Bank Of Baku

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova sui-qəsd etmək istəyən şəxslər saxlanılıb

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova sui-qəsd etmək istəyən şəxslər saxlanılıb
# 03 avqust 2007 14:27 (UTC +04:00)
MTN ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, Abşeron rayon sakini, 1977-ci il təvəllüdlü Elman Əliyevin Sumqayıt şəhərindəki mənzilinə və Saray qəsəbəsindəki həyət evinə baxış zamanı narkotik vasitələr olan 1 kq heroin, 70 qr tiryək, habelə 6 ədəd saxta 100-lük ABŞ dolları əskinası , “Makarov” markalı tapança üçün patronlar, Sumqayıt Şəhər sakini, 1965-ci il təvəllüdlü Əzizağa Mehdiyevin üzərindən isə 2 ədəd 100-lük ABŞ dolları əskinası aşkarlanaraq götürülüb. İstintaq-əməliyyat tədbirləri nəticəsində Ə. Mehdiyevdən satış məqsədi ilə 6 ədəd saxta 100-lük ABŞ dolları əskinası almış Maştağa sakini, 1972-ci il təvəllüdlü Tərqulu Məmmədov, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi polkovnik Azad Quliyev saxlanılıblar. A. Quliyevin Saray qəsəbəsindəki evində aparılan axtarış zamanı 10 ədəd 100-lük ABŞ dolları əskinası və 100 qramdan artıq heroin aşkarlanır. Fakt üzrə MTN İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin qaçaqmalçılığı, satışı, daşınması və saxlanması), 204.1-ci (saxta pul əskinaslarının satışı) və 228.1-ci (döyüş sursatlarının qanunsuz olaraq əldə edilməsi və saxlanıması) maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Sumqayıt sakini 1955-ci il təvəllüdlü Arif Aslanovla Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə xidməti fəaliyyəti ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Zakir Fərəcov arasında mübahisəli vəziyyət yaranıb. 2005-ci ilin noyabrın sonları-dekabrın əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A. Aslanov tanışı, Quba rayon sakini, 1951-ci təvəllüdlü, yerli əhali arasında Əzizağa kimi tanınan Məmmədhəsən Ağayevə bu barədə sifariş edib və 60 min ABŞ dolları vəd edərək əvvəlcədən bu məbləğin 40 min dollarını verib. Sui-qəsd etməyə sifariş alan M.Ağayev Z.Fərəcov ətrafında müşahidələr apararaq onun hərəkət marşrutunu, yaşadığı evi müəyyənləşdirib, sui-qəsd məqsədi ilə istifadə üçün odlu silah əldə etməyə çalışıb. O, görüləcək işin müqabilində A.Aslanovdan əlavə daha 40 min dollar tələb edib. Ancaq onun əlavə məbləğdə pulu verməkdən imtina etməsi səbəbindən Z.Fərəcova qarşı terror aktı baş tutmayıb. Təqsirləndirilən şəxs A.Aslanov ittiham olunduğu cinayətin törədilməsi halları barədə ətraflı ifadələr verərək yuxarıda qeyd olunanları təsdiq edib və özünün təqsirli bilib. İstintaqla müəyyən edilib ki, A.Aslanov Z.Fərəcova sui-qəsd etməsi üçün M.Ağayeva sifariş verməsi barədə bir müddət keçəndən sonra A.Quliyevə məlumat verib. Bundan başqa məlum olub ki, M.Ağayev terror aktı üçün qəbul etdiyi həmin puldan 23 min dollara özü üçün maşın alıb. Lakin A.Aslanov terror aktı barədə sifarişini yerinə yetirmədiyi üçün M.Ağayevdən pulunu geri istəyib. M.Ağayev isə müxtəlif bəhanələr gətirərək həmin məbləğin yalnız 4 min dollarını qaytarıb. Bu hərəkətlərə görə, A.Asalnov və M.Ağayev Cinayət Məcəlləsinin 29, 277-ci (dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR