivəsində olmalı və tərəfləri münaqişənin dinc yolla həllinə aparmalıdır”. Həmsədrlərin son məsləhətləşmələrinə toxunan M. Brayza deyib ki, həmkarları Peterburq görüşündən sonra ortaya çıxan maraqlı ideyalar irəli sürüblər. Onun sözlərinə görə, prosesdə bir neçə mürəkkəb məqam var ki, bunların həlli üçün prezidentlərin qərarı lazımdır: “Minsk Qrupu yalnız təklif irəli sürə bilər. Qərarı tərəflər verməlidir”. Ziyalıların Dağlıq Qarabağa səfərinə toxunan amerikalı həmsədr bunu yaxşı nümunə adlandırıb. O, ümid etdiyini bildirib ki, bu cür səfərlər getdikcə daha çox olacaq: “Məsələ həll olunduqdan sonra xalqlar birlikdə yaşamalı, ünsiyyət qurmalıdır. İndi buna başlamağın vaxtıdır”. Həmsədrlərin Dağlıq Qarabağa Azərbaycan vasitəsilə getməsinə gəlincə, M. Brayza bunun texniki məsələ olduğunu söyləyərək təhlükəsizlik üzrə ekspertlərlə məsləhətləşməyin vacibliyini vurğulayıb. Amerikalı həmsədr bir daha bəyan edib ki, Minsk Qrupunun üzvləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Ərazi bütövlüyü Helsinki Aktında əksini tapan prinsiplərdən biridir. Digər iki prinsip isə gücdən istifadə etməmək və müstəqillik yox, öz müqəddəratını təyinetmədir. Öz müqəddəratını təyinetmə çox şeyi ehtiva edə bilər. Bizim hamımız liderlər, həmsədrlər, xalqlar üçün çətinlik odur ki, bu məsələlər üzrə kompromis tapmalıyıq. Amma mən inanıram ki, kompromis tapmaq mümkündür. Biz buna yaxınıq”. M. Brayza əlavə edib ki, hər iki tərəf nəsə əldə etmək üçün nəyisə qurban verməlidir. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR